• şənbə, 20 Aprel, 14:46
  • Baku Bakı 23°C

“Kaspi” ailəsinə bir dəfə daxil oldunsa, daha oranı tərk edə bilməzsən”

09.12.16 16:12 2403
“Kaspi” ailəsinə bir dəfə daxil oldunsa, daha oranı tərk edə bilməzsən”
Vaxtilə yolları "Kaspi”dən keçən, bu gün müxtəlif yerlərdə və vəziflərdə çalışan keçmiş "Kaspi”çilər özlərinə bu gün də doğma hesab etdikləri qəzetlə bağlı təəssüratlarını 135 illik yubiley buraxılışımızda bizimlə bölüşdülər.

Azərbaycan Dillər Universitetinin İnformasiya Departamentinin rəhbəri Araz Ağayev "Kaspi”ni bir ailə hesab etdiyini bildirdi: "Əvvəla, deyim ki, mən özümü keçmiş yox, həm də indiki "Kaspi”çi sayıram və zənnimcə, vaxtilə bu qəzetdə çalışmış hər kəs də eyni düşüncəni bölüşür. Bu mənada "Kaspi” ailəsini doğma və harada oluruqsa-olaq, bizdən öz qayğısını əsirgəməyən bir ailə hesab edirəm. "Kaspi”yə digər baxımdan yanaşdıqda, o, məktəbdir. Həm də elə bir məktəb ki, burada hər kəsə təkcə yazar kimi formalaşmaq deyil, insanlıq, mehribanlıq, sevinc və kədəri iş yoldaşınla bölüşmək, yardımlaşmaq kimi mühüm xüsusiyyətlər aşılanır. "Kaspi” ilə bağlı xatirələrimin hamısını yazsam, yəqin ki, bir kitaba sığışmaz. Üstəlik, çox yazıb müəllifə və redaktor həmkarlarıma əziyyət vermək istəmirəm. Çünki ortada həm də illərin duz-çörək söhbəti var. "Kaspi” ailəsində isə duz-çörəyə həmişə ehtiramla yanaşılıb. Bir sözlə, yubileyimiz mübarək, əziz dostlar! Var olun! Sevimli qəzetimizin 185 illik yubileyini birgə qeyd etməyimiz arzusuyla hər birinizə uğurlar arzulayıram”.

Bakı Dəniz Vağzalının müdiri Rüstəm Qaraxanlı deyir ki, təqribən 10 illik jurnalistika fəaliyyətində "Kaspi"nin ayrıca yeri var: "Məsələ burasındadır ki, mətbuatda ilk addımlarımı da "Kaspi"də atmışam, qəzetçiliklə vidalaşanda da son yazılarım bu qəzetdə işıq üzü görüb. İlk dəfə 1999-cu ilin oktyabr ayında gəlmişəm "Kaspi”yə, təqribən bir il işlədikdən sonra fəaliyyət yerimi "Azərbaycan” qəzetinə dəyişmişəm, ancaq hətta orada parlament müxbiri olanda belə, "Kaspi” ilə əməkdaşlığımı davam etdirmişəm. Əməkdaşlıq deyəndə ki, "Kaspi”çilərin hamısı ilə eyni "qazan”da qaynayıb-qarışmışdıq, yaşlarımız eyni, mətbuat yolumuz eyni... Bu qəzet iş yerindən əlavə, bir növ toplaşıb deyib-gülmək, dərdləşmək üçün yuvamız olub. Mənim üçün "Kaspi”nin ən mühüm özəlliyi də məhz budur. Təsadüfi deyil ki, sonralar həmin həmkar dostlarımdan ikisi bu qəzetin baş redaktoru oldular. Bu, çox yaxşı ənənə idi, baş redaktor işçilərinin potensialı ilə yanaşı, çətinlikləri, çatışmazlıqları, sıxıntılarına da bələd idi. Ona görə də bu kollektivdə gülüş və zarafatlı günlərimiz hər hansı bir narazılıq, narahatlıq anlarından ölçüyə gəlməz dərəcədə çox olub. "Kaspi” həm də bir emalatxanadır, bu qəzetin sıralarından çıxan əməkdaşlar indi ən müxtəlif sferalarda qabaqcıl mövqelərə malikdirlər. İlyarımdır ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işləyirəm, hazırda tikilməkdə olan Ələt limanı, Ələt Azad İqtisadi Zona ölkədə ən iri və gəlirli qeyri-neft sektoru təmsilçilərindən biri olmaqla milli iqtisadiyyatımızda mühüm rol oynayır və rolunu böyütməyə çalışır. Təbii ki, işimdə əvvəlki əmək fəaliyyətim, o cümlədən "Kaspi”də əldə etdiyim təcrübə mühüm rol oynayır. Əminəm ki, mənim kimi, digər həmkarlarım da bir vaxtlar "Kaspi”də işlədiklərinə görə fəxr edirlər, o günlərimizi təbəssümlə xatırlayırlar. "Kaspi” bir birləşdirici qüvvədir, istər işdə, istər çay süfrəsi arxasında, istərsə də hər şənbə futbol sahəsindəki oyunlarımızda iştirakçıların mayəsini yenə də "Kaspi”çilər təşkil edir. Bu komandanın baş məşqçiləri dəyişə bilər, ancaq oyun stili sabit qalmaqdadır: Bir dəfə "Kaspi” ailəsinin üzvü oldunuzsa, daha onu tərk edə bilməzsiniz”.
APA TV-nin redaktoru İlham Sultanov "Kaspi”ni özü üçün mətbuat məktəbi hesab edir: "Faktiki olaraq yazılı mətbuatın incəliklərini mən burada öyrənmişəm. "Kaspi” ölkə mətbuatı üçün peşəkar jurnalistlər yetişdirib, mətbuatda ilk addımlarını atan gənclərə qapılarını açıb, onlara dəstək olub. "Kaspi”də çalışdığım illər xoş xatirə kimi yadda qalıb. Mənim üçün doğma olan qəzetə, kollektivə uğurlar diləyirəm, daha böyük zirvələri fəth etməyi arzulayıram”.
İTV-nin İnformasiya departamentinin böyük redaktoru Eldəniz Sucəddinoğlu deyir ki, 20 illik jurnalist fəaliyyətinin 6 ili bu qəzetlə bağlıdır: "Artıq 20 ildir jurnalistikadayam. Bu iyirmi ilin altı ilini, daha dəqiq desəm, 1999-cu ildən 2005-ci ilin iyun ayına qədər "Kaspi”də işləmişəm. Bu qəzetdə çalışdığım müddətdə əsasən sosial sahədən yazırdım. Əvvəla ordan başlayım ki, "Kaspi”də işlədiyim dövrdə burada yaradıcılığını ortaya qoymaq, inkişaf etmək və jurnalistikaya yeni başlayanlar üçün gözəl şəraitin yaradılmasının şahidi olmuşam. Jurnalist fəaliyyətimdə dadıma çatan peşəkarlığı məhz bu qəzet mənə öyrədib. Araşdırmalar zamanı mövzuya obyektiv yanaşma, balansı qorumaq, jurnalist üçün vacib olan söz ehtiyatımın artmasında bu qəzetin böyük rolu olub. Vaxtilə birlikdə çalışıdığımız "Kaspi”çilərin bir çoxu hazırda müxtəlif yerlərdə işləyir. Hazırda "Kaspi”də işləməsək də, hər birimiz mehriban, səmimi və doğma olan bu kollektivlə əlaqə saxlayıb mütəmadi görüşürük. Sizi və özümüzü qəzetimizin yubileyi münasibətilə təbrik edirəm. Bayramınız, bayramımız mübarək!”
"Worldmedia.az” saytının əməkdaşı Sənan Ağamalızadədə 135 illik yolun yolçularındandır. O, qəzetin onun həyatındakı rolundan bəhs etdi: "135 illik yubiley münasibətilə baş redaktor İlham Quliyev başda olmaqla, "Kaspi” qəzetinin bütün əməkdaşlarını, oxucularını təbrik edirəm. İlk olaraq deməliyəm ki, bu qəzetin mənim jurnalist, tərcüməçi kimi formalaşmağımda böyük rolu olub. "Kaspi”dən qabaq daha çox məlumat xarakterli xəbərlər üzərində ixtisaslaşmışdım. "Kaspi”də isə daha geniş məqalələrin, həmçinin analiz xarakterli yazıların üzərində işləməyə başladım. Müxtəlif məqalələri tərcümə elədim. İlk dövrlərdə bu proses mənim üçün çətin idi. Lakin Natiq müəllimin və İlham müəllimin dəstəyi ilə bu problem qısa zamanda həll olundu. Əlbəttə ki, Azər müəllimin əməyini də unuda bilmərəm. Böyük ustad adlandırdığım Azər Nuriyev həmişə mənə dəstək olub və heç vaxt yardımını əsirgəməyib. Yeni iş yeri hər bir insan üçün bəzi çətinliklər yarada bilər. Yeni atmosfer, yeni kollektiv, yeni rəhbər. Amma yoldaşlarımın sayəsində yeni iş yerinə tez uyğunlaşdım. Bundan başqa, təvazökarlıqdan uzaq olsa da, bu məqamı qeyd etməliyəm ki, "Kaspi”də daha da inkişaf etdim və yaxşı jurnalist və tərcüməçi kimi formalaşdım. "Kaspi” gənc jurnalistlərin öz potensialını göstərdiyi qəzet, böyük məktəbdir. "Kaspi”də Təranə Məhərrəmova, Azər Nuriyev, Lalə Musaqızı, Rufik İsmayılov kimi jurnalistlərin yazılarını indiyədək böyük zövqlə oxuyuram. Qəzetdə heç vaxt unutmayacağım məqam "planlaşdırma” zamanı aparılan müzakirələr olub. Düzünü desəm, indi də bu müzakirələr üçün darıxıram. "Kaspi”çilər mənim üçün sadəcə iş yoldaşları deyildi. Onlar mənim üçün əziz insanlardır və bu, həmişə belə qalacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qəzetlə bağlı xatirələrini bölüşdü: "İlk növbədə "Kaspi” qəzetinin, bir vaxtlar çalışdığım, həmişə doğma hisslər bəslədiyim bir qəzetin rəhbərliyini və bütün kollektivini 135 illik yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Hər bir mətbu orqanın müsbət ictimai imicinin formalaşmasında ən vacib faktor onun cəmiyyətin həyatına, ictimai-siyasi proseslərə nə dərəcədə adekvat və obyektiv mövqedən yanaşması, milli maraq və mənafeləri, mənsub olduğu ölkənin, dövlətin ideoloji kursunu öz fəaliyyətində dolğun şəkildə ifadə edə bilməsidir. "Kaspi”nin fəaliyyəti də məhz bu vacib missiyaya sədaqət hissinə köklənib. 1881-ci ildən nəşr olunan "Kaspi” elə həmin vaxtlardan da "Əkinçi” qəzetinin açdığı cığırla irəliləyib, maarifçilik hərəkatının genişlənməsində, milli məfkurənin inkişafında, həmişə ictimai rəyin düzgün istiqamətdə formalaşdırılmasında öz fəal rolunu oynayıb və hazırda da bu istiqamətdə yoluna inamla davam edir. Ümumilikdə, "Kaspi”nin keçib gəldiyi yol – elə bu xalqın XIX əsrin sonraından bəri tarixinin bir güzgüsü olub, bu dövrdə xalqın bütün yaşantıları, ictimai həyatın mənzərəsi "Kaspi”nin səhifələrində tarixləşib. Təsadüfi deyil ki, bu tarixin araşdırılmasında da əsas mənbələrdən biri kimi "Kaspi” qəzeti çıxış edir. Jurnalistika sahəsində fəaliyyətimin müəyyən bir dövrü "Kaspi” qəzeti ilə bağlı olub və həmin dövrü həmişə xoş duyğularla xatırlayıram. Ayrı-ayrı jurnalistləri öz ətrafında səmimi, mehriban münasibətlərlə birləşdirən bu qəzet təkcə jurnalistlər üçün adi iş yeri olan bir mətbu orqan deyil, həm də onların yaradıcılıq potensiallarının formalaşmasına, peşəkarlıq səviyyələrinin yüksəlməsinə, ictimai-siyasi baxışlarının təkmilləşməsinə xidmət edən bir məktəbdir. "Kaspi” səhifələrini mənasız sensasiyalara hesablanan xəbərlərlə deyil, cəmiyyət üçün aktual məsələlərə, önəmli mövzulara dair informasiya və analitik materiallarla zənginləşdirən, bununla da özünün ciddi oxucu auditoriyasını formalaşdıran, həmişə bu xalqın yanında olan və onun həyatının bir hissəsinə çevrilmiş bir qəzetdir. "Kaspi” ailəsində əhatə olunduğum doğma mühit və dəyərli insanlar bu qəzetdən uzun müddətdir ayrılmağıma baxmayaraq, həmişə mənim üçün qiymətlidir və əzizdir. Onların sırasından ayrıldığımı da düşünmürəm və bu gün də özümü "Kaspi”çi kimi hiss edirəm. Sizi bir daha təbrik edirəm, "Kaspi”nin bütün kolllektivinə, yaradıcı heyətinə uğurlu sabahlar, sevinc dolu günlər arzu edirəm”.
qhtxeber.az saytının baş redaktoru, Sosial Təşəbbüslər Mərkəzi İB-nin sədri Sənan Nəcəfov "Kaspi” ilə əməkdaşlığının Çexiyada təhsil aldığı vaxtlara təsadüf etdiyini söylədi: "Baş redaktorla razılaşmaya görə, qəzetin Şərqi Avropa müxbiri kimi fəaliyyət göstərirdim. Daha çox təhsilə başım qarışdığı üçün "Kaspi”dən aldığım qonorar mənim üçün önəmli idi. Təhsilimi başa vurduqdan sonra Bakıya döndükdə, iş yeri axtarmaqda çətinlik çəkmədim. Ağıllı idarəçilik, peşəkar heyət, mehriban kollektiv - işlədiyim az müddətdə təsəvvürümdə yaranan təəssürat bu oldu. Elə yadımda qalan da. Ciddi, səs-küy yaradacaq araşdırmalarım da oldu, reportajlarım da. Birini deyim. Bildiyimiz kimi, Leonid Qaydayın məşhur "Brilliant əl” filminin ən maraqlı hissələri - xarici səfər Bakıda çəkilib. Xatirimdədir, isti iyul ayında, İçərişəhərdə çəkilişlər aparılan yerləri tapmaq, filmin çəkilişdə iştirak etmiş insanlarla görüşmək, məşhur "çert poberi” nöqtəsində yıxılaraq poz verməyi yazıya köçürmüşdüm və 2009-cu il üçün ən yaxşı reportaj hesab olunmuşdu. Bundan başqa, "Kaspi”də olduğum müddətdə 3 böyük yazı yarışmasında 1-ci yerə layiq görülmüşdüm. Bunların hamısı yəqin ki, uzun müddət xoş xatirə kimi yaddaşımda qalacaq. Düşüncəmə görə, müstəqil mətbuatımızın inkişafında "Kaspi”nin yeri fərqlidir. 3 əsrin qəzeti olan "Kaspi”də həm ötən əsrin əvvəlindəki Azərbaycan kişisinin simasındakı mühafizəkarlıq var, həm də hazırda yeni medianın mətbuata sirayətindəki müasirlik. "Kaspi” Azərbaycan mətbuatında bəlli nöqtələrdə mühafizəkarlığı, yerində isə müasirliyi tətbiq edən nadir nümunələrdəndir. Azərbaycan dövlətinin və cənab Prezidentin apardığı məqsədyönlü siyasətin təkrarsız təbliğatçısı, analitik təfəkkürlü dəstəkçisi, siyasətin adekvatıdır. Məncə, "Kaspi”yə olan hörməti formalaşdıran əsas amillərdən birincisi də budur. Kollektivə uğurlar, nailiyyətlər və yeni-yeni yaradıcılıq tapıntıları arzulayıram. Hər zaman qələmi iti, zehni açıq, düşüncəsi hüdudsuz və siması bir olsun!”

Şəbnəm
banner

Oxşar Xəbərlər