• çərşənbə axşamı, 23 aprel, 20:45
  • Baku Bakı 20°C

“Kaspi”dən “Kaspi”yə

09.12.16 14:32 1308
“Kaspi”dən “Kaspi”yə
Mənim "Kaspi” qəzeti ilə bir oxucu kimi ilk tanışlığım 1970-ci ildən başlayır. Kinonun tarixi ilə məşğul olduğum üçün inqilabdan əvvəl nəşr edilən "Kaspi” qəzetinin Azərbaycan Dövlət Arxivində saxlanılan nömrələrini diqqətlə vərəqləyir, kinoya aid faktları toplayırdım. Elə bunun nəticəsi olaraq, kinomuzun tarixinin 1915-ci ildə çəkilmiş "Neft və milyonlar səltənətində” bədii filmi ilə deyil, 1898-ci ildə lentə alınmış xronikal-sənədli filmlərlə, o cümlədən "Bibiheybətdə neft fontanı yanğını”, "Balaxanıda neft fontanı” və s. ilə başlanması faktlarının üzə çıxarılması və sübuta yetirilməsi mümkün olmuşdur. Bununla əlaqədar, Ümummilli lider Heydər Əliyev sərəncamla milli kinomuzun tarixini - 2 avqust 1898-ci ili təsdiq etmişdir.
"Kaspi”ni vərəqləyərkən burada müxtəlif sənət adamlarının - tanınmış ziyalılardan bəstəkar Ü.Hacıbəylinin, H.B.Zərdabinin və başqalarının yazılarına rast gəlirdim. O vaxtlar bir jurnalist kimi ürəyimdən keçirdi ki, kaş mən də bu qəzetdə çıxış edərdim. Amma mənim bu arzum bir neçə on illərdən sonra reallaşdı. Mən artıq neçə illərdir ki, yenidən bərpa olunmuş, Azərbaycan və rus dillərində nəşr olunan "Kaspi” qəzetində bir müəllif kimi kino sənətinə aid məqalələrlə çıxış edirəm. Bugünkü "Kaspi” öz sələfinin adını ləyaqətlə daşıyır, oxucuların maariflənməsində öz uğurlu işini inamla davam etdirir. Mən "Kaspi” qəzetinin yenidən bərpa olunub nəşrə başlamasına görə, qəzetin təsisçisi, professor Sona xanım Vəliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Çünki o, mənim kimi minlərlə insanların arzusunu həyata keçirdi, "Kaspi”ni "Unudulmuşlar”ın siyahısına düşməsinə imkan vermədi. Eyni zamanda, bugünkü "Kaspi”nin oxucular arasında populyarlığını təmin etdiyinə görə, qəzetin baş redaktoru İlham Quliyev olmaqla, bütün redaksiya işçilərinə demək istəyirəm: "Belə saxla sükanı!”
Bayramınız mübarək, əziz həmkarlarım!
Hörmətlə, Aydın Kazımzadə,əməkdar incəsənət xadimi
banner

Oxşar Xəbərlər