“Kaspi” - Maarifçilik meydanı” kitabı və “Artkaspi.az” saytı təqdim olundu - Fotolar
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi” –
Maarifçilik meydanı” kitabının və "Artkaspi.az” saytının təqdimat mərasimi
keçirilib.
Mərasimdə iştirak edən Azərbaycan
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov ölkəmizin
ictimai-siyasi fikir tarixində "Kaspi” qəzetinin özünəməxsus yerinin olduğunu
diqqətə çatdırıb.Qeyd edib ki, 1881-ci ildən işıq üzü görən "Kaspi”
qəzeti əvvəlcə həftədə 1, sonra 3 dəfə olmaqla oxucuların görüşünə gəlsə də,
1884-cü ildən etibarən Azərbaycanın ilk gündəlik mətbu orqanı kimi nəşr
olunmağa başlayıb: "Əgər biz "Kaspi”nin fəaliyyətini mərhələlərə bölsək, bu barədə
çox danışmaq olar. Ancaq bir məsələni heç zaman unutmaq olmaz ki, Azərbaycanda
1892-ci ildə "Kəşkül” qəzetinin son sayları işıq üzü görürdü. Bu müddətdə "Kəşkül”dən
sonra Azərbaycan dilində çıxan qəzet 1903-cü ildə nəşrə başlayan "Şərqi-rus”
oldu. Uzun müddət Azərbaycan dilində qəzet olmadı. Məhz belə bir dövrdə Azərbaycan
dilli qəzetə olan tələbatı "Kaspi” yerinə yetirməyə başladı. Ona görə də
"Kaspi” qəzeti 1897-ci ildən etibarən azərbaycançılıq ideologiyasının,
maarifçiliyin daşıyıcısı kimi, ana dilində oxucularla görüşə gəlir, diqqəti cəlb
edirdi. Müasir "Kaspi” qəzeti də maarifçilik missiyasını öz çiyinlərində şərəflə
daşıyır, Azərbaycan dilində olmaqla, hər gün müxtəlif janrlara aid yazılarla
oxucularının görüşünə gəlir. Hazırda isə "Kaspi” qəzeti "Kaspi” – Maarifçilik
meydanı” adlı yeni kitabı, eyni zamanda "Artkaspi.az” saytını oxucularına təqdim
edir. Beləliklə "Kaspi” qəzeti ictimai, siyasi, mədəni, ədəbi missiyasını indi
də davam etdirir. Eyni zamanda, "Kaspi” qəzetinin 1881-ci ildən nəşr olunmağa
başlayan nömrələrinin arxivi də əldə edilərək www.kaspi.az saytında yerləşdirilib.
Hər bir oxucu, araşdırmaçı, mətbuat tariximizlə bağlı tədqiqat işi görən
insanlar "Kaspi” qəzetinin saytına daxil olmaqla bu arxivdən faydalana bilərlər”.
"Kaspi” – Maarifçilik meydanı” adlı yeni kitabdan
söhbət açan Ə.Amaşov bildirib ki, burada 2013-2015-ci illərdə "Kaspi” qəzetində
dərc olunmuş Nəsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy
Topçubaşov, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Nəriman
Nərimanov, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli, Şəfiqə xanım Əfəndizadə,
Üzeyir və Ceyhun Hacıbəylilər, Məhəmməd və Behbud Şahtaxtlıların həyat və fəaliyyətləri
haqqında məqalələr, araşdırma yazıları, arxiv sənədləri, fotolar yer alıb. O
qeyd edib ki, yeni kitab Azərbaycanın maarifçilik tarixi, dövlətçilik, müstəqillik
ənənələri, mədəniyyəti və ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Şura sədri "Artkaspi.az” saytından da söhbət açaraq deyib ki, yeni internet
resursunda Azərbaycan və dünya ədəbiyyatına dair nümunələr, yazılar oxuculara təqdim
ediləcək.
"Kaspi”
Təhsil Şirkətinin və "Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə
doktoru Sona Vəliyevada "Kaspi” – Maarifçilik meydanı” kitabından danışaraq qeyd edib ki, yeni vəsait
XIX əsrin sonu, XX əsrin əvvəlində ağır, məşəqqətli, lakin şərəfli fəaliyyət
yolu keçmiş, ömrünü-gününü xalqına, millətinə həsr etmiş Azərbaycanın görkəmli
maarifçi mütəfəkkirlərinin ruhuna növbəti minnətdarlıqdır. O, kitabdakı
materialların zaman-zaman "Kaspi” qəzetinin xüsusi buraxılışlarında oxuculara təqdim
olunduğunu vurğulayıb. S.Vəliyeva sələflərimiz olan "Kaspi”çilərin, yeni
kitabda haqlarında bəhs edilən maarifçilərin hər birinin həyatının
ayrı-ayrılıqda bir kitabın və neçə-neçə tədqiqatın mövzusu olduğunu da qeyd
edib. Bildirib ki, ruhlarına minnətdarlığın ifadəsi kimi ərsəyə gələn bu kitab
onların fəaliyyətinin kiçik bir hissəsini əhatə edir: "Kitabda haqqında bəhs
edilən ziyalılarımızın yubileylərinin qeyd olunması haqqında Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamları, onların həyat və fəaliyyətləri,
maarifçilik missiyasına xidmət edən addımları barədə məlumatlar, araşdırma
yazılar, müsahibələr, arxiv materialları yer alıb. Bu kitab "Kaspi” qəzeti və
"Kaspi” Təhsil Şirkətinin milli, tarixi irsimizə dəyər verərək ərsəyə gətirdiyi
növbəti nəşrdir. Bununla biz xalqımızın mənəvi və tarixi irsinin qorunub
saxlanması, nəşr olunub gələcək nəsillərə ötürülməsində də "Kaspi” ənənələrini
davam etdirməyə çalışırıq. Azərbaycanın maarifpərvər ziyalıları maarifçilik
ideyasını ortaya ataraq, maarifçilikdən çıxış edərək, milli şüurun, milli
azadlıq hərəkatının formalaşmasında mühüm rol oynayıblar. Onlar müsəlman Şərqində
ilk demokratik cümhuriyyətin qurulmasına qədər olan milli mücadilə yolunda
böyük iz qoyublar. Əgər çar Rusiyası bilsəydi ki, "Kaspi” qəzeti və oraya cəm
olan maarifpərvər ziyalılar milli şüurun formalaşmasında, azadlıq ruhunun
oyanmasında bu qədər mühüm rol oynayacaqlar, o zaman bu qəzetin nəşrinə imkan
verməzdi”.
S.Vəliyeva deyib ki, bu cür ziyalılarımızla,
maarifçilərimizlə qürur duyur, onların keçdiyi şərəfli yolu öyrənir, gələcək nəsillərə
də çatdırırıq: "Belə insanlar haqqında minlərlə kitablar yazılsa da, azdır.
Onların Azərbaycan xalqının hər bir nümayəndəsinin qəlbində yaşamağa haqqı var.
"Kaspi” – Maarifçilik meydanı” kitabı da məhz bu məqsədə xidmət edəcək. Bu
addımın məfkurəsində ümummilli lider Heydər Əliyevin siyasətinin əsası dayanır.
Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gətirilməzdən
öncə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini icra edərkən
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin bütün
atributlarını qəbul edib, ilk dəfə üçrəngli, ay-ulduzlu bayrağımızı məhz həmin
vaxt Ali Məclisə gətizdirib. 1993-cü ildə hakimiyyətə gələndən sonra isə
demokratik cümhuriyyətin qurulmasında rolu olmuş, lakin sovet hakimiyyəti
qurulduqdan sonra ölkəni tərk etmək məcburiyyətində qalmış, xaricdə vəfat etmiş
maarifçi ziyalılarımızın məzarlarının Azərbaycana – öz Vətənlərinə gətirilməsinə
çalışıb. Bununla yanaşı, o, həmin ziyalılarımızın şəcərəsinin araşdırılması,
arxivlərinin ölkəyə gətirilməsi istiqamətində də göstərişlər verib. Prezident
ilham Əliyev isə ölkə rəhbəri olduğu müddətdə həmin şəxslərin yubileylərinin ən
yüksək səviyyədə qeyd olunması üçün sərəncamlar imzalayıb. "Kaspi” –
Maarifçilik meydanı” kitabını bu istiqamətdə həyata keçirilən tədbirlərə kiçik
bir töhfə kimi də dəyərləndirmək olar”.
Sonra "Artkaspi.az”
saytının redaktoru, gənc şair Fərid Hüseyn yeni internet resursu haqqında
geniş məlumat verib. Bildirib ki, saytda Azərbaycan, Şərq və Qərb ədəbiyyatı
nümunələri yer alacaq. Eyni zamanda burada yazarlarla müsahibələr, dəyirmi
masalar, sorğular, tənqid, ədəbiyyatşünaslıq yazıları və sair bu kimi
materiallar oxuculara təqdim olunacaq.
"Kaspi”
qəzetinin baş redaktoru, əməkdar jurnalist İlham Quliyev mətbu orqanın arxivinin əldə edilərək ölkəyə gətirilməsi,
geniş oxucu auditoriyasına çatdırılması barədə məlumat verib. O, bildirib ki,
üç əsrin qəzeti sayılan "Kaspi”nin varisləri olaraq, daim "Kaspi” irsini təbliğ
etmək əsas vəzifə kimi qarşıya qoyulub: "Bu istiqamətdə fəaliyyətimizi qurarkən
bizə məlum oldu ki, tarixi "Kaspi”nin arxivi Avropa ölkələrinin birindədir.
Mümkün əlaqələrimizi işə saldıq və öyrəndik ki, tarixi "Kaspi”nin bütün nüsxələri
elektron variantda qorunur, Hollandiyadakı Jack Levinson nəşriyyatının onlayn mənbəsində
saxlanılır. Dəqiqləşmələrdən sonra danışıqlar apardıq, bizim üçün olduqca dəyərli
olan həmin arxivi alaraq ölkəmizə gətirdik. Həmin arxivdən istifadənin texniki
cəhətdən məhdud olduğunu nəzərə alaraq, onu "PDF” formatına saldıq və kaspi.az
saytında ayrıca bölmədə yerləşdirdik. Çox böyük əmək sərf etmək müqabilində
buna nail olduq. Hazırda Azərbaycanın və dünyanın istənilən yerindən hər bir şəxs
bizim qəzetin saytı vasitəsilə həm tarixi "Kaspi”nin arxivi ilə, həm də müasir
"Kaspi”nin yazıları ilə tanış ola bilər. Zamanla hiss etdik ki, bizim milli xəzinəmizə
- tarixi "Kaspi”nin arxivinə olduqca böyük tələbat var. Qəzet mühitində
maraqlanan şəxslərin bu tələbatını ödəmək mümkün deyil. Ona görə də qərara gəldik
ki, tarixi "Kaspi”nin arxivini daha əlçatımlı etmək üçün onu Azərbaycan Milli
Kitabxanasına təqdim edək. Beləliklə də, tədqiqatçılara, tələbələrə bu mənbəyə
daha asan çıxış imkanını yaradaq”.
Baş redaktor İ.Quliyevin çıxışından sonra Sona Vəliyeva
tarixi "Kaspi”nin "hard-disk”ə yazılmış elektron variantını Azərbaycan Milli
Kitabxanasının direktoru, professor Kərim Tahirova təqdim edib.
Təqdimat mərasimində Milli Kitabxananın direktoru
ilə yanaşı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı,
professor Cahangir Məmmədli, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "İki
sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, tənqidçi Əsəd Cahangir və
başqaları da çıxış edərək fikirlərini bölüşüblər.
Rufik
İSMAYILOV
Fotolar müəllifindir