AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kaspi liseyində Xocalı şəhidləri anıldı

Kaspi liseyində Xocalı şəhidləri anıldı

Cəmiyyət
26 Fevral 2020, 18:19 637
Sona Vəliyeva: "Xocalı faciəsi Azərbaycan xalqının tarixində unudulmayan soyqırımı hadisəsidir”

28 il əvvəl Azərbaycan tarixində silinməz iz qoyan bir hadisə yaşandı. Bu iz 28 ildir ki, xalqımızın dərin yarası olaraq qalır. 1992-ci ilin 26 fevralı ölkə tarixinə "Xocalı faciəsi” kimi yazıldı. Biz bu tarixi nə unuda, nə də unutdura bilərik. Çünki keçmişini unudan bir xalqın gələcəyi olmaz. Bu tarixi günü hər il xatırlayır, həmin gün vətən uğrunda düşünmədən öz canları qurban verən şəhidlərimizi qürur hissi ilə anırıq. Onlar bu günü öz qanları həm tarixə, həm də yaddaşlara həkk etdilər.
Bu tarixi unutdurmamaq üçün hər il fevral ayında müxtəlif səpkili tədbirlər keçirilir. Bu işdə təhsil ocaqlarının rolu böyükdür. Onlar gələcək nəsillərimizi vətənpərvərlik ruhunda böyütməli, bu tarixi onlara olduğu kimi anlatmalıdırlar. Gələcək nəsillər öz düşməninin kim olduğunu bilməlidir. Qeyd edilən tədbirlərdən biri də "Kaspi” liseyinin Bakıxanov filialında keçirildi. Tədbirdə "Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva, liseyin müəllim, şagird kollektivi və valideynlər iştirak edirdi.
Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himini ilə başladı. Daha sonra 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi. Şəhidlərin xatirəsi yad edildikdən sonra liseyin şagirdlərinin iştirakı ilə "Xocalımın Harayı” adlı bədii kompozisiya təqdim edildi. Şagirdlər həmin gecə yaşananları kiçik səhnəciklər vasitəsilə yenidən auditoriyada əyləşənlərin gözü önündə canlandırdılar. Bu balacalar həmin günün şahidi olmasalar belə, hiss olunurdu ki, o gün xalqımızın yaşadığı ağrı-acını duya biliblər.
Ədəbi-bədii kompozisiyadan sonra isə söz "Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva verildi. O, qeyd etdi ki, ermənilər nəinki bizim insanlarımızı, həmçinin mədəniyyət abidələrimizi də məhv edərək milli şüurumuzu, yaddaşımızı silmək istəyiblər: "Hazırda tariximizdə hər zaman xatırlanacaq bir hadisənin ildönümünü qeyd etmək üçün buradayıq. Bildiyimiz kimi, 28 il öncə Xocalı faciəsi baş verdi. Əslində, bu faciə bir gündə olmamışdı. Ermənilərin Azərbaycana köçürülməsi, öz doğma yurdumuzdan, ocağımızdan onlara pay verməyimiz zamanla özümüzün faciəmizə çevrildi. Ocağımızın başında yer verdiyimiz mənfur, nankor bir millət düşmənimiz oldu. Bu gün bu hadisəni xatırlayanda, yadıma Həsən bəy Zərdabinin bir sözü düşür. O deyirdi ki, bunlar papaqlı arxalığı keçirib başlarına ibadət adı ilə kilsəyə yığıldılarsa, demək, Azərbaycan xalqının növbəti qətliamı üçün planlar hazırlayırlar. Görünən odur ki, böyük mütəfəkkir uzaqgörən olub. O vaxtdan onların necə bir millət olduğunu duyub. Xocalı faciəsi Azərbaycan xalqının tarixində unudulmayan soyqırımı hadisəsidir. Bu gün Azərbaycan dövlətinin apardığı siyasi kursun bir xətti də başımıza gələn bu hadisənin qətliam kimi yox, məhz etnik təmizləmə və soyqırımı kimi başqa ölkələr tərəfindən tanınmasına nail olmaqdır. Mən əminəm ki, ölkəmizin hansısa bir ziyalısını istər fevral ayında, istər başqa aylarda saxlayıb, "Xocalı sizin üçün nədir?” - deyə soruşsanız, mütləq ilk növbədə 613 nəfərin qətlə yetirilməsini, onlardan neçəsinin qoca, uşaq, qadın olduğunu söyləyəcək. Digər tərəfdən ermənilər, sözün əsl mənasında bizim mədəniyyət abidələrimizi də dağıdıblar. Bunun özü insan ölümündən də böyük faciədir. Yəni bir insanın milli yaddaşı, şüuru ilə bərabər, onun yaratdığı milli mədəniyyət məfhumunu da məhv etmək istəyiblər. Mən çox təəssüf hissi ilə qeyd edirəm ki, Xocalı soyqırımına siyasi qiymət yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildi. Hazırda ölkə rəhbəri İlham Əliyevin də 16 illik fəaliyyəti dövründə bu məsələ dünyanın bütün ölkələrində qaldırılmaqdadır. Belə ki, ölkəmizin səfirlikləri olan ölkələrdə 26 fevral Xocalı soyqırımı günü ilə əlaqədar tədbirlər keçirilir”.
 
Günel