• cümə, 29 Mart, 09:01
  • Baku Bakı 5°C

Kənd təsərrüfatında maliyyə savadlılığının artırılması

13.07.17 11:14 797
Kənd təsərrüfatında maliyyə savadlılığının artırılması
Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 2017-ci il 20 iyun tarixində Azərbaycanın baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə növbəti iclası keçirilmişdi.
Şuranın Katibliyindən Trend-ə verilən məlumata görə, iclasda "Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 11 aprel 2017-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin "Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfin reallaşdırılmasını nəzərdə tutan prioritetlərdə göstərilən tədbirlərin əhatə edildiyi geniş tədbirlər planı müzakirə olunub.
Tədbirlər planı Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələrindən təşkil olunmuş işçi qrupu tərəfindən birgə hazırlanıb, həmçinin beynəlxalq maliyyə qurumlarının texniki yardım çərçivəsində hazırladığı sənədlərdən istifadə edilib.
Planda kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, sektora innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sektora təsir edən risklərin idarə olunması, aqrar sığortanın inkişaf etdirilməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması və s. konkret tədbirlər nəzərdə tutulub.
Müzakirələr zamanı bildirilib ki, hazırlanmış tədbirlər planının reallaşdırılması kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə və son nəticədə aqrar sahəyə investisiya qoyuluşlarının təşviqinə imkan verəcək.
Təqdim olunan tədbirlər planı layihəsi ümumilikdə qəbul olunmuş və Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, aparılmış müzakirələrin nəticələri, verilmiş rəy və təkliflər nəzərə alınmaqla, yekun variant hazırlansın və Maliyyə Sabitliyi Şurasının növbəti müzakirəsinə təqdim edilsin.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yenidən işlənilərək təkmilləşdirilmiş və müvafiq dövlət qurumları ilə razılaşdırılmış tədbirlər planının son variantı 10 iyul 2017-ci il tarixində Maliyyə Sabitliyi Şurasının növbəti toplantısında təsdiq olunub.
Tədbirlər planın növbəti mərhələdə nə vəd etdiyini, bu istiqamətdə hansı işlərin görülə biləcəyini öyrənməyə çalışdıq.

Əgər ixrac potensialımızı artırmaq istəyiriksə...
Millət vəkili Vahid Əhmədov bildirdi ki, son dövrlər kənd təsərrüfatına diqqət böyükdür: "Cənab prezident həmişə istənilən yardım dəstəyini göstərir. Çünki bizim əsas ixrac məhsulumuz kənd təsərrüfatı mallarıdır. Ona görə bu sahə bizim üçün əhəmiyyətlidir. Fikir veribsinizsə, son dövrlər kənd təsərrüfatı ilə bağlı nə qədər tədbirlər həyata keçirilir. Əgər ixrac potensialımızı artırmaq istəyiriksə bu sahənin inkişafına xüsusi diqqət ayırmalıyıq. Biz daim çalışırıq ki, ixracda kənd təsərrüfatı mallarının payı daha da artsın. Çünki qeyri-neft sektorunun əsas qolu sayılır və işlək əhalinin 38 faizi bu sahədə çalışır. Kənd təsərrüfatı istehsalçıları üçün münbit şərait yaratmaq lazımdır ki, istehsal artsın. Onların texnika ilə təmin olunmasında bir problem olmamalıdır”.
Millət vəkili aqrar sənayeyə investisiya cəlb edilməsindən də danışdı: "Aqrar sənaye isə bir az daha ciddi sahədir. Çünki məhsulun son həddə çatdırılması, ixracın artırılması üçün aqrar sənayenin inkişafı olduqca vacibdir. İstər pambıq, istər tütün, istərsə də barama istehsalı olsun. Bunları son məhsula çatdırmaq üçün kənd təsərrüfat sənayesi inkişaf etdirilməlidir. Mən belə hesab edirəm ki, işlər ləng gedir, bunu sürətləndirməyə böyük ehtiyac var. İnvestisiya cəlb etmək üçün daxildə şəraiti elə qurmaq lazımdır ki, investorlar Azərbaycana sərmayə qoymaq istəsinlər. Bank sistemində problem olmamalıdır. Digər tərəfdən, yerli icra hakimiyyət orqanları da bu işlə məşğul olmalıdırlar”.

Burada məqsəd ondan ibarətdir ki...

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, maliyyə savadlılığının artırılmasında məqsəd kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsidir: "Bildiyimiz kimi, kənd təsərrüfatı sahəsində əsasən region əhalisi çalışır. Əksəriyyəti də qeyri-peşəkar şəkildə və ailə təsərrüfat formasında məşğul olurlar. Çünki Azərbaycan kənd təsərrüfatı iqtisadiyyatının 90 faizini məhz ailə təsərrüfatları təşkil edir. Eyni zamanda, kiçik sahibkarlıq subyektləri də bu sferada daha çox fəaliyyət göstərirlər. Bu sadalanan qruplar öz fəaliyyətlərini peşəkar şəkildə təşkil etməkdə çətinlik çəkirlər. Bunun da əsas səbəbi bu sahədə az məlumatlı olmalarıdır. Həmçinin onların maarifləndirilməsi istiqamətində aparılan işlərin də qənaətbəxş olmamasıdır. Burada məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlıq subyekti bilsin ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hansı imkanlar var, hansı maliyyə imkanlarına çıxış əldə edə bilərlər. Misal üçün, sahibkarlar üçün milli fondun vəsaitlərindən istifadə etmək, aşağı faizli kredit almaq və yaxud aqrar kredit təşkilatından vəsait almaq üçün nə etmək lazımdır. Həm bu qurumlar haqqında məlumatlı olur, həm də həmin qurumların imkanlarında yararlanmaq haqqında bilgi əldə edir. Nəzərə almaq lazımdır ki, aqrar sektorla bağlı hazırlanan son strategiyada kreditlərin zəmanət fondunun yaradılması, dövlət vəsaiti hesabına kənd təsərrüfatında sığorta fondunun yaradılması və s. bu kimi imkanlar da nəzərdə tutulur. Gələcəkdə hər bir yeni yaranan imkanlardan istifadə etmək üçün ilk olaraq bunlar haqqında məlumatlı olmaq lazımdır”.

İşin bu şəkildə təşkil edilməsi daha effektli nəticələrin əldə olunmasına gətirib çıxardar

Ekspert maarifləndirmə işindən də danışdı: "Nəzərə almaq lazımdır ki, ölkəmizdə əhalinin 36 faizi kənd təsərrüfatında çalışır. Bu sferanın genişliyini nəzərə alsaq, onda görərik ki, fərdi şəkildə maarifləndirmə tədbirlərini həyata keçirmək çətin olar. Eyni zamanda, bunun təşkili də mümkün deyil. Çünki regionlardakı insanların bu kimi tədbirlərə marağı aşağı səviyyədədir, digər tərəfdən, onları eyni vaxtda bir yerə yığmaq və s. bu kimi problemlər də yaranır. Amma daha yaxşı olar ki, maarifləndirmə işi kütləvi informasiya vasitələri ilə həyata keçirilsin. Xüsusilə də bölgələrdə insanların üstünlük verdiyi televiziya proqramları bu işdə böyük rol oynayır. İşin bu şəkildə təşkil edilməsi daha effektli nəticələrin əldə olunmasına gətirib çıxardar, eyni zamanda, yararlanma dairəsini genişləndirər. Amma çox təəssüf ki, televiziyalar kommersiya baxımından bu kimi verilişlərin efirə getməsində maraqlı olmur. Bu halların aradan qaldırılması üçün də müəyyən qədər dövlət vəsaiti ayrıla bilər və həmin vəsaitlər hesabına xüsusi maarifləndirici proqramların hazırlanması kütləvi maarifləndirmə işini yerinə yetirər”.
R. Həsənov bunu da əlavə etdi ki, Azərbaycanda kənd təsərrüfatının ən böyük problemi ondan ibarətdir ki, riskli sahə olmasına görə, sferada sığorta fəaliyyəti demək olar ki, yoxdur: "Kənd təsərrüfatının ümumi fəaliyyətinin cəmi 5 faizi həcmində sığortalanma var. Burada bir sıra səbəblər var. İlk səbəb odur ki, sfera çox risklidir və özəl sektorda fəaliyyət göstərən sığorta şirkətləri bu sahədə sığortaya maraqlı deyillər. Hansısa sığorta şirkəti bu sahəyə maraq göstərdikdə belə, onlar sığorta məbləğini yüksək faizlə müəyyənləşdirirlər. Bu da faktiki olaraq kənd təsərrüfatında çalışanlara bu sığortadan yararlanmağa imkan vermir. Yaxşı olar ki, dövlət bu yükü öz üzərinə götürsün və xüsusi fond yaradılsın. Bu fonda dövlət büdcəsindən ayırmalar edilsin. Gələcəkdə isə aqrar sahədə fəaliyyət göstərən hüquqi subyektlərin həcminin artması artıq özəl sığorta sisteminin də bu sahəyə marağını artıracaq. Zaman keçdikcə isə bu, dövlətin üzərindən özəl sektorun üzərinə keçməsinə şərait yarada bilər. İnvestorların da bu sahəyə sərmayə qoymasına təkan verəcək”.
Günel Azadə
banner

Oxşar Xəbərlər