• cümə axşamı, 25 aprel, 05:45
  • Baku Bakı 19°C

Kəmiyyət artıb, bəs keyfiyyət?

19.10.17 11:30 3780
Kəmiyyət artıb, bəs keyfiyyət?
Turizm son zamanlar inkişafdadır. Dünyanın bir sıra ölkələrindən turistlərin gəlməsi Azərbaycanın dünya miqyasında tanınmasına əhəmiyyətli təsir göstərir. Hazırkı vəziyyətdə turizm qeyri-neft sektorunun ən aktiv sahədir desək, yanılmarıq. Sahənin aktivliyi ona olan tələbatı artırır. Və bu aktivliyin daimiliyinə nail olmaq üçün tələbi ödəyən təkliflər irəli sürülməlidir. Bu işdə isə turizm şirkətlərinin rolu danılmazdır.
Bu ilin 9 ayı ərzində Azərbaycanda daxili və xarici turistlərin sayı 3,5 milyon nəfər olub. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.
N.Səmədov bildirib ki, bu ilin ilk 8 ayı ərzində xarici vətəndaşlar ölkədə bank kartları vasitəsilə 703 milyon manat ödəyiblər. Ötən il ərzində isə bu məbləğ 603 milyon manat təşkil edib. Ümumi hesablamalara görə, xarici vətəndaşlar ölkədə ümumilikdə 1,3 milyard manat xərcləyiblər.
Nazir müavini əlavə edib ki, Azərbaycanda turizm şirkətlərinin sayı fantastik həddə çatıb: "Ölkədə 1441 turizm şirkəti qeydiyyatdan keçib".
Maraqlıdır turizm şirkətlərinin bu qədər artdığı bir zamanda keyfiyyət göstəriciləri hansı səviyyədədir?
Müştəri məmnuniyyəti ön planda olmalıdır
Turizm üzrə ekspert Rüfət Məmmədov bildirir ki, turizm şirkətlərinin gəlmə (incoming) turizmin inkişafında rolu böyükdür: "Ölkənin beynəlxalq turizm bazarında tanıdılması məhz həmin şirkətlərin vasitəsi ilə həyata keçirilir. Son iki ildə Azərbaycan gəlmə turizmi üçün daha da əlverişli olub. Bu istiqamətdə ölkəmizə turistlərin cəlb edilməsində səyahət şirkətləri və tur operatorlarının üzərinə böyük yük düşür. Onların fəaliyyətləri nəticəsində Azərbaycan beynəlxalq turizm marşrutunda vacib ölkəyə çevrilib. Bu da turizm ilə məşğul olan müəssisələr üçün perspektivlidir. Rəsmi statistikaya nəzər salsaq Azərbaycanda 2016-cı ildə 272 səyahət şirkəti və tur operator fəaliyyət göstərib. Təbiidir ki, ötən illərə nəzər salsaq, bu rəqəm artmaqda davam edir. Çünki digər sahələrə nəzərən səyahət şirkətinin fəaliyyətə başlaması az kapital tələb edir. Az miqdarda sərmayəyə sahib olan sahibkarlar üçün bu sahə daha cəzbedici olur. Lakin unutmamaq lazımdır ki, turizm bir xidmət sektorudur və bu sektorda müştəri məmnuniyyəti ön plandadır”.
Səyahət şirkətləri davamlı inkişafa nail olmaq istəyirlərsə...
Ekspert hesab edir ki, turizm şirkətləri ilk olaraq xidmətin keyfiyyətinə diqqət etməlidirlər: "Keyfiyyətli xidmətə etibarlılıq, nəzakət, kommunikasiya, təhlükəsizlik, müştərini başa düşmək, fiziki sübutlar, əlçatanlıq, qarşılıq vermək və s. kimi amillər daxildir. Bu amilləri nəzərə alaraq öz fəaliyyətini təşkil edən səyahət şirkətləri müştərilərini daim məmnun edəcək. Təbiidir ki, yuxarıda sadalanan amilləri yerinə yetirmək üçün keyfiyyətli işçilərə ehtiyac var. O da məlumdur ki, turizm sahəsi mövsümü xarakter daşıyır. Bu da qəbul edilmiş işçilərin mövsümü olaraq işə alınmasına səbəb olur. Lakin həmin işçilər mövsümündən asılı olmayaraq təlimləndirilməlidirlər. Təlimlər isə əsasən müştəri ilə necə ünsiyyət qurulmalıdır, müştəri məmnuniyyəti, narazı müştəri, ortaya çıxan problemlərin ən qısa vaxtda müştərini narazı salmayacaq şəkildə həll edilməsi kimi vacib məsələləri əhatə etməlidir. Xidmət keyfiyyətinin səviyyəsi səyahət şirkətinin bazar payı, xitab etdiyi bazar seqmenti və öz strukturundan asılıdır. Bəzi səyahət şirkətləri sadəcə, xarici turistlərə bilet satmaqla məşğuldur. Digərləri yalnız turların təşkili istiqamətində fəaliyyət göstərir. Burada əsas məqam odur ki, biz artıq dünya turizm bazarına daxil olmuşuq. Səyahət şirkətləri davamlı inkişafa nail olmaq istəyirlərsə, fəaliyyət spektrlərini genişləndirməli və bazar paylarını artırmalıdırlar. Bu da yalnız və yalnız sadalanan amilləri nəzərə alaraq keyfiyyətli xidmət təqdim etməklə mümkündür”.
Devalvasiya turizmi canlandırdı
İqtisadçı Rəşad Həsənov turizm sektoruna sahibkarların marağının artdığını deyir : "Bir neçə il bundan əvvəl ilə bu günü müqayisə edəndə həqiqətən də turizm sektorunda həm sahibkarların peşəkarlığı, həm də göstərilən xidmətlərin keyfiyyəti və infrastruktur baxımından mühüm irəliləyişlər əldə olunduğu danılmaz faktdır. Amma potensiala uyğun göstəricilərə nail ola bilmişikmi? İndi əsas müzakirə mövzusu bu olmalıdır. Azərbaycanın turizm imkanları kifayət qədər genişdir. Lakin təəssüflər olsun ki, bəzi hallarda bu sahədə də müəyyən neqativ hallar müşahidə olunur. Turizm 2014-cü ildən hökumətin diqqət mərkəzinə gəldi. Sektorun aktivliyini artırmaqla ölkəyə daxil olan valyutanın həcmini artırmaq olar. Ona görə xidmət sektoru olaraq turizm şirkətlərinin rolu böyükdür. Manatın dəyərsizləşməsi müəyyən qədər bu sahədə canlanmaya səbəb olub. Nəticədə sektora sahibkarların da marağı artıb. Keyfiyyət məsələsinə gəlincə isə, nəticələr yüksək deyil, amma ilbəil müəyyən qədər inkişaf hiss edilir”.
Bazarın keyfiyyət tələbini ödəməyənlər ələnib gedəcək
Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov prezidentin lisenziya ilə bağlı qərarından sonra şirkətlərin sayının artdığını deyir: "Turizm fəaliyyəti ilə məşğul olmaq, lisenziya almaq, akkreditasiya ilə bağlı bir sıra dəyişikliklər oldu. Bundan sonra turizm şirkətlərinin və yerləşdirmə xidməti göstərən müəssisələrin sayında sürətlə artım oldu. Mən buna normal yanaşıram. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. İnsanlar ölkəyə gələn turistlərdən heyrətə gəlirlər. İstəyirlər onlar da, bu bazarın oyunçusuna çevrilsinlər. Turizm şirkətlərinin çoxluğundan narahat olmağa ehtiyac yoxdur. Bu çoxluğu bazar iqtisadiyyatı özü tənzimləyəcək. Kimlər keyfiyyətli xidmət göstərəcək, işinə peşəkar yanaşacaq bazarda qalacaq. Peşəkar olmayanlar, bazarın keyfiyyət tələbini ödəməyənlər isə ələnib gedəcək. Ölkəyə gələn turist turizm şirkətindən narazı qalırsa, bu, ümumilikdə ölkədən narazı qalmaq deməkdir. Yəni keyfiyyətsiz xidmət ölkənin imicinə də ziyandır. Kəmiyyətin artması keyfiyyətin də artması demək deyil. Mən turizm şirkətlərinə məsləhət görərdim ki, peşəkarlığa və xidmət səviyyəsinə xüsusi diqqətlə yanaşsınlar”.
Lisenziyanın verilməsinin ləğvindən sonra şirkətlər çoxaldı
"Luna Travel” turizm agentliyinin direktoruRəhman Quliyev turizm şirkətlərinin artmasının həm mənfi, həm də müsbət tərəfləri olduğunu deyir: "Yaxşı cəhət odur ki, yeni iş yerləri açılır, bir-iki nəfər çörək pulu qazanır. Amma mənfi tərəflər də var. Gəlin bir baxaq, Azərbaycanda açıqlanan sayda turizm şirkəti var, ya yox. Bu gün normal ofisi, işçi heyəti olan, keyfiyyətli xidmət təqdim edən 70-80 turizm şirkəti tapmaq mümkündür. Qalanları qeyri-normal şəraitdə işləyirlər. Yəni turizmi müəyyən qədər bilən hər kəs yaxşı qazanc əldə etmək üçün şirkət açır. Və oturur evdə və sosial şəbəkələrdə şirkətini reklam edir. Həmin adam yer, işçi pulu vermir, vergi ödəmir. Artım bu şəkildə baş verir. Buna nəzarət etmək çətindir. Lisenziyanın ləğvindən sonra belə şirkətlər çoxaldı. Cənab prezident işsizliyin aradan götürülməsi, sahibkarlığa dəstək üçün lisenziyalaşmanın ləğvi haqqında qərar vermişdi. Amma bəziləri bundan sui-istifadə etdi. Turizm əməkdaşı savadlı və peşəkar olmalıdır”.
Agentliyin direktoru insanlara tövsiyə edir ki, əgər bu tip xidmətdən istifadə etmək istəyirlərsə, bunu həmin turizm şirkətinə gedərək, real, üzbəüz danışıqla etsinlər: "Xidmətin kim tərəfindən həyata keçirildiyini, hansı şərtlərlə aparıldığını, pulu hara ödədiyini, sabah bir problem yarananda gedib hansı qapını döyəcəyini bilsin. Sosial şəbəkə də o qədər vergi ödəyicisi olmayan turizm şirkətləri var ki, onlar saxta reklamla məşğul olurlar. Bunlar hamısı aldadıcı vasitələrdir. Gedib real olaraq şirkətin təklif etdiyi xidmətlərlə maraqlanmaq, müqavilə bağlayıb, ödənişi edib, qəbz almaq lazımdı. Hətta mən məsləhət görərdim ki, müştəri turizm şirkətinin VÖEN-ni də yoxlasın. Proses hüquqi baxımdan da bu şəkildə həyata keçirilməlidir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər