• cümə axşamı, 28 mart, 16:14
  • Baku Bakı 16°C

Keçmiş ABŞ səfirinin qərəzinin pərdəarxası məqamları

27.07.13 08:05 1569
Keçmiş ABŞ səfirinin qərəzinin pərdəarxası məqamları
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin əlində Azərbaycanın inkişafını müqayisə etmək üçün böyük resursu var. Özü etiraf edir ki, Bakı onun əvvəl gördüyü şəhər deyil. Azərbaycanın iqtisadi inkişafını da etiraf edir. Amma buradaca meydana sual çıxır. Azərbaycanın bu inkişafı hansı siyasətin nəticəsidir?! Bu gün ərəb dövlətlərində baş verənlər həm tarixən, həm məkan baxımından Azərbaycana ekstrapolyasiya edilərsə, birmənalı demək olar ki, indi gördüyümüz Azərbaycan olmayacaq. Bəlkə Azərbaycan Misirdən, Suriyadan daha dəhşətli vəziyyətə düşər. R.Kozlariçin əlində müqayisə üçün böyük resurs ola-ola ondan öz bildiyi kimi istifadə edir, lakin bizim də əlimizdə müqayisə üçün böyük mənbə var. Öz dövlətçiliyimiz naminə həmişə çalışmışıq ki, o mənbədən obyektiv istifadə edək.
Qərbin sintetik demokratiya dalınca qaçmasının mahiyyəti başa düşülmür. Demokratik təsisatlar yalnız müstəqil və güclü dövlətlərdə yaranıb, inkişaf edə bilər. Müstəqil siyasət aparan Azərbaycan ciddi inkişafa, o cümlədən iqtisadi inkişafa nail olub. İndi əsas məqsəd müstəqil siyasətin dönməzliliyini təmin olunmasıdır. İqtisadi inkişafın strukturlaşması prosesi başlanıb və uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanın iqtidar partiyası regionun ən güclü siyasi partiyasıdır. Eyni fikirləri vətəndaş cəmiyyəti haqqında da söyləmək mümkündür. Mətbuatın inkişafına verilən diqqət ümumiyyətlə orijinaldır. Siyasi yönümündən asılı olmayaraq bütün aparıcı mətbu orqanlarına dövlət tərəfindən vəsait ayrılır. Azərbaycan mətbuatına 3 ildir ki vəsait ayrılır. Bu müddət ərzində Azərbaycan mətbuatının siyasi mövqeyinin dəyişməsilə bağlı heç bir məlumat yoxdur. Dövlətin vətəndaş cəmiyyətinə və mətbuata qayğısının ən yüksən zirvəsi mətbuat işçilərinə evlərin havayı verilməsidir. R.Kozlariçə məsləhət bilirəm. Ev alan müxalif yönümlü mətbu orqanlarının təmsilçilərinin fəaliyyətini izləsin. Bundan sonra onların kursunda hansı dəyişiklik yaransa dərhal o faktları üzə çıxarsın. Qərbin demokratik hesab etdiyi dövlətlərdə demokratiya ona görə yoxdur ki, həmin dövlətlərin demokratik siyasət aparmağa şərait yaradan iqtisadi inkişafları yoxdur. İqtisadi inkişaflarının olmaması isə müstəqil siyasət apara bilməmələrilə bağlıdır. Azərbaycan müstəqil dövlətdir, güclü iqtisadi inkişafa malikdir və Azərbaycanın bu keyfiyyətləri ölkənin demokratik inkişafında daha yüksək mərhələ yaradır. Real demokratik inkişaf üçün müstəqil siyasət və güclü iqtisadiyyat vacib şərtdir.
Azərbaycanda prezident seçkilərindən əvvəl Gürcüstan və Ermənistanda seçkilər keçirildi. Ötən il oktyabrda Gürcüstanda keçirilən seçkilərin nəticəsindən ABŞ və Qərb bu gün də narazıdırlar. Amma Gürcüstandakı seçkilərin azad, ədalətli və beynəlxalq standartlara uyğun keçirildiyini rəsmən təsdiq etmişdilər. Qərbdə indi görürlər ki, İvanişvili birbaşa və ya dolayısı yollarla rusiyayönümlü siyasət aparmağa məcburdur. Qərbdə indi başa düşüblər ki, 6 milyard dollar sərvəti olan İvanişvilinin baş nazir seçildikdən sonra öz ölkəsinə investisiya qoymamasının səbəbləri Gürcüstandakı seçki prosesində deyil, Gürcüstanın sərhədlərindən kənardadır. MDB məkanında Gürcüstanla yanaşı Qırğızıstandakı seçkilərə də ABŞ başda olmaqla Qərb müsbət rəy vermişdi. Hər iki dövlətdə "demokratik proseslərin” nəticəsi Qərbin maraqlarını "tapdaladı”. Hər-halda R.Kozlariçin analitik düşüncə tərzi bunu həzm etməlidir.
Ermənistanda keçirilən parlament və prezident seçkilərinə Qərbin münasibəti ümumiyyətlə rüsvayçılıq oldu. Prezident seçkiləri zamanı ABŞ-ın Ermənistandakı səfiri C.Hefferin Ermənistan Mərkəzi Seçki Komitəsi sədri T.Mukuçyanın donosçusuna, informatoruna çevrilmişdi. ATƏT DTİHB-in müşahidə missiyası bu günədək Ermənistandakı prezident seçkiləri nəticələrilə bağlı ortalığa vahid yekun rəy qoya bilməyib. Seçkilərdən iki gün sonra (bir gün yubadılmaqla) açıqladığı rəylə hal-hazırda əlimizdə olan son rəy yerdən göyə qədər fərqlənir.
ABŞ başda olmaqla Qəbrin Ermənistandakı prezident və parlament seçkilərinə münasibətinin bütün mərhələləri olduğu kimi yadımızdadır. Nədənsə ABŞ-ın heç bir səfirinin bu proseslərə tənqidi cəhətdən yanaşdığını görmədik. Əksinə mənşəcə serb olan, ABŞ-ın Ermənistandakı keçmiş səfiri M.Yovanoviç seçki dövründə ABŞ Dövlət Departamentinin rəsmisi statusunda S.Sərkisyanın seçilməsinə dəstək verdi. Bu serb xanım qan üstündə hakimiyyətə gəlmiş S.Sərkisyanın beynəlxalq aləmdə müsbət imicini yaratdı. Qarabağ tənzimləməsində konstruktiv mövqeyini dəyişdi, hiyləgər antitürk mövqeyə yuvarlandı.
Belə mürəkkəb regionda və şəraitdə Azərbaycan inkişaf edir və bu inkişafı R.Kozlariç də inkar edə bilmir. Çünki bu inkişafın ən əsas mənbələrindən biri daxili siyasətdir. Aparılmış daxili siyasət özünü doğruldubsa, belə çox mütərəqqi nəticəyə səbəb olubsa onu dəyişməyə ehtiyac varmı?
R.Kozlariçin gənclərə istinad etməsi də qərəzlidir. ABŞ və Avropadan durub baxanda belə başa düşürsən ki, facebook və ya digər sosial şəbəkələr yalnız Azərbaycandadır. Ermənistan və ya Gürcüstanda sanki sosial şəbəkələr yoxdur. Gürcüstanda bu gün də hakimiyyət uğrunda ciddi çarpışma gedir, amma sosial şəbəkələrdə heç bir aktivlik yoxdur. ABŞ-ın Gürcüstandakı səfirinin müxalifət təmsilçilərilə görüşü demək olar ki, baş tutmur.
Ermənistanda hətta bu anlarda mitinqlər baş verir. Əhali nəqliyyatda gediş haqqının artırılmasına etiraz edir. Polis və xüsusi təyinatlılar mitinqçiləri döyür, həbs edirlər. Bütün proseslər sosial şəbəkələrin rolu olmadan baş verir. ABŞ-ın Ermənistandakı səfiri hal-hazırda Ermənistan baş nazirinin politoloqu qismində çıxış edir. Yəqin elə bu səbəbdən də onu hətta prezident aparatının binasında da buraxmırlar. Müxalifətlə əlaqələr minimumdadır. Yalnız ən zəruri, xüsusi hallarda belə görüşlər konkret məsələlər üzrə baş tuta bilər. Azərbaycanda isə sosial şəbəkələrdə gənclərin aktivliyi süni olaraq xarici dairələr tərəfindən aktivləşdirilir. Xüsusi qrant layihələri reallaşdırılır. Sanki qərbə Azərbaycanda mümkün qədər çox qanun pozuntusu lazımdır. Dağlıq Qarabağ tənzimləməsində ABŞ-ın və Aİ-nin münasibəti parabolik prosesi xatırladır.
Azərbaycan gəncliyi öz dövlətini sevən və qorumağı bacaran gənclikdir. Gənclik başa düşür ki, müstəqillik təkcə atribut və ya siyasi məsələ deyil. Müstəqillik həm də iqtisadi parametr deməkdir. Azərbaycanın müstəqilliyi bu gün Azərbaycana iqtisadi divident gətirir. Nümunəyə çevrilən Misir iqtisadi inkişafını təmin edə bilmədiyi üçün ABŞ-dan asılı vəziyyətə düşdü, sonu da bəllidir. Azərbaycan gəncliyi ölkənin Misirə çevrilməsinə heç vaxt imkan verməyəcək. Bu məsələdə xalq da Azərbaycan gəncliyilə eyni mövqedədir. Bu tezisə Riçard Kozlariç şübhə etməməlidir. Azərbaycanın müstəqil siyasətinin bünövrəsi onun Azərbaycanda səfir işlədiyi dövrdə (1994-1997) quruldu. Ümummilli liderimiz Heydər Əliyev irili-xırdalı ardıcıl dövlət çevrilişlərinə olan cəhdləri aradan qaldırdı. Hərbi və hərbi-siyasi müxalifəti aradan qaldırdı. Ölkənin ictimai-siyasi həyatı tamamilə siyasi proseslərin monopoliyasına keçdi. O vaxt ümummilli liderimiz bütün bu işləri necə deyərlər "boş əllə” gördü. İndi Azərbaycanda həmin Heydər Əliyevin kursu hakimiyyətdədir. Bu kurs yüksək səviyyədə idarə olunur. Kasıb Azərbaycan indi hətta Avropa məkanı üçün donor dövlətə çevrilib. Dağılmaq, məhv olmaq ərəfəsində olan dövlət indi bütün Qafqaz regionu üçün təhlükəsizlik ixracatçısına çevrilib. Yaxınlarda Azərbaycanın Avrasiya məkanında təhlükəsizlik ixracatçısı olmasından danışılacaq. Müstəqil siyasətimiz var. Qərbə, Şimala, Cənuba doğru bu siyasətimizi dəyişməyəcəyik. Nə əldə etmişiksə müstəqilliyimizin hesabına əldə etmişik.
Müasir Azərbaycan 50 milyard dollarlıq nağd qızıl valyuta ehtiyatına malik, sürətlə inkişaf edən dövlətdir. Belə zəngin resursları olan ölkəni ələ keçirmək istəyən həmişə olur. Bunun üçün iddialı dövlət çirkin vasitələrdən istifadə etməkdən çəkinmir.
R.Kozlariçin Azərbaycanda seçkilərlə bağlı dediklərini ona görə diqqətimizi cəlb edir ki, o, vaxtilə kəşfiyyat analitiki olub. Kəşfiyyatçı analitikdə analitik qabiliyyət çox güclü inkişaf etməklə yanaşı, analitik fantaziyanın məhdudlaşdırılması, intuisiyanın rolunun daralması da vacib şərtdir. Çoxsaylı, müxtəlif, əks mənbələrdən əldə edilmiş informasiyalardan ibarət arqumental baza ən vacib parametrdir. R.Kozlariçin Azərbaycanı baş vermişlərdən və baş verənlərdən kənarda təsvir etməsi onun savadsızlığının nümunəsi kimi yox, qərəzliliyinin nümunəsi hesab edilməlidir. Çünki, R.Kozlariç Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyənlərin marağını ifadə edir.
Mübariz Əhmədoğlu
Newtimes.az
banner

Oxşar Xəbərlər