• cümə axşamı, 28 mart, 21:57
  • Baku Bakı 13°C

Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır

26.06.20 13:30 1888
Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanovun Trend-ə müsahibəsi
- Son günlər Azərbaycanda COVİD-19-a yoluxma halları olduqca artıb. Yoluxmanın belə kəskin artmasının səbəbi nədir?
- Azərbaycanda koronavirusla mübarizə sahəsində dövlət tərəfindən bütün işlər görülür. Dünyada bu sahədə tətbiq edilən bütün müasir metodlar ölkəmizdə də tətbiq edilir. Avropada artıq yoluxma və ölüm göstəriciləri xeyli azalmağa başlayıb. Bu, insanların deyilən qaydalara əməl etməsinin, qoruyucu vasitələrdən istifadə etməsinin nəticəsidir. Tibbi maskalardan istifadə edilmə ilə bağlı dəfələrlə çağırışlar edilsə də, insanlar çox təəssüf ki, buna ciddi, məsuliyyətlə yanaşmırlar. Bizdən tələb olunan yeganə məsələ tibbi maskalardan istifadə, sosial məsafənin qorunub saxlanılması, gigiyenik qaydalara əməl edilmədır. Əgər yoluxmuş insanlar maskadan istifadə edərlərsə, yoluxma 70 faiz aşağı düşür. Sağlam insan da maskadan istfadə edərsə, bu, yoluxmanın 15-17 faiz azalmasına səbəb olur. Həm yoluxmuş, həm də sağlam insan maskadan istifadə edərsə, yoluxma ehtimalı 1,5 faizə enər. İnsanlar maskaları sanki kiminsə xatirinə taxırlar. Polis yaxınlaşıb "niyə maska taxmırsan?” deyə soruşanda cibindən maska çıxarıb taxırlar. Azərbaycanda sosial məsafənin saxlanılmasına heç riayət edilmir. Ona görə də bu işə çox ciddi yanaşılmalıdır.
- Artım belə davam edərsə, ölkədə hansı vəziyyət gözlənilə bilər?
- Son zamanlar ölkəmizdə yoluxma halları sürətlə artır. Artıq sutka ərzində virusa yoluxanların sayı 600-ə çatır. Son iki həftədə ölkə üzrə yoluxmaların sayında 50 faiz artım müşahidə edilib. Bu, çox böyük artımdır. Yoluxanların sayı artıqca şübhəsiz ki, ölənlərin də sayı artır. Artıq 7000-ə yaxın aktiv xəstə xəstəxanalarda müalicə edilir. Düzdür, hazırda çarpayı ehtiyatlarımız var və biz bu xəstələri xəstəxanalara yerləşdiririk. Ancaq bu, səhiyyəmiz üçün son dərəcə böyük yükdür. Çünki yalnız koronavirusla mübarizə işi ilə məşğul ola bilmərik. Ölkəmizdə onkoloji, ürək-damar xəstəliklərindən, vərəmdən və digər patologiyalardan əziyyət çəkən ağır xəstələr var. Onlara da tibbi xidmət göstərmək lazımdır. Bundan əlavə, xəstələri müalicə edən həkimlərin də sayı məhduddur. Elə bir vaxt gəlib çata bilər ki, biz COVİD-19 xəstələrini müalicə edə bilmək üçün kadr potensialımız bəs etməz. Ona görə də vəziyyət son dərəcə ciddidir. Bunu hər birimiz fikirləşməliyik.
- Hazırkı şəraitdə sizcə, hansı tədbirlər görülməlidir?
- İnsanlarımız karantin qaydalartına riayət etmədikcə, bu virus bizim hər birimizin evinə gələcək, hər birimizin yaxınlarını, qohumlarını yoluxduracaq. Ona görə də karantin tədbirlərini hökmən sərtləşdirməliyik. Lazım gələrsə, qaydaların pozulmasına görə cərimələrin də məbləği artırılmalıdır. Çünki başqa yolumuz yoxdur. Türkiyədə küçədə maska taxmayanlar artıq 900 lirə (130-140 dolar) cərimələnirlər. Yayılmanın qarşısının alınması üçün görülməsi vacib olan digər tədbir əhalinin bir yerdən başqa yerə miqrasiyasının qarşısının alınmasıdır. Bir rayondan digər rayona, bir şəhərdən digər şəhərə, bir kənddən o biri kənddə, hətta bir məhəllədən o biri məhəlləyə getmək məsələləri mütləq məhdudlaşdırılmalıdır. Çünki bu virus yalnız insanların təması ilə yayılır. Hər bir insan fikirləməlidir ki, bu virus mənim yanımdadır, əgər mən deyilənlərə əməl etməsəm, virus orqanizmimə düşüb məni xəstələndirər. Görün, xəstəxanada necə vəziyyət yaranıb. Bu xəstələrə qulluq etmək də çox çətindir. Bu, çox böyük əmək sərf edir. Bu gün suni tənəffüs aparatında olan xəstələrin yerində bizim hər birimiz ola bilərik. Buna görə də deyilənlərə əməl etməliyik. Düzdür, insanlar deyirlər ki, nə qədər evdə oturmaq olar.Hər halda, evdə, ata-ananın, uşağının yanında oturmaq xəstəxana çarpayısında olub süni tənəffüs aparatına qoşulmaqdan yaxşıdır.
- Hazırda mövcud qaydalara nəzarət sistemi də zəifdir. Qapalı məkanlarda maskadan istifadə etməyənlərin cərimlənməsinə az hallarda rast gəlmək olar. Bəlkə elə bu hal da qaydalara əməl etməyənlərin sayının artmasına səbəb olur?
- Biz humanistlik edirik, amma bu humanistlik bizə artıq baha başa gəlir. Bu məsələlərə nəzarət hüquq-mühafizə orqanlarının işidir. Qaydaları pozanlar hökmən cərimələnməlidirlər. Bu insanlar birinci növbədə özlərini qorumurlar. Düşüncəli insan istəməz ki, onun həyatı təhlükəyə atılsın. İkinci tərəfdən, belə insanlar digərləri üçün də təhlükə yaradır. Buna görə də bu insanlar hökmən məsuliyyətə cəlb olunmalıdır.
- Sizcə, iyulun 5-dən sonra sərt karantin tədbirlərinin müddətinin uzadılmasına erhtiyac var?
- Qarşıdakı iki həftənin yoluxma sayına necə təsir edəcəyini görəcəyik. Əgər qoruyucu vasitələrdən yenə də məsuliyyətsizliklə istifadə edilərsə, yoluxma hallarının sayının azalacağını demək az inandırıcı olar. Əgər say azalmasa, çox güman ki, yenə də müddətin uzadılmasına ehtiyac yaranacaq. Amma bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək.
- Hazırda pandemiya ilə mübarizəyə dövlət tibb müəssisələri cəlb edilib. Vəziyyət daha da kəskinləşəcəyi halda, özəl tibb müəssisələrinin də bu prosesə cəlbi gözlənilə bilər?
- Pandemiya başlayanda Prezident İlham Əliyevin göstərişi ilə 5000 çarpayı fondu olan xəstəxanalar bu iş üçün ayrıldı. Sonradan isə modul tipli xəstəxanalar da tikilib istifadə verilməyə başlandı. Artıq 7000 çarpayı fondu var. Bunlardan əlavə, Mərkəzi Gömrük Xəstəxanası, "Bərpa təbabəti” İnstitutu, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu COVİD-19 xəstələri üçün ayrılıb. Lazım gələrsə, digər dövlət müəssisələrini COVİD-19 xəstələrinin müalicəsi üçün istifadə etmək olar. Amma gələcəkdə görsək ki, - mən bunu heç arzu etməzdim, - xəstələrin sayı daha da artır və dövlət müəssisələri bunun öhdəsindən gələ bilmir, onda özəl müəssisələrini də bu prosesə cəlb etmək lazım gələcək. Bu gün isə buna ehtiyac yoxdur.
banner

Oxşar Xəbərlər