• cümə axşamı, 18 aprel, 17:38
  • Baku Bakı 22°C

Kardinal dəyişiklik üçün zaman lazımdır

20.08.16 11:10 2543
Kardinal dəyişiklik üçün zaman lazımdır
Azərbaycan Prezidenti İlham Əliyev region dövlətlərinin də təmsil olunduğu yeni formatların əsas təşəbbüskarıdır. Bu günə qədər mərkəzi fiqur ölkəmiz olmaqla Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya formatları yaradılıb. Böyük potensiala malik olan bu cür üçtərəfli əməkdaşlıq formatlarının bölgə, o cümlədən Azərbaycan üçün əhəmiyyəti, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Məmmədov cavablandırır.
- Hikmət müəllim, avqust ayının birinci ongünlüyü paytaxt Bakı Azərbaycan, İran, Rusiya prezidentlərinin zirvə görüşünə ev sahibliyi etdi və beləliklə yeni Azərbaycan-İran-Rusiya formatı yaradıldı. Buna qədər isə Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları yaradılmışdı. Bu cür qarşılıqlı görüşlərin keçirilməsi region, o cümlədən Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
- Bu görüşlərin qiymətini Prezident İlham Əliyev Bakıda keçirilən son zirvə görüşündə aydın şəkildə dilə gətirdi. O, Azərbaycan-İran-Rusiya prezidentlərinin görüşünü tarixi hadisə kimi xarakterizə etdi. Bu ifadənin altında görüşün əhəmiyyətini və məzmununu ifadə edəcək fikirlər var. Cənubi Qafqaz regionu olduqca həssas bir bölgədir. Bu regionda qüvvələr balansının düzgün müəyyənləşdirilməsi ilk növbədə buradakı dövlətlərin milli maraqlarını təmin etmək üçündür. Hazırda beynəlxalq münasibətlər sistemində baş verən proseslər, əksər hallarda bu proseslərdə yerli güc mərkəzlərinin funksionallığını və effektivliyini azaltmaqla, bəzi mərkəzlərin öz maraqlarını həyata keçirməsi siyasəti üzərində qurulur. Bunun üçün isə milli dövlətlərə təzyiqlər olunur. Biz bilirik ki, hazırkı mərhələdə müxtəlif qlobal dəyərlər manipulyasiya edilməklə Rusiya, İran, Azərbaycana müəyyən təzyiqlər olunur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev zirvə görüşündəki çıxışında Azərbaycanın hər zaman İran əleyhinə olan sanksiyaların qaldırılmasında maraqlı tərəf kimi çıxış etdiyini dilə gətirdi. Eynilə Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi məsələsində də ölkəmiz bunun əleyhinə olub, öz mövqeyini bildirib. Bütün bu faktlar onu diktə edir ki, regionun həqiqi güclərinin milli maraqlarının təmin edilməsi üçün Azərbaycan-İran-Rusiya kimi formatlar yaradılsın. Bu, tarixi bir zərurət idi. Ayrılıqda istənilən dövlət indiki qlobal təzyiqlərə qarşı effektiv mübarizə apara bilmir. Beynəlxalq münasibətlərin indiki mərhələsində müstəqil dövlətlər mütləq öz müstəqilliyinin bir hissəsini güzəştə getməyə məcbur edilir. Bu isə nəticə etibarilə milli maraqların təmin olunmasında, qorunmasında problemlər yaradır. Lakin Azərbaycan-İran-Rusiya kimi üçlü ittifaqlar milli dövlətlərin maraqlarının təmin olunması üçün yeni güc mərkəzləri formalaşdırmaqla, ciddi iqtisadi, siyasi əsaslar yaradır. Hadisələrə bu kontekstdən yanaşsaq, sözügedən zirvə görüşü sözün həqiqi mənasında tarixi hadisə idi. Düşünürəm ki, üçlü formatlar regiondakı dövlətlərin milli maraqlarına cavab verir.
- Bakıdakı görüşdən bir gün sonra Qərbin müttəfiqi, NATO ölkəsi Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə getdi. O, həmkarı Vladimir Putinlə görüşdü və ardınca bəyan etdi ki, Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradılacaq. Belə bir formatın yaradılması, perspektivləri barədə nə düşünürsünüz?
- Belə bir formatın yaradılması bugünkü siyasi gerçəkliyin tələblərindən irəli gəlir. NATO üzvü kimi Türkiyə son proseslərdə bir daha dərk etdi ki, bu müttəfiqlik prinsipial məsələlərdə maraqlarının qorunması üçün real hərbi-siyasi zəmin yaratmır, formalaşdırmır. Siyasət praqmatizmi sevir. Uzun illərdir Türkiyənin üzv olduğu, müttəfiqlik statusu daşıdığı hərbi-siyasi ittifaq bu ölkə daxilində baş verən hadisələrdə şübhəli bilinir. Bununla yanaşı, həmin ittifaqa üzv olan ölkələr də Türkiyə daxilindəki proseslərdə şübhəli bilinirlər və bunun üçün ciddi əsaslar var. Şübhəsiz ki, belə olan halda bu müttəfiqliyə yenidən baxılması zərurəti yaranır. Ona görə də Türkiyə-Azərbaycan-Rusiya formatının formalaşması və Ərdoğanın məlum bəyanatı obyektiv gerçəkliyin dərkindən irəli gəlir. İndiki mərhələdə müttəfiqliyə yenidən baxmaq zərurəti yaranıb. Ola bilsin mövcud müttəfiqliyin etibarlı olmasına şübhələr yaranıb, hansı ki, bunun üçün ciddi əsaslar da var. Bu kimi proseslərdə tarixə ekskursiya etmək gərəkdir. Türkiyənin NATO üzvü olmasının səbəblərini araşdırarkən biz görəcəyik ki, bu dövlət vaxtilə SSRİ blokunda iştirak edən ölkələrə qarşı olan subyekt kimi NATO-ya üzv edilmişdi. 1991-ci ildə SSRİ-nin parçalanmasından sonra bu zərurəti əsaslandıran şərtlər ortadan qalxdı. Bundan sonrakı proseslərə fikir versək görərik ki, Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələyə qədəm qoymasında NATO üzvü olan ölkələrin bir çoxunun marağı yoxdur. Belə olan halda, xüsusən də Ankara-Moskva münasibətləri yaxşılaşdıqca, vaxtilə Türkiyənin NATO-ya alınma səbəbləri öz əhəmiyyətini itirmiş olur. Hesab edirəm ki, bu məsələ dəfələrlə yenidən dəyərləndirilməlidir. Kardinal dəyişiklik üçün zaman lazımdır. Amma burası da var ki, artıq proses başlayıb. Belə davam edərsə, Türkiyə-Azərbaycan-Rusiya formatı çərçivəsində yeni müttəfiqlik konturları görünə bilər.
- Bütün bu formatlar çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti gündəmə gətirir, problemin sülh yolu ilə ədalətli həlli üçün səy göstərir. Sizcə, region dövlətlərinin təmsil olunduğu üçlü formatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər?
- Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya formatları ölkəmizin, onun rəhbərinin təşəbbüsü ilə yaradılıb. Hər bir formatda Azərbaycan coğrafi məkan etibarilə, həmçinin strateji baxımdan "açar” rolunu oynayır. Əslində belə formatları formalaşdıran da Azərbaycandır. Əgər belə formatları Azərbaycan formalaşdırırsa, ilk növbədə onun dövlət maraqları təmin olunmalıdır. Azərbaycanın milli və dövlət maraqlarının əsasında isə ilk növbədə ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli dayanır. Son vaxtlar baş verənlər də bunu təmin edəcək istiqamətdə cərəyan edən proseslərdir. Hələ SSRİ dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi başlayıb. Bu günə qədər ötən dövr ərzində heç vaxt beynəlxalq və regional şərtlər münaqişənin həlli ilə bağlı indiki kimi Azərbaycanın lehinə olmayıb. Bu şərtlər öz-özünə formalaşmayıb. Bunu Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət formalaşdırıb. Bu səbəbdən hesab edirəm ki, ciddi mərhələyə qədəm qoymuşuq. Problemin həlli ilə bağlı substantiv – nəticə gətirəcək real danışıqlar mərhələsinə qədəm qoyulub. Bir qədər əvvəl qeyd etdiyim kimi, mövcud şərtlər buna əsas yaradıb. Biz problemin həllinə mane ola ölkələri bilirdik. Bu gün həmin ölkələrlə Azərbaycan və Türkiyə arasında münasibətlər yüksək səviyyəyə qalxırsa, hətta gələcəkdə müttəfiqliyə çevriləcəksə, bu zaman Ermənistan əhəmiyyətini itirir. Ermənistan bununla sadəcə dövlət kimi deyil, eyni zamanda hərbi baza kimi də əhəmiyyətini itirmiş olur. Belədə isə Dağlıq Qarabağ münaqişəsinin daha uzun müddət davam etməsinə ehtiyac qalmır. Çünki, hegemon dövlətlər üçün artıq bu münaqişə Azərbaycana təzyiq baxımından əhəmiyyətini itirir. Bu gerçəklik Azərbaycanın lehinədir və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yekun nəticələrə gətirib çıxara bilər.
- Bu günlərdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Azərbaycanda rəsmi səfərdə oldu, hərbi sahədə əlaqələrin vəziyyəti ilə bağlı müzakirələr aparıldı. Rusiya ilə siyasi və hərbi əlaqələrin daha da inkişafı, bu əlaqələrdən irəli gələrək Rusiyanın Ermənistana təzyiqi, Dağlıq Qarabağ münaqişəsi həllinin daha da tezləşməsi mümkündürmü?
- Bu kimi səfərlərin əsasını məhz üçlü zirvə görüşündə qəbul edilmiş siyasi bəyannamədə qeyd olunan prinsiplər təşkil edir. Bu prinsiplər hərbi, siyasi, iqtisadi əməkdaşlığın, terrorizmə qarşı birgə mübarizənin daha da inkişaf etdirilməsi və sair məsələlərdən ibarətdir. 2003-cü ildən etibarən Azərbaycan hərbi sənayesi olan bir ölkəyə çevrilib. Hətta Azərbaycan öz hərbi sənayesinin istehsal etdiyi məhsulların ixracına da nail olub. Məhz bu faktor Rusiyanın, həmçinin onun müdafiə sisteminin diqqətini cəlb etməmiş deyil. Belə görüşlərdən sonra Azərbaycan hərbi sənayesinin yeni mərhələyə qədəm qoyması məsələsi də gündəmdədir. Regionda istifadə olunan hərbi vasitələrin böyük əksəriyyəti sovet və Rusiya hərbi sənayesinin məhsuludur. Heç şübhəsiz, həmin görüşdə bu hərbi vasitələrin modernləşdirilməsi, təmir olunması, yenidən hərbiyə qazandırılması məsələsi də müzakirə olunub. Nəticə etibarilə bu proseslər də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxarmalıdır. Bir qədər əvvəl vurğuladığım kimi, Rusiya-Azərbaycan münasibətlərində yaranan yeni mərhələ, eyni zamanda Rusiya-Türkiyə münasibətlərindəki keyfiyyətcə yeni mərhələ Ermənistanın əhəmiyyətini azaldır, münaqişənin regional əməkdaşlığa mane olduğunu aktuallaşdırır. Həll edilməmiş münaqişələrin regional əməkdaşlığa maneçilik yaratdığı Rusiya, İran və Azərbaycan prezidentlərinin Bakıdakı görüşündə də gündəmə gətirildi.
- Rusiya, İran, Türkiyə, Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşması, prezidentlərin qarşılıqlı səfərləri fonunda qonşu Ermənistanda vəziyyət xeyli gərginləşib. Serj Sarkisyan əleyhinə etiraz aksiyaları davamlı hal alıb, polis zorakılığı, kütləvi həbslər başlayıb. Düşmən ölkədə baş verənləri necə qiymətləndirirsiniz?
- Ermənistan iqtisadi baxımdan Azərbaycan tərəfdən blokadaya alınıb, digər qonşu ölkələrlə real kommunikasiyası yoxdur. Bu ölkənin müstəqil siyasəti, iqtisadiyyatı da mövcud deyil. Bu şərtlər Azərbaycanın lehinə dəyişdikcə, Serj Sarkisyan daxili auditoriya hesablanmış müəyyən manevrlər edir, Ermənistanın siyasi proseslərə təsir edə bilən güclü dövlət olması fonunu yaratmaq istəyir. Yaxud, Rusiyanın Azərbaycanla münasibətləri daha da yaxşılaşdıqca, Ermənistan özünü narahat hiss edir. Buna görə də müəyyən tamaşalar yaratmaqla, həmçinin erməni ictimaiyyətinin antirusiya aksiyalarını təşkil etməklə Rusiyaya təzyiq etmək niyyəti güdür, əhəmiyyətli hərbi baza olduğunu göstərməyə çalışır. Lakin bütün bunlar çarəsiz çırpıntılardır. Çünki Ermənistan vaxtilə hərbi baza kimi Türkiyəyə, eləcə də Azərbaycana qarşı yaradılıb. Əgər indiki halda Rusiyanın Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşırsa, sözügedən hərbi baza öz əhəmiyyətini itirir. Azərbaycan və Rusiya arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə qalxırsa, deməli, Dağlıq Qarabağ probleminin Azərbaycana təzyiq vasitəsi kimi saxlanmasının da əhəmiyyəti itir. Gerçəklik bundan ibarətdir. Ona görə də Ermənistan çalışır ki, uzaq xaricdən özünə siyasi hami tapsın. Bu da mümkün deyil. Hazırda uzaq Qərbdə Ermənistanın daxili proseslərinə, yaxud bu ölkənin hərbi gücünə, regional nüfuzuna təsir edə biləcək, eləcə də onu gücləndirəcək real mexanizmlər yoxdur. Azərbaycanın hərbi və siyasi gücü, beynəlxalq aləmdəki nüfuzu qarşısında Ermənistan özünü çox aciz hesab edir və əvvəlcədən ssenariləşdirilmiş "tamaşalar” nümayiş etdirir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər