• şənbə, 20 Aprel, 02:38
  • Baku Bakı 15°C

“Kaspi”-nin əməkdaşı Kukla Teatrının mükafatına layiq görülüb

17.07.17 17:41 1917
“Kaspi”-nin əməkdaşı Kukla Teatrının mükafatına layiq görülüb
İyulun 16-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünü başa vurması münasibəti ilə tədbir keçirdi. Mövsüm sonu üçün hazırlanan tədbirdə tamaşaçılara Abdulla Şaiqin "Tıq-tıq xanım” nağılının motivləri əsasında "Tıq-tıq və Taq-taqın nağılı” tamaşası təqdim olundu.
Tamaşa yekunlaşdıqdan sonra iştirakçılara bayram ovqatı bəxş etmək üçün nəzərdə tutulan təntənəli mərasim də baş tutdu. Tədbirdə teatrın direktoru, əməkdar mədəniyyət işçisi, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə çıxış etdi.

Direktor mövsüm ərzində teatrda səhnələşdirilən yeni tamaşalardan, beynəlxalq festivallarda əldə edilən uğurlardan söz açdı.

Çıxışdan sonra teatrın truppası və nəzdindəki "Oyuq” teatr studiyasının balaca istedadlarının təqdimatında tamaşalardan hissələr, musiqi nömrələri və ümumilikdə mövsümə nəzər xarakterli videoçarx nümayiş olundu.

Tədbirdə teatrın mövsüm sonuna həsr olunan bayram tədbirində il ərzində Azərbaycan Dövlət Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı şəkildə işıqlandırmağa yardımçı olan KİV nümayəndələri "Teatrın dostu” mükafatı ilə təltif olundu.

Mükafat Lider telekanalının əməkdaşı Elnur Niftəliyev, ARB əməkdaşları Zümrüd Qasımova, Xəyalə Məmmədova, "Mədəniyyət” qəzetinin əməkdaşı Gülcahan Mirməhəmməd, "Kaspi”nin əməkdaşı, tearşünas Xəyalə Məmmədova, jurnalist Ülviyyə Həsənqızı, "Trend” İnformasiya agentliyinin əməkdaşı Vüqar İmanova təqdim olunub.

Həmçinin teatrın bir sıra əməkdaşları da, o cümlədən teatrın musiqi hissə müdiri, əməkdar artist Vüqar Camalzadə, Cəmilə Allahverdiyeva, Nuray Rəhman, Aylin Nəcəfli, Mehriban Vəlizadə, Surin Vəlizadə, Selcan Müseyibova diplom və mükafatlara layiq görülüb.

Əməkdar artistlər Firuzə İbadova və Elza Seyidcahan da davamlı layihələrdə iştirak etdikləri üçün mükafat və hədiyyələrə layiq görülüb.

Tədbirin sonunda "Oyuq”çuların ifasında "Əlimdən tut” mahnısı təqdim olundu.
banner

Oxşar Xəbərlər