• cümə, 29 Mart, 18:32
  • Baku Bakı 14°C

Kənd təsərrüfatı istehsalı ilə məşğul olan istehsalçılarla görüş keçirilib

19.05.17 19:25 1631
Kənd təsərrüfatı istehsalı ilə məşğul olan istehsalçılarla görüş keçirilib
Bu gün Bakı Ekspo Mərkəzində "CASPİAN AQRO-2017” 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşkilatçılığı ilə kənd təsərrüfatı istehsalı ilə məşğul olan istehsalçıların və şirkətlərin işgüzar görüşü keçirilib. Görüşdə Səhmdar Cəmiyyətin xarici tərəfdaşları- Rusiyanın "Evroxim” və Çinin "YTO GROUP” dövlət koorporasiyası iştirak edib.
Görüşü giriş sözü ilə açan Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının ciddi inkişafına səbəb olub. Bütün ölkə miqyasında torpağa qayıdış başlayıb.Lakin mədəni əkinçilik prinsiplərinin bərqərar olmasında, məhsuldarlıq göstəricilərinin yüksəldilməsi son dərəcə vacibdir. Bunun üçün fermerlər müasir texnologiyalardan istifadə etməli, torpağı münbitləşdirən, məhsuldarlığı yüksəldən mineral gübrələrdən normativlər çərçivəsində istifadə etməlidirlər. Bütün dünya ölkələrində suda tez həll olan, üzvi xarakter daşıyan mineral gübrələr əkinlərə tətbiq olunur. "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC gübrə istehsalı sahəsində qabaqcıl xarici şirkətlərlə əməkdaşlıq edərək həmin gübrələrin ölkəmizin əkin sahələrində tətbiq edilməsinə çalışır.
Konfransda çıxış edən Rusiyanın "Evroxim” şirkətinin nümayəndəsi Vladislav Udovçenko təqdimatla çıxış edərək suda tez həll olan mineral gübrələrin texniki göstəricilərini, bitkinin vegetasiyasına müsbət təsiri haqda danışdı. Bildirdi ki, bitkinin məhsuldarlıq göstəricilərinin yüksəldilməsində birbaşa rol oynayan mineral gübrələr bu gün davamlı məhsul əldə olunmasında ən mühüm vasitədir. Azərbaycanda fermerlər bir neçə adda gübrələrdən istifadə edirlər, bunların sayı daha da artırıla, bununlada intensiv əkinlərin genişləndirilməsi təmin oluna bilər. Çıxış edən "Evroxim” şirkətinin digər nümayəndələri konfransda iştirak edən yerli fermerlərimiz üçün təqdimatlar keçirərək onlara suda tez həll olan, ekologiyaya mənfi təsir göstərməyən mineral gübrələrin, digər bitkiçilik dərmanlarının texniki göstəricilərini nümayiş etdirdilər.
Konfransda texniki təminat, konsaltinq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri çıxış edərək Azərbaycanda həyata keçirilən aqrar islahatları yüksək qiymətləndirdilər və əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər.
Konfransa yekun vuran "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH-nin sədr müavini Elşən Əsədov dövlət başçısının tapşırıqları əsasında son vaxtlar fermerlərə avans verilməsindən, aqrar sektorda məsləhət-informasiya xidmətlərinin göstərilməsindən söz açdı. Bildirdi ki, Səhmdar Cəmiyyət dünya təcrübəsində tətbiq olunan mineral gübrələrin ölkəyə gətirilərək yerli fermerlərə güzəştli qiymətlər əsasında satılmasını təmin etməyi planlaşdırır. Bu addım ev təsərrüfatlarının inkişafına ciddi təkan verəcək, kiçik təsərrüfatlarda məhsul istehsalının artması ilə yanaşı, keyfiyyət göstəricilərinində yüksəlməsinə səbəb olacaq.
Müzakirədə fermerləri maraqlandıran çoxsaylı suallar cavablandırıldı.
"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC fermerlər üçün maarifləndirici görüşlərin keçirilməsini davam etdirəcək
banner

Oxşar Xəbərlər