• cümə, 26 Aprel, 03:56
  • Baku Bakı 16°C

Keçmiş məhbuslar prezidentlik iddiasında

20.11.20 17:15 443
Keçmiş məhbuslar prezidentlik iddiasında
Qırğızıstan seçkilərə hazırlaşır

"İnqilablar ölkəsi” kimi tarixə düşən Qırğızıstan növbədənkənar seçkilərə hazırlaşır. Mərkəzi Asiyanın ən qaynar məkanı olan bu respublikada yanvarın 10-da seçkilər keçiriləcək. Artıq Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək istəyənlərin ərizə qəbulunu başa çatdırıb. Və siyahıda rekord sayda namizəd - 63 nəfərin adı var. Onların əksəriyyətini heç kim tanımır və qələbə qazanmaq şansları da sıfıra bərabərdir. Əksəriyyət hesab edir ki, seçkilərin qalibi Sadır Japarov olacaq. Ay yarım bundan əvvəl həbsxanadan azad olman və prezident səlahiyyətlərini icra etməyə müvəffəq olan bu şəxs noyabrın 15-də seçkilərdə iştirak etmək üçün tutduğu vəzifədən istefa verib. Onun ətrafı, əsas etibarilə vaxtilə onunla birlikdə həbsxanada cəza çəkmiş siyasətçilərdən ibarətdir. Düzdür, hazırda onun reytinqi yüksək olsa da, istisna deyil ki, seçkilərdə qələbəsi yeni etirazların başlamasına səbəb ola bilər. Çünki burası Qırğızıstan və proseslər burada hər an dəyişə bilir. Beləliklə, yanvarın 10-da keçiriləcək seçkilər ölkəni növbəti böhrandan çıxarmağı hədəf qoyub. Qeydiyyat prosesinin sadələşdirilməsi, seçkilərə həddən artıq şəxsin qatılması ilə nəticələnib. Bunun üçün namizədlər 900 min rubl və yaxud 1 mln. som girov qoymalıdır. Eləcə də, 30 min imza toplamalıdırlar.
"Kommersant”a müsahibəsində rəyi soruşulan ekspertlərin əksəriyyəti qalibin indidən bəlli olduğunu bildiriblər. Japarovun sayəsində ölkə böhrandan qurtulmağa müvəffəq olub. Onun özü hakimiyyətin ən yüksək pilləsinə çatıb. Qırğızıstan parlamentinin keçmiş spikeri Zaynidin Kurmanov hesab edir ki, seçkilərin favoritləri və autsayderlər artıq indidən bəllidir. Favoritlər arasında beş ciddi siyasətçi var. Yerdə qalanlar isə görüntü yaratmaq istəyirlər.
Beləliklə, liderlərin siyahısına eks-prezident Kurmanbek Bakiyevin administrasiyasında korrupsiyaya qarşı mübarizə üzrə komissar, keçmiş məhbus (eləcə də keçmiş deputat) Sadır Japarov rəhbərlik edir. Onu sosial şəbəkələrdə, küçələrdə dəstəkləyir və xalqın lideri adlandırırlar. Hakimiyyətdə olduğu bir ay ərzində hələ ciddi səhvlər buraxmayıb. Və çoxları onu Mərkəzi Asiyada hesablaşmalı olan yeni tip siyasətçi adlandırırlar. Bişkekdə fəaliyyət göstərən Regional Ekspertlər Klubunun sədr müavini İqor Şestakov hesab edir ki, Qırğızıstanda bu dəfə keçiriləcək seçkilər qeyri-adiliyi ilə fərqlənəcək. Onu rəhbərlik etdiyi "Məkançıq” Partiyası da dəstəkləyir. Bu partiya parlament seçkiləri ərəfəsində yaranmışdı. Prezidentliyə namizədlər siyahısında dekabrın 6-dan sonra ən çoxu 10-15 siyasətçi qalacaq. Məhz onlar da bir-biriləri və çox güman ki, Japarova qarşı mübarizə aparmalı olacaqlar. İstisna deyil ki, ikinci tur da olsun. Lakin əksər hallarda proses birinci turda yekunlaşır. Bununla belə, təminat yoxdur ki, seçkilər dinc şəraitdə yekunlaşsın, məğlub olan siyasətçilər də nəticələrlə razılaşıb öz tərəfdarlarını küçələrə çıxarmayacaq.
Qırğız ekspertlərinin qənaətincə, Japarova ciddi rəqabəti yalnız "Qırğızıstan” və "Bütün Qırğızıstan”ın lideri Kanat İsayev və Adaxan Madumarov yaradacaq. Hər iki partiya parlamentə qalmaqallı seçkilər nəticəsində düşməyə müvəffəq olub. Birinci partiya şimallıların, ikinci isə cənubluların partiyası hesab edilir. K.İsayev parlament seçkilərindən sonra spiker olsa da, sonradan istefa verib. Japarovun sadiq tərəfdarları sırasına bir neçə şəxs daxildir. Onlar prezident səlahiyyətlərini icra edən Talant Mamıtov, Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçibek Taşiyev, baş nazirin müavini Rovşan Sabirov və baş prokuror Kurmankul Zuluşev daxildir. Unikallıq ondadır ki, Japarovun komandasında praktiki olaraq hamı müxtəlif vaxtlarda həbsxanalarda olublar. "Üçlüy”ə Sadır Japarov, Kamçibek Taşiyev və Talant Mamıtov daxildir. Onları ölkədə zarafatca "üç muşketyor” da adlandırılar. Hər üçü Almazbek Atambayevi 2010-cu ildə hakimiyyətə gətirən "Ata-Jurt” Partiyasının üzvləri olub. Lakin bu üç dost parlamentdə az otura bildilər. Qanunsuz aksiyalarda iştirak etdiklərindən 2012-ci ildə həbs olundular.
Bir faktı da qeyd edək ki, seçkilər ağır epidemioloji və iqtisadi böhran şəraitində keçəcək. Ölkədə koronavirusun ikinci dalğası başlayıb. Hökumət və parlamentdə hesab edirlər ki, ölkə, təkbaşına böhranların öhdəsindən gələ bilməyəcək. S.Japarov diplomatik missiyaların rəhbərləri ilə görüşdə bu faktı etiraf edərək beynəlxalq ictimaiyyətdən yardım istəyib. Bu şərait, onsuz da ağır olan vəziyyəti daha da çətinləşdirir. Seçkilər də, çətin ki, prosesə kömək etsin.

Azər
banner

Oxşar Xəbərlər