• şənbə, 20 Aprel, 02:50
  • Baku Bakı 15°C

Kasıb olsaq da, pozitiv mühitdə böyümüşəm - Uğur hekayəsi

18.10.19 10:00 4143
Kasıb olsaq da, pozitiv mühitdə böyümüşəm - Uğur hekayəsi
50 şirkətdən imtina alıb. Özünü şanslı hesab etmir, amma uğurludur. Şansdan çox alın tərinə, çəkdiyi əziyyətə inanır. Deyir ki, inanmaq əldə etmənin yarısıdır. Özünə inandınsa, mütləq uğurlu olacaqsan. Şanslı olmasan belə... Ona görə insanın həyatdakı ən böyük şansı, ümidinin ölməməsidir.

MüsahibimizEstoniyada "Finnair” şirkətində işləyən Novruz Məmişovdur.

Novruz 1994-cü ildə Qazaxda anadan olub. Elə orta mə jktəbə də 2000-ci ildə Qazaxda başlayıb. Lakin maddi vəziyyətləri yaxşı olmadığı üçün təhsilinə Bakıda davam etməli olub: "Dolanışıq səbəbindən Bakıya köçdük və orta məktəbə burada davam etdim. 6-cı sinifdən sonra məktəbin liseyində riyaziyyat təmayülü üzrə oxudum. Lisey sinfinin Yaponiya, Amerika ilə işbirliyi var idi və ingilis dili dərsləri keçirdik. 2009-cu ildə ilk dəfə layihəyə qoşuldum. 10 nəfər Amerikaya gedib təlimlərdə iştirak etdik. 15 yaşımdan sonra məndə xaricə getmək istəyi yarandı. 2010-cu ildə isə təlimçilər Amerikadan buraya gəldilər və təlimin davamı oldu. Eyni ilin yayında məktəbdən başqa layihəyə qoşulduq, Türkiyədə təlimlərdə iştirak etdik. 2011-ci ildə ADA-ya qəbul oldum, biznesin idarə edilməsi fakültəsində 5 il təhsil aldım. Universitet vaxtı da təlimlərdə iştirak edir, layihələrə qoşulurdum. Ukraynada 6-18 yaşlı şagirdlərə Azərbaycan mədəniyyəti ilə bağlı məlumatlar verirdim. Daha sonra Polşaya getdim, 6 həftə də orada işlədim. Bu dəfə şagirdlərim 4-10 yaş arası idi. Layihə bitdikdən sonra Azərbaycana qayıdıb təhsilimə davam etdim. 2015-ci ildə tələbə mübadiləsi ilə Erasmus proqramı çərçivəsində Estoniyaya yollandım, Tartuda təhsil aldım. Və qərar verdim ki, magistr təhsilimi də Tartuda alacağam. Tələbə mübadiləsi bitdikdən sonra ADA-dan məzun oldum, magistratura təhsili üçün Tartuya müraciət etdim. Burada pulsuz təhsil imkanı qazandım. Sayısal iqtisadiyyat fakültəsində oxudum. Təhsil pulsuz olsa da, təqaüd almırdım. Maddi vəziyyətim yaxşı olmadığı üçün orada gecə klubunda işləməyə başladım. Qarderobda paltar asırdım. 1 il yarım orada işlədim, gündüzlər oxuyub, həftəsonu da daxil olmaqla, gecələr işləyirdim. 2018-ci ildə "Finnair”də yay proqramı var idi. Universitetdə oxuyan tələbələr həmin proqramdan keçirdilər. Həmin layihəyə müraciət etdim və qəbul oldum. 3 ay bitdikdən sonra həmin şirkətdən biznes analist və data mütəxəssisi vəzifələri üçün iş təklifi gəldi. Mən biznes analisti seçdim. Həmin il də magistr təhsilimi tamamladım. Tartuda sayısal iqtisadiyyatı bitirən ilk azərbaycanlıyam”.

- Bir az doğulduğun, böyüdüyün mühitdən danışaq. Necə ailədə böyümüsünüz?
- Ailəm 4 nəfərdən ibarətdir və mənə hər zaman dəstək olublar. Qohumlarım həmişə məni inandırıblar ki, hər şeyi bacararsan. Mənə o qədər güvənirdilər ki, həqiqətən nə istəyirdimsə, həyata keçirdi. Ailəmin dəstəyi, motivasiyası olmasa idi, bəlkə də indiki yerdə olmazdım. Ailəm məni dəstəkləməsəydi indi bir universitet bitirib, iş tapıb həyatımın sonuna qədər işləyəcək, durduğum yerdə sayacaqdım. ADA Universiteti açılanda xəbərim yox idi. Telefondan, internetdən uzaq idim. Bu yolu mənə atam göstərdi. 13 yaşıma qədər kasıb mühitdə böyümüşəm. Atam işdən evə gəlirdi. Axşamlar da evə pul gəlməsi üçün çalışır, başqa şirkətlərin kiçik işlərini götürürdü. Atam həmişə çalışırdı ki, onun cavanlıqda gördüyü çətinliyi biz görməyək. İnsan belə bir ailədə böyüyəndə istəmir ki, valideynlərinin xəyallarını puç etsin. Valideynlərim həmişə mənə deyirdi ki, oxusan, istədiyin hər şeyə nail olacaqsan. Məcbur etmirdilər, sadəcə, məsləhət görürdülər. Amma elə ailə var ki, uşaq oxumayanda, onu məcbur edirlər. Bizdə belə olmayıb. Mənə təhsil almağın vacibliyini o qədər asan dillə izah edirdilər ki... Buna görə də ailəmə minnətdaram. Kasıb olsaq da, pozitiv mühitdə böyümüşəm. Düşünürəm ki, bu gün səni sən edən keçmişində baş verən hadisələrdir. Məni də mən edən ailəmdir.
- Belə bir deyim var: xəyal qurarkən ehtiyatlı ol, reallığa çevrilə bilər. Real olan xəyalınız varmı?
- Heç vaxt qeyri-real xəyallar qurmurdum. Gerçəkləşən xəyalım xaricdə təhsil idi. Həmişə yaxın gələcəklə bağlı xəyallar qururdum və həqiqətən həyata keçirdi. Çox uzaq və real olmayan xəyallar qurmuram. Bəlkə də, xəyallarım məqsədim olub. Düşünürəm ki, insan çox buludların üzərində uçmamalıdır və imkansızı arzulamamalıdır. Həmin xəyal həyata keçməsə, insan daha çox inciyər. Ona görə də reallığa yaxın xəyal qurmağın tərəfindəyəm.
- Amerika, Polşa, Ukrayna, Türkiyə, Estoniya... İndiyədək müxtəlif mühitlər və cəmiyyətlər görmüsünüz. İnsanı mühit və cəmiyyət dəyişə bilərmi?
- Cəmiyyət insanı, insan da cəmiyyəti formalaşdırır. Məsələn, bir cəmiyyət fikirləşək, orada piyada keçidində qırmızı işıqdan keçmək sənə cərimə yazdırmır. Həmin yerdə yol boşdur. Nə sağdan, nə soldan maşın gəlir. Amma insanlar yolu keçmir, qırmızıda dayanır və gözləyir. Mən ilk vaxtlar Tartuda buna qəribə baxırdım. Deyirdim yol boşdursa, gözləməyin nə mənası var? Amma bir müddət sonra hamı gözlədiyi üçün mən də gözləməyə başladım. Bu adi misalda məni məhz həmin cəmiyyət formalaşdırdı. Cəmiyyətin insanın formalaşmasında rolu böyükdür.
- Bir az da iş xüsusiyyətlərinizdən danışaq... "Finnair”də bir azərbaycanlı gəncə münasibət necədir?
- Bizim Yaponiyada, Hindistanda, Tartuda, Helsinkidə ofislərimiz var. Komandamız iki yerə bölünür. Bir qismimiz Tartuda, bir qismimiz isə Helsinkidə oturur. Tartu ofisində işləyən ilk azərbaycanlıyam. Hansı ölkəni təmsil etməyimə baxmayaraq, münasibət çox yaxşıdır. Çünki onlar sənin hansı ölkədən gəldiyinə deyil, şəxsi keyfiyyətlərinə və bacarıqlarına baxırlar. Müsahibədən keçərkən işə qəbul zamanı insanların şəxsi keyfiyyətlərini dəyərləndirən suallar olur. Ona görə də iş mühitim çox rahatdır. Bizim komandada Türkiyə, Yaponiya, Finlandiya, Hindistandan işçilər var. Ona görə də orada özümü əcnəbi kimi hiss etmirəm. Orada hər kəsə bir ailə kimi yanaşırlar və sən də bu ailənin parçasısan. Hamı bir-biri ilə xoş münasibətdədir. Hər dəfə Bakıya gəlib Estoniyaya qayıdanda dolma, şəkərbura, paxlava, çay gətirməyimi istəyirlər. Yeməklərimizi və çayımızı çox bəyənirlər.

- Azərbaycan üçün darıxırsanmı?
- Xaricdə yaşamağın çətinliyi odur ki, vəziyyətin nə qədər yaxşıdırsa, o qədər ölkən üçün darıxırsan. Belə bir deyim var ki, qlobal ola bilmədən, milli ola bilməzsən. Bu sözü indi başa düşürəm. İnsanda ölkəyə qəribə bağlılıq, istək olur. Azərbaycan üçün çox darıxıram. Hansısa hadisə ilə rastlaşanda deyirəm ki, qurban olaram öz millətimə. İnsan hansı ölkədə olursa olsun, öz vətəni, torpağı, çörəyi üçün darıxır. Bütün gedənlər bir gün mütləq öz vətəninə qayıtmalıdır.
- Ənənəvi sualımız uğur sirriniz nədir?
- Uğurun ən böyük sirri inanmaqdır. İnanmaq həyata keçmənin yarısıdır. Sən əgər bir şeyə nail olacağına, əldə edəcəyinə inanırsansa, deməli, məqsədinə çatmaq üçün yolun yarısını keçmisən. Bir də ən əsası insan bezməməlidir. Məsələn, bir yerə müraciət etdin yox cavabı gəldisə, ikinci, üçüncü, dördüncü dəfə et. Mən buradakı işi tapana qədər 50 yerə müraciət etmişəm. İnsan inanc və ümidini buraxmamalıdır. Əgər nəyəsə nail olmaq istəyirsənsə, bu zaman sonuncu ölən ümidlər olmalıdır.


- Bəs şansa inanırsınızmı? Ümumiyyətlə, şanslı olduğunuzu düşünürsünüz?
- Özümü şanslı hesab etmirəm. Uğurlu karyerada şansdan çox əziyyət çəkmək lazım olur. Gərək tər tökəsən ki, bəhrəsini görəsən. Gecələr klubda paltar asırdım ki, gündəlik xərclərim çıxsın. "Finnair”də işə düzələnə qədər 50-yə yaxın imtina aldım. Bir müddət kuryerlik etdim. Daha sonra "Finnair”də təcrübə keçəndə, öz işimi bitirdikdən sonra iş yoldaşlarıma kömək edirdim ki, özümü tanıdım. Daha sonra işə götürmə prosesindən keçdim və 2 komanda da mənə "full time” iş təklif etdi. Bunlar əziyyətimin bəhrəsi idi.

- Alınmayanda, tökdüyün tərin bəhrəsini görməyəndə özünü necə motivasiya edirdin? 50-yə yaxın imtinanı həzm etmək yəqin ki, asan başa gəlməyib...
- İnsan çox "yox” alanda sözsüz ki, mənəvi olaraq sınır. Müəyyən vaxtdan sonra artıq bu duruma alışdım və yox cavabı mənim üçün adi oldu. Hətta axşam yatmağa gedəndə oradakı dostlarımla zarafatlaşırdım ki, çox şükür bu gün də bir "yox” gəldi. Həmişə pozitiv qalmağa çalışmışam. Zaman hər kəs üçün fərqli işləyir. Obama 55 yaşında təqaüdə çıxır, Trump 70 yaşında prezident olur. İçimdən həmişə inanc olub ki, əvvəl axır qarşıma yaxşı bir şans çıxacaq. O şans çıxana qədər gərək ruhdan düşməyim, CV yollamağa davam edim. Çünki uşaqlıqdan bəri görmüşəm və öyrənmişəm ki, Allah heç kimin əziyyətini yerdə qoymur. Əziyyətin bəhrəsi gec-tez olur.

Aygün ƏZİZ






banner

Oxşar Xəbərlər