• cümə axşamı, 28 mart, 22:02
  • Baku Bakı 13°C

“Kaspi” Təhsil Şirkəti hesabat verdi - Fotolar

08.09.17 18:30 3771
“Kaspi” Təhsil Şirkəti hesabat verdi - Fotolar
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi” Təhsil Şirkətinin fəaliyyəti və əldə olunan uğurlu nəticələri barəsində yekun hesabat tədbiri keçirilib. Tədbirdə "Kaspi” Təhsil Şirkəti İdarə Heyətinin sədri Sona Vəliyeva, şirkətin direktoruElnur Əliyev, "Kaspi” liseyinin (Bakıxanov) direktoru Tural Əliyev, media nümayəndələri, eləcə də "Kaspi”-nin qəbul imtahanlarında yüksək bal toplayan məzunları və onların valideynləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayan Elnur Əliyev bəzi məqamları qeyd etdi: "Bildiyiniz kimi, hər il "Kaspi” Təhsil Şirkəti ictimaiyyət qarşısında illik hesabatını təqdim edir. Bu il də ənənəyə uyğun olaraq fəaliyyətimizin yekunları haqda hesabat veririk. Bu tədbirdə həm də yeni layihələrimiz haqqında məlumat əldə edəcəksiniz”.
Daha sonra şirkətin İdarə Heyətinin sədri Sona Vəliyeva şirkətin fəaliyyəti haqqında məlumat verdi: "Biz ilk dəfə 2007-ci ildə işə başlayanda, öz üzərimizə belə bir öhdəlik götürdük ki, hər il sizin qarşınızda hesabat verəcək, növbəti prosesləri sizinlə birgə müzakirə edəcəyik. Çünki bizim gördüyümüz iş təhsil işidir. Təhsil isə tək dövlətin deyil, həm də ümumxalq işi olmalıdır. Ona görə də hesab edirəm ki, bu sahədə əldə edilən uğurlar ictimaiyyətlə birgə müzakirə edilməli və bu sevincdən onlara da pay düşməlidir. Sevindirici haldır ki, bu il qazandığımız uğurların müzakirəsi 10 illiyimizə təsadüf edir. 2007-ci ildə yaranan şirkət bu gün 10 yaşını qeyd edir. İstər abituriyent hazırlığı sahəsində, istərsə də digər istiqamətlərdəki uğurlarımız "Kaspi” Təhsil Şirkətinin 10 illiyinə həsr olunur və bütöv bir fəaliyyəti ehtiva edir. Hər il hesabat verəndə çiyinlərimizi böyük bir məsuliyyətin altına verdiyimizin fərqində olmuşuq və çalışmışıq ki, qazandığımız şərəf və qüruru təvazökarlıqla qarşılayaq və qəbul edək. Fəaliyyətə başlayanda böyük öhdəlik götürdük və düşünürəm ki, müəyyən mənada bunun öhdəsindən gələ bildik. Xüsusilə bunu abituriyent hazırlığı sahəsində vurğulamaq istərdim. Bu istiqamətdə hazırda 7 filialımız fəaliyyət göstərir. Bu il sırf 11-ci sinifdə təhsil alan 324 abituriyentlə çalışdıq və sevindirici haldır ki, onların 311 nəfəri, yəni 96 faizi sayılıb-seçilən ali məktəblərə qəbul olunub bizi sevindirdi. 600-dən çox bal toplayanlar üçün xüsusi proqram hazırlandı və onların sayı qısa müddətdə 31 nəfərə çatdı. Bu böyük göstəricidir. Həmçinin 60 abituriyent 500-dən çox bal topladı. Hesab edirəm ki, bu, şirkətin fəaliyyətində yüksək göstəricilərdən biridir. Ortalama bal isə 380-ə yaxın oldu. Əlbəttə, bütün bu uğurlar şirkəti arxayın salmır və 100 faiz nəticə əldə etməyə çağırır. İnanıram ki, gələcəkdə belə də olacaq. Sevindirici hal odur ki, 600-dən çox bal toplayan abituriyentlərin sayı çoxdur”.
S.Vəliyeva bildirdi ki, respublika üzrə 700 bal toplayan abituriyentlərin sırasında "Kaspi”nin də yetirməsi var: "Belə ki, Vahab Cəbrayılov "Kaspi”nin əməyini, valideynlərinin etimadını doğruldaraq qəbul imtahanında 700 bal topladı. Bu uğur bizi gələcəkdə daha ciddi, daha yeni metodlarla çalışmağa çağırır. Burada abituriyent hazırlığı və müxtəlif filiallar üzrə qazandığımız uğurlar haqda qısa məlumat idi. 10 il ərzində bizim digər fəaliyyətlərimiz də olub. Belə ki, "Kaspi” Bakıxanov liseyi və "Kaspi” Ağşəhər liseyini açdıq. "Kaspi”nin uğurları bununla da bitmir. Bu ilk ilk məzunlarını buraxan "Kaspi” liseyi və ilk dəfə abituriyent hazırlıqlarını təşkil edən Xətai filialı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 100% nəticə göstərib. Bu məzunlarımızın içərisində xaricdə təhsil hazırlaşan və qəbul olan şagirdlərimiz oldu. Bu da bizim üçün böyük göstəricidir. Bu ilki 11-cilər də onlardan gözəl örnək ala biləcəklər. Bu il "Kaspi” liseyinin şagirdləri Rumıniya və ABŞ-da keçirilən olimpiadalardan 12 qızıl, gümüş və bürünc medallarla qayıtdılar. Düşünürəm ki, 2-3 il fəaliyyət göstərən məktəb üçün 12 medal heç də pis göstərici deyil. Bu, müəllim və şagirdlərimizin böyük əməyinin nəticəsidir. Buradan inamla Amerikaya yola saldığımız və medalla geri qayıdan şagirdlərimizin uğuru təkcə bizim deyil, bütün Azərbaycan gəncliyinin və təhsilinin uğurudur. Bu, inamlı kadr potensialının göstəricisi olduğuna görə mən də qürur duyuram”.
S.Vəliyeva "Kaspi” Təhsil Şirkətinin uğurlarının daha da çoxalması üçün daim yeni metodlar axtarışında olduqlarını qeyd etdi: "Biz dövlətin təhsil siyasətinə töhfə vermək, burada təmsil olunmaq üçün fəaliyyətimizin müxtəlif sahələrində yeniliklər etməyə çalışırıq. İndiyə qədər yüzlərlə məzunumuz dövlət quruculuğunda iştirak edib. Bu da bizim qürur mənbəyimizdir. Prezidentimizin "qara qızılı insan kapitalına çevirək” devizinin həyata keçirilməsi işinə töhfə vermək, Azərbaycana layiqli vətəndaş yetişdirmək əsas məqsədimizdir. Hesab edirəm ki, Ulu öndər Heydər Əliyevin milli dəyərləri özündə ehtiva edən gəncliyin yetişməsi ideyasının həyata keçməsi istiqamətində hamılıqla çalışmalıyıq”.
Daha sonra çıxış edən "Kaspi” liseyinin (Bakıxanov) direktoru Tural Əliyev məzunlara öz məsləhətlərini verdi: "Biz "Kaspi” Təhsil Şirkətinin ən cavan üzvüyük. Buna baxmayaraq, ən çox diqqət bizə ayrılıb. Qazandığımız uğurların 50 faizi bizim, 50 faizi valideynlərin üzərinə düşür. Uşaqların təhsilində birinci sinifdən 11-ci sinfə qədər valideynlər böyük rol oynayır. Valideynlərsiz bizim əziyyətimizin heç bir əhəmiyyəti yoxdur. Çünki şagird günün yarısını evdə, yarısını məktəbdə keçirir. Valideynlərin daimi nəzarətində olan şagirdlər dərslərində və tərbiyədə digərlərindən seçilir. Ona görə də bütün valideynlərə öz adımızdan minnətdarlığımızı bildirmək istəyirəm. Bundan başqa, müəllimlərə minnətdarlığımızı çatdırırıq. Mən bundan sonra daha böyük uğurlara imza atacağımıza əminəm. Şagirdlərə gəldikdə isə, deyə bilərəm ki, bu sizin üçün ən asan imtahanlardan biri idi. Təkcə yüksək bal toplamaq uğur əldə etmək üçün kifayət deyil. Yüksək bal toplayaraq valideynlərinizin fəxri oldunuz. Amma siz bundan sonra universitet və iş həyatında da yüksək nəticələr əldə etməyə çalışmalısınız. Bundan sonrakı hədəfiniz cəmiyyətdə tam formalaşmış bir insan olmaqdır. Artıq valideynlərinizin rolu azalacaq və əsas yük öz üzərinizə düşəcək, sərbəst həyata sərbəst addımlayacaqsınız. Siz indidən dörd illik tələbəlik illəri üçün öz planlarınızı cızmalı, yol xəritənizi indidən hazırlamalısınız. Biz «Kaspi» Təhsil Şirkəti olaraq sizə daim dəstək olacağıq. Ümid edirəm ki, sizin uğurlarınızın davamını görəcəyik”.
Çıxış edənlər arasında "Kaspi”nin 700 bal toplayan məzunu Vahab Cəbrayılov da var idi: "Mən mənə inanan hər kəsə, xüsusən müəllimlərimə öz təşəkkürümü bildirirəm. Bundan sonra daha da inamla çalışacağam. Ölkəmizin adını daim ucaltmaq üçün əlimdən gələni edəcəyəm”.
Tədbir digər məzunlar və valideynlərin çıxışları ilə davam etdirildi. Sonda isə yüksək bal toplayan abituriyentlərə şirkət adından qiymətli hədiyyələr təqdim olundu.
Şəbnəm Mehdizadə





banner

Oxşar Xəbərlər