• cümə, 29 Mart, 03:12
  • Baku Bakı 7°C

Kənd təsərrüfatında kadr qıtlığı

12.08.17 11:00 2057
Kənd  təsərrüfatında kadr qıtlığı
Kənd təsərrüfatı iqtisadiyyatın qeyri-neft sektorunda özünə məxsus yeri olan sahədir. Bu sahənin dünəninə və bu gününə nəzər salsaq, aradakı ciddi fərqi görmək olar. Hazırda bu sahə üzrə ixtisaslı kadr azlığı hökm sürür. Belə ki, artıq neçə ildir kənd təsərrüfatının inkişafına dövlət səviyyəsində nəzarət edilsə də, bu sahəyə maraq aşağı səviyyədədir. Sahənin inkişafı üçün bir sıra strategiyalar təsdiqlənir, fermerlərə kreditlər verilir, müəyyən güzəştlər edilir. Amma buna baxmayaraq, bu və ya digər tədbirlərin həyata keçirilməsi mövcud olan problemi aradan qaldırmır. Problem isə bu sahədə mütəxəssis çatışmazlığıdır. Maraqlıdır, nəyə görə gənc nəsil aqronomluq ixtisasını seçmir? Universitetə hazırlaşan hansı gəncə yaxınlaşırsan, ya kompüter mühəndisliyi, ya biznes, marketinqi, ya da turizm ixtisası üzrə oxumaq istədiyini deyir. Hamı biznesmen, kompüter mühəndisi, hüquqşünas, həkim olmaq istəyir. Amma könüllü şəkildə aqronom olmaq istəyən yoxdur. Bu da kənd təsərrüfatının inkişafına təsir göstərir. Təbii ki, gənc nəsil bu sahəni seçsə, yeni fikir və ideyalarla sahəni yetərincə irəliyə apara bilər. Çünki hər bir sahədə olduğu kimi, kənd təsərrüfatında da yeni nəfəsə, işini sevərək görən gənc kadrlaraa ehtiyac böyükdür. Qeyri-neft sektoruna gənclərdə maraq yaratmaq, onları bu kimi sahələrə cəlb etmək lazımdır.
Kənd təsərrüfatı üzrə ekspert Qadir İbrahimlibildirir ki, bu gün kənd təsərrüfatında kadr azlığının səbəbi torpaqların özəlləşdirilməsi ilə əlaqədardır: "Kənd təsərrüfatı elə bir sektordur ki, digər sahələrlə müqayisədə, bu sahənin kadrları həmin sahə üzrə daha bilikli, ixtisaslı olmalıdır. Tutaq ki, taxılçılığı götürək. Fermer təsərrüfatlarına aqrotexniki xidmət göstərmək, buğdanın çeşidlərini seçmək, hesablamaq və s. bu kimi qaydalara əməl etmək kadr hazırlığı tələb edir. Yəni təsadüfi adamlar bu sahədə baş çıxarda bilməz. Bu sahədə çalışanlardan xüsusi bilik və bacarıq tələb olunur. Amma təəssüflər olsun ki, son illər kənd təsərrüfatı kadrlarına maraq azalıb. Bu torpaqların özəlləşdirilməsi ilə bağlıdır. Bu sahəni tənzimləməli olan dövlət qurumu da məsələyə bir qədər peşəkar yanaşmadı. Bu da kənd təsərrüfatı üzrə kadr böhranına gətirib çıxartdı. Düzdür, bu kadr qıtlığını aradan qaldırmaq üçün Gəncdə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti var. Hansı ki, həmin təhsil ocağının işi sırf bu sahə üzrə mütəxəssislərin yetişdirilməsidir. Amma düşünürəm ki, bu gün üçün həmin universitet öz işinə yenidən baxmalı, müasir tələblərə cavab verən kadr hazırlamalıdır. Sovet dövründə planlı fəaliyyət göstərirdilər. İndi artıq planlı yox, bazara uyğun, adekvat fəaliyyət göstərməlidirlər. Mənə belə gəlir ki, yaxın illərdə ölkəmizdə tütünçülük, pambıqçılıq, üzümçülük və digər bu kimi sahələrdə kadr hazırlığına xüsusi fikir verilməli və hazırlanmış kadrın fəaliyyət göstərməsi üçün universitetlə iri təsərrüfatlar arasında sıx əlaqə yaradılmalıdır. Bu zaman kənd təsərrüfatı sahəsi yetərincə inkişaf etmiş sahəyə çevrilər.
Müsahibimizdən gənclərin bu sahəyə olan marağının az olmasının səbəbini də soruşduq: "Bunun səbəbi bayaq da qeyd etdiyim kimi, torpaqların özəlləşdirilməsidir. Əvvəllər torpaqlar dövlət mülkiyyəti idi. Kadrlar təyinat alırdılar. İndi isə hamısı özəl təsərrüfatdır. Əvvəlki münasibətlər sistemi qırılıb. Ancaq yeni münasibətlər sistemi formalaşmalıdır. Gənclər gəlirin yüksək olduğu ixtisasları seçirlər. Hələlik onlar kənd təsərrüfatının gələcəyini görmürlər. Bu, bir-iki ilə həll olunacaq məsələ deyil. Fermer təsərrüfatları formalaşmalı, ixtisaslaşma getməlidir”.
Ekspert təhsil ocaqlarının səviyyəsi məsələsinə də toxundu: "Sovet dövründə bu məsələ daha yaxşı tənzimlənirdi. Çünki bəzi rayonlarda kənd təsərrüfatı kollecləri var idi. Düşünürəm ki, həmin təhsil müəssisələrini yenidən yaratmaq faydalı olar. Bu zaman hansı rayonda nəyə ehtiyac olduğunu bilmək lazımdır. Tutaq ki, cənub bölgəsində meyvə-tərəvəzçiliklə, çayçılıqla bağlı kadra, aran zonasında isə heyvandarlıqla bağlı kadra ehtiyac var. Yəni qısaca hər regionun öz xarakterinə uyğun kadr tələb olunur”.
İqtisadçı ekspert Könül Nuriyeva deyir ki, dövrün tələbinə uyğun olaraq, yeni texnika və texnologiyaların tətbiqi bu sahəyə müsbət təsir göstərər: "Ölkəmizin ilk olaraq qarşıya qoyduğu məqsədlər makroiqtisadi sabitliyin qorunması, enerji, ekoloji təhlükəsizliyin yaradılması, yoxsulluğun azaldılması, ərzaq təminatının artırılmasından ibarətdir. Neft erası bitdikdən sonra qeyri-neft sektorunu inkişaf etdirmək məcburiyyətində qaldıq. Qeyri-neft sektorunun inkişaf etdirilməsində ən böyük pay kənd təsərrüfatının üzərinə düşür. Təəssüflər olsun ki, bu gün bu sahədə kadr azlığıdır. Bunun da bəlli səbəbləri var. Azərbaycanda kənd təsərrüfatının ən inkişaf etmiş vaxtı 70-80-ci illərə düşür. Sovet dövründə xalqların təsərrüfat bölgüsü deyilən bir sistem var idi. Yəni hər ölkəyə fərqli bir sahə düşürdü. Bu zaman Azərbaycanın payına üzümçülük, pambıqçılıq, baramaçılıq, tütünçülük və s. düşürdü. Ondan sonra neft sektoru inkişaf etdiyinə görə əhalinin məşğulluq fəaliyyəti bu sahəyə yönəldi və kənd təsərrüfatına maraq azaldı. Amma son dövrlər baş verən bəzi iqtisadi proseslərdən sonra artıq ölkəmizdə bu sahənin inkişaf etdirilməsinə zərurət yarandı. Bununla bağlı 2008-2015-ci illərdə Azərbaycan Respublikasının əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı ilə bağlı Dövlət Proqramı qəbul olundu. Eləcə də ötən il Sabirabad şəhərində pambıqçılığın inkişafına dair ümumrespublika müşavirəsi keçirildi. Həmin müşavirədə prezident qeyd etdi ki, kənd təsərrüfatının inkişafına xüsusi fikir verilməlidir. Hətta belə bir fikir də bildirdi ki, bir qarış da olsun əkilməmiş torpaq qalmamalıdır. Bunun da nəticəsi özünü göstərdi. Bu gün Azərbaycan özünü kənd təsərrüfatı malları ilə təmin edə bilir. Ümumiyyətlə, bu sahədə yeni texnika və texnologiyaların tətbiqi, investisiyaların yatırılması kənd təsərrüfatının inkişafına müsbət təsir göstərə bilər”.
K. Nuriyeva aqronomluq ixtisasına olan maraqdan da danışdı: "Mən düşünmürəm ki, bu peşəyə maraq yoxdur. Son illər kənd təsərrüfatına diqqətin artırılması bu ixtisasa olan marağa təsir edib. Məncə, bu sahəni universitetlərdə prioritet sahəyə çevirməklə, gənclərdə həvəs yaratmaq lazımdır. Bu bir az da təbliğatdan asılıdır. Gənclər arasında təbliğat işi aparılmalıdır. Hamıya bəlli məsələdir ki, artıq neftin dövrü bitib. Qeyri-neft sektoru kimi kənd təsərrüfatı çox lazımlı sahədir. Həmin sahə üzrə bizdə ciddi şəkildə ixtisaslı kadrlara ehtiyac var. Hazırkı dövr üçün ixtisas seçimi edən abituriyentlər bunları nəzərə almalıdırlar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər