AZE | RUS | ENG |


Kaspi Liseyinin tələbələri ölkəyə 2 gümüş, 2 bürünc medalla qayıdıb – İxtira

Kaspi Liseyinin tələbələri ölkəyə 2 gümüş, 2 bürünc medalla qayıdıb – İxtira
“Çiyinlərimizdə ölkəmizi təmsil etmək kimi ciddi məsuliyyət var idi”


Enerji yığmadan istifadə edilən kompyuter təsəvvür edin. İstifadə etdikcə enerjisi azalmaq əvəzinə artır, batareyanın ömrü uzanır. Yaxud sürətlə hərəkət edən robot…
Bizə qəribə görünən bu fikirlər Kaspi liseyinin 7, 8, 9-cu sinif şagirdlərinin ixtirasıdır. Üstəlik, bu ixtiralar Rumıniyada keçirilən Beynəlxalq informatika olimpiadasında gümüş və bürünc medala layiq görülüb. Medalçılarımızı təbrik etmək və onlarla söhbətləşmək üçün Kaspi Liseyinə yollanırıq.
 
"Şagird riskləri hesablaya bilir və ağıllı qərarlar verir”
 
Bizi Kaspi Liseyinin xarici əlaqələr üzrə koordinatoru Sahil Əliyev qarşılayır. Olimpiada haqqında məlumat verən həmsöhbətimiz deyir ki, "İnformatiks”ə 3 kateqoriya üzrə müraciət ediblər və 2-si qəbul olunub: "İnfomatriks olimpiadası hər il Rumıniyanın Buxarest şəhərində Rumıniya Təhsil Nazirliyi və Beynəlxalq Buxarest Məktəbi tərəfindən keçirilən beynəlxalq informatika olimpiadasıdır. Olimpiadanın Latın Amerikası, Avropa (Ukrayna), Asiya (Qazaxıstan), Uzaq Şərq (İndoneziya) ölkələri daxil olmaqla 3 əsas ön ələmə turniri keçirilir. Həmin ələmə turnirlərinin qalibləri ilə yanaşı, birbaşa Rumıniya infomatriks olimpiadasına müraciət edənlər arasından seçilən layihələr "Dünya Finalı”nda iştirak etməyə haqq qazanır. Olimpiada ümumilikdə proqramlaşdırma, kompyuter incəsənəti, qısa film, robot texnologiyası və təchizat idarəsi ( Hardware control) olmaqla 5 kateqoriyadan ibarətdir. Bu il olimpiadanın final mərhələsində ümumilikdə 45 ölkədən 365 layihə iştirak hüququ qazanmışdı. Kaspi Liseyi həmin olimpiadaya 4 müxtəlif layihə ilə müraciət edib və bunlardan 3-ü finala dəvət edilib. Bunlar robot texnologiyası və təchizat idarəsi ( Hardware control) kateqoriyalarıdır”.
Müsahibimiz deyir ki, layihə yarışları təhsildə vacib yer tutur. Nəzəriyyəni öyrənən uşaqlar bunu təcrübədə tətbiq etmək imkanı əldə edirlər: "Şagirdlər sinifdə nəzəriyyəni öyrənir və müəllimin olmadığı şəraitdə real vəziyyətdə öyrəndiyi bilikləri tətbiq edirlər. Bu, onlar üçün çox böyük təcrübə və stimuldur. Bu vasitəylə şagirdlər həm də universitetin ön hazırlığını edirlər. Necə araşdırma edə biləcəklərini, müəllif hüquqlarını necə qorumaq lazım olduğunu öyrənirlər. Bununla bərabər, sosial biliklərə yiyələnirlər. Tam fərqli mühitdə yaşıdlarıyla ünsiyyətdə olurlar. Necə ünsiyyət qurmaq lazım olduğunu öyrənirlər. Bu yarışlarda elə anlar olur ki, şagirdlər kritik qərarlar qəbul etmək məcburiyyətində qalırlar. Bununla da şagird riskləri hesablaya bilir və ağıllı qərarlar verir”.
 
"Risk etdik və qalib gəldik”
 
Robot texnologiyası üzrə yarışda iştirak edən şagirdlər birinci robotun - Robokaspi 1-in idarəçisi 8-ci sinif şagirdi Ramin Oruclu, ikinci robotun - Robokaspi 2-nin idarəçisi  7-ci sinif şagirdi Hüseyn Rəsulzadədir.
Hüseyn deyir ki, robot texnologiyası kateqoriyasında iştirakçıların robotu müəyyən olunmuş zolağı ən sürətli şəkildə qət etməlidir: "Burada robotun xüsusi dizaynı və proqramlaşdırılması əsas rol oynayır. Yarış zamanı müəyyən çətinliklərlə üzləşsək də, dizayn və proqramda yeniliklər edərək yarışın ikinci turunda robotun sürətini artıraraq əvvəlcədən müəyyənləşdirilmiş məsafəni əvvəlkindən iki dəfə az vaxt ərzində tamamlamağa nail olduq. Gümüş medala layiq görüldük. Bizi qızıl medaldan yalnız 8 saniyə ayırdı”.
Hüseyn insanların həyatını rahatlaşdıran yeniliklər kəşf etmək üçün mühəndis olmaq istəyir. Deyir ki, robot texnologiyası üzrə ölkənin ən öndə gedən mühəndislərindən olmağı qarşısına məqsəd qoyub: "Uşaqlıqdan robotlara xüsusi marağım var. Hətta yarışda gözləmədiyimiz anda bizim robot istədiyimiz kimi işləmədi. Yarış anında robotu söküb yenidən dizayn etdim. Müəllimim bunu görüb çox sevindi. Məqsədim robotumun sürətlə hərəkət etməsi idi. Nasazlığa göz yuma bilməzdik. Bu səbəbdən risk edib robotu yenidən dizayn etdik və qalib gəldik”.
Sahil müəllim Hüseynin sözlərini təsdiqləyərək deyir ki, həqiqətən uşaqlar böyük uğura imza atıblar: "Orada bizim robotumuz nasazladı. Mən informatika müəllimi olmadığım üçün başım çıxmırdı. Özüm də məəttəl qaldım ki, uşaqlar özləri robotu söküb, yenidən yığdılar və dizaynı dəyişdilər. Bu, məni çox sevindirdi. Özlərini itirmədilər və uğurla keçdilər”.
 
Şagirdlərin ingiliscə təqdimatı…
 

Şagirdlərin iştirak etdiyi digər kateqoriya isə təchizat idarəsidir (Hardware control). Bu kateqoriyada iştirakçılardan qurğu hazırlamaq və həmin qurğunu idarə edən proqram yazmaq tələb olunur. Liseyin 9-cu sinif şagirdləri Murad Məmmədli və Həmid Əlisoy dizüstü komyuter və naqilsiz siçanların batareya effektivliyini artıran qurğu tərtib ediblər. Onlar münsiflərin önündə təqdimatı ingilis dilində uğurla edərək bürünc medal qazanıblar.
 
"Həyəcanıma qalib gəldim”
 
Həmid deyir ki, informasiya texnologiyaları onun hər zaman diqqətində olub. Bu sahədə uğurlu olduğu üçün müəllimləri onu olimpiadada ölkəni təmsil etmək üçün seçiblər: "İlk dəfə həyəcanlı idim. Stendlərimizin başına keçdikdən sonra bütün həyəcanıma qalib gəldim. Biz ölkəni təmsil edirdik və bu, böyük məsuliyyətdir. Jürinin qarşısında da ölkəmizi layiqincə təmsil etdik”.
Həmid olimpiadada macar həmyaşıdı ilə dost olub və hər ikisi bir-birinə ölkələri haqqında məlumat veriblər: "Bizim söhbətləşdiyimiz bütün ölkələrin şagirdlərinin Azərbaycan haqqında məlumatları var idi. Hamı bizi neft ölkəsi kimi tanıyırdı və layihəmizə böyük maraq var idi. Macarıstan Avropa ölkələri ilə müqayisədə fərqlidir. Macar dostum öz ölkəsindən danışdı və mən Azərbaycan haqqında ona məlumatlar verdim. Bakı bulvarına virtual səyahət etdik. Şəhərin mərkəzi hissələrini uşaqlara göstərdim. Onlar da həmçinin ölkələrini göstərirdi”.
 
"Özümüzü itirməyə haqqımız yox idi”
 
Murad Məmmədli də 9-cu sinif şagirdidir. Kompyuterə xüsusi marağı olduğu üçün müəllimləri bu məsuliyyəti onun çiyinlərinə qoyub: "İlk dəfə həyəcanlanıb, narahat olurduq. Stendlərə yaxınlaşıb məlumat verdikcə həyəcanımız da itirdi. Çiyinlərimizdə ölkəmizi təmsil etmək kimi bir məsuliyyət var idi. Həyəcanlı olub özümüzü itirməyə haqqımız yox idi. Bizim layihənin adı kompyuterin batareyasının səmərəliliyini artırmaq idi. Maddə var ki, diskə təzyiq göstərdikdə elektrik əmələ gətirir. Biz o diskləri klaviaturanın altına yerləşdiririk və hər dəfə klaviaturanı basdıqda elektrik əmələ gəlir. Sonra elektriklər batareyada toplanır və onun ömrü uzanır. Bu layihəmiz də orada bəyənildi və yer tutduq”.
Medalçılarımızla söhbətləşdikdən sonra Sahil müəllim vurğuladı ki, qarşıda liseyin şagirdlərini daha 2 məsuliyyətli olimpiyada gözləyir və onlar gərgin şəkildə hazırlaşırlar: "Bu, bizim ilk təcrübəmiz idi və uğur qazandıq. Bu il 4 istiqamət üzrə müraciət etdik. Bunların 3-nə qəbul almışıq. Bunlardan biri infomatriks idi, digəri Kosta-Rikada keçiriləcək dünya robot olimpiadasıdır. Orada Azərbaycanın komandasının tərkibində iştirak etmək üçün hazırlıqlarımız gedir. Növbəti yarış isə iyun ayında Nyu Yorkda keçiriləcək. Buradakı layihəmiz ətraf mühitlə bağlıdır. Nyu York olimpiadasına 6 nəfərlik şagird qrupuyla hazırlaşırıq”.
Təmsilçilərimizə uğurlar arzu edirik…
Aygün ƏZİZ
 








 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN