• cümə axşamı, 28 mart, 16:04
  • Baku Bakı 16°C

Kənd təsərrüfatı məhsullarının istehsalı 4% artıb

17.11.17 11:15 2594
Kənd təsərrüfatı məhsullarının istehsalı 4% artıb
2017-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,780 mlrd. manat təşkil edib ki, onun da 2 mlrd. 929,1 mln. manatı heyvandarlıq, 2 mlrd. 850,9 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,3% artıb.
Ölkədə kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir və yanvar-oktyabr aylarında dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,96%-i, yaxud 940,4 min hektarı biçilib və həmin sahələrdən 2 mln. 691,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 34,9 min hektar dən üçün qarğıdalı sahəsindən 220,2 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 63,1 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 mln. 911,3 min ton olub.
2017-ci il yanvar-oktyabr aylarında tarlalardan 885,9 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 0,7% çox kartof, 1 mln. 316,6 min ton (9,2% çox) tərəvəz, 437,4 min ton (5,8% az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 11 sentner, tərəvəz üzrə 27 sentner, bostan məhsulları üzrə 11 sentner artmış və uyğun olaraq 151, 191 və 187 sentner olub.
2017-ci ildə 136,4 min hektar sahədə pambıq, 14,9 min hektar sahədə dən üçün günəbaxan, 14,1 min hektar sahədə şəkər çuğunduru və 3,2 min hektar sahədə tütün əkilib. Yanvar-oktyabr aylarında həmin sahələrdən 154,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox pambıq, 29,9 min ton (74,9% çox) dən üçün günəbaxan, 275,7 min ton (2,4 dəfə çox) şəkər çuğunduru və 4,5 min ton (31,2% çox) tütün yarpağı yığılıb.
Hesabat dövrünə 720 min ton (4,2% çox) meyvə və giləmeyvə, 135,6 min ton (8,8% çox) üzüm, 702,9 ton (28,6% az) yaşıl çay yarpağı toplanıb.
Təsərrüfatlarda 2018-ci ilin məhsulu üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 781,5 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 455,6 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ümumi əkinin 290 min hektarı və ya 63,7%-i buğda, 162,4 min hektarı və ya 35,6%-i arpa əkinləridir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,4% artaraq 405,2 min ton, süd istehsalı 0,6% artaraq 1 mln. 682,8 min ton, yumurta istehsalı 7,5% artaraq 1 mlrd. 446,6 mln. ədəd, yun istehsalı isə 4% azalaraq 15,8 min ton olub. Bundan başqa, ölkədə 245,2 ton barama istehsal olunub.
banner

Oxşar Xəbərlər