• şənbə, 20 Aprel, 14:04
  • Baku Bakı 23°C

“Kaspi” qəzeti kollektivinin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu!

10.11.20 13:07 539
“Kaspi” qəzeti kollektivinin  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu!
Cənab Ali Baş Komandan!

Sizi böyük qürur və sevinc hissi ilə salamlayır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağda uzunmüddətli münaqişəyə son qoyulması münasibətilə təbrik edirik!
İki gün öncə Azərbaycan xalqı Qarabağın incisi Şuşanın işğaldan azad olunması Gününü böyük fəxarət və coşğu hissi ilə qarşıladı. Təkcə ölkəmizdə deyil, dünyanın dörd tərəfində yaşayan soydaşlarımız bu tarixi günü böyük ruh yüksəkliyi ilə bayram etdi.
Bu gün isə Siz xalqımıza çoxdan gözlədiyimiz QƏLƏBƏ sevincini yaşatdınız. Zəfər müjdəniz Azərbaycan xalqına uzun illərdən sonra sevinc göz yaşları bəxş elədi. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla döyüş əməliyyatlarının dayandırılması ilə bağlı imzaladığınız üçtərəfli bəyanat çoxillik qarşıdurmaya, qan tökülməsinə son qoydu. Bu, Azərbaycan torpaqlarının işğaldan tam şəkildə azad edilməsini şərtləndirməklə yanaşı, regionda yaşayan xalqların mənafeyi və uzunmüddətli perspektiv naminə çox vacib sənəddir.
Cənab Ali Baş Komandan! Bütün ölkə əhalisi, dünyanın dörd bir yanında yaşayan həmvətənlərimiz bu tarixi hadisəni bayram edir, bir-birini təbrik edir, fərəhli anlar yaşayırlar. Hər kəs bu tarixi qələbəyə görə özünü qürurlu və xoşbəxt sayır. Siz bu tarixi zəfərlə müzəffər Azərbaycan Ordusunun hansı gücə qadir olduğunu, qəhrəman əsgər və zabitlərimizin rəşadətini, xalqın yenilməz birliyini bütün dünyaya nümayiş etdirdiniz. Sizin diplomatik bacarığınız, siyasi uzaqgörənliyiniz, geniş dünyagörüşünüz sayəsində qazanılan QƏLƏBƏ təkcə Azərbaycan xalqının döyüşkən ruhunun təcəssümü olmadı, həm də milli hissiyyatın, mənliyin, bütövlüyün nümayişi oldu.
Cənab Ali Baş Komandan!
Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində müasir ordu quruculuğu sahəsində - həm maddi-texniki təminatın, həm şəxsi heyətin peşəkarlığı istiqamətində həyata keçirdiyiniz işlər öz bəhrəsini verdi. Sizin əks-hücum əmrinizlə düşmən işğalında qalan Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları, Şuşa şəhəri, 300-yə yaxın kənd və qəsəbə qısa müddətdə azad edildi. Azərbaycan xalqının illərdən bəri torpaqlarımızın azad olunması ilə bağlı xəyalları gerçəkləşdi. Şəhidlərimizin qanı yerdə qalmadı!
Cənab Ali Baş Komandan!
Siz Qarabağı sahibinə - Azərbaycan xalqına yenidən qaytarmaqla yeni tarix yazdınız. Bu, rəşadət və şücaətlə, qalibiyyət səhifəsi ilə başlayan yeni tarixdir. Siz Azərbaycanın üçrəngli bayrağını rəhbərliyiniz və qətiyyətiniz sayəsində işğaldan azad olunan torpaqlarımızda dalğalandırmağa nail oldunuz. Bu milli dirçəlişi və böyük qalibiyyəti Azərbaycan xalqına yaşatdığınıza görə, Sizə sonsuz minnətdarıq!
Biz hamımız əminik ki, Sizin qətiyyətiniz sayəsində tezliklə azad olunan torpaqlarımızda yeni həyat canlanacaq, qaçqın və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq.
"Kaspi” qəzetinin kollektivi olaraq Sizinlə qürur duyduğumuzu bildirir və bundan sonrakı quruculuq işlərinizdə, islahatlarınızda Sizə uğurlar diləyirik!
Yaşasın Ali Baş Komandan!
Yaşasın müzəffər Azərbaycan Ordusu!
Yaşasın xalqımızın birliyi!
Qarabağ Azərbaycandır!
banner

Oxşar Xəbərlər