• cümə, 29 Mart, 01:14
  • Baku Bakı 7°C

“Kaspi”nin kollektivi Misir səfirliyində və Mədəniyyət Mərkəzində olub

14.06.16 16:53 2550
“Kaspi”nin kollektivi Misir səfirliyində və Mədəniyyət Mərkəzində olub
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəvəti ilə "Kaspi” qəzetinin kollektivi ilə Mərkəzdə və Səfirlikdə görüş keçirilib. Səfirliyin mədəniyyət attaşesi və mərkəzin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi Mərkəzin Azərbaycan mədəniyyəti, ədəbiyyatı və təhsili ilə bağlı həyata keçirdiyi işlər haqqında məlumat verib. Həmçinin birgə mədəni tədbirlərin təşkili, bu sahədə əlaqələrin genişləndirilməsi, mövcud əməkdaşlığın dərinləşdirilməsi məsələlərindən danışılıb. Mərkəzin binasında fəaliyyət göstərən kitabxanada Azərbaycan-Misir əlaqələrindən bəhs edən kitablarla tanışlıq xoş təəssürat yaradıb.
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyində keçirilən görüşdə Azərbaycan və Misir mədəniyyətləri ətrafında müzakirələr aparılıb, ölkələr arasında təhsil, mədəniyyət və turizm əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən danışılıb. Dəvətə görə minnətdarlığını bildirən "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva iki ölkə arasında mədəni və təhsil əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib: "Azərbaycanla Misir cəmiyyəti arasında oxşarlıqlar çoxdur. Biz öz qarşılıqlı fəaliyyətimizlə insanlar arasında ölkələrimiz barəsində məlumatlılığı artırmağa, iki sivilizasiyanı bir-birinə daha da yaxınlaşdırmağa çalışmalıyıq”.
Azərbaycanın mədəni və intellektual ölkə olduğunu qeyd edən Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriSuzan Cəmil isə "Azərbaycan deyəndə təkcə gözəl yollar və binalar ağla gəlmir, həm də bu ölkənin tarixi və mədəniyyəti xatırlanır”, - deyə vurğulayıb.
Səfir ölkələr arasında bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Suzan Cəmil yaxın günlərdə "Kaspi”qəzetinin redaksiyasında qonaq olmaq təklifini də məmuniyyətlə qəbul edib.

Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər