AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Karateyə yeni nəfəs gətirən oğlan - Portret

Karateyə yeni nəfəs gətirən oğlan - Portret

Gənclik qəzeti
09 Fevral 2015, 06:43 2428
Uşaqlığı 90-cı illərə təsadüf edən hər iki oğlandan biri karate ilə məşğul olub. Kimsə bir ay, kimsə bir il, kimi isə də daha çox. Brüs Li, Jan-Klod Van Damm və başqalarının döyüş kinoları öz sehri ilə Azərbaycandakı onminlərlə uşağı bu idmanın dalınca getməyə məcbur edib. Düzdür, hamı bu işdə peşəkar ola bilməyib. Çünki bu, göründüyü qədər asan deyil. Buna rəğmən ölkəmiz bir neçə çox güclü, dünya səviyyəsində özünə ad etmiş karateçilər yetişdirib. Onlardan biri – Şahin Atamovu bu yazıda yaxından tanıyacaqsınız.

Çıxış yolu – karate

30 iyul 1988-ci ildə anadan olan Şahin Atamovun idmançı olması bəlkə də zərurət idi. Anası həndbolçu olmuş gələcək çempionun dayısı isə qarışıq bir neçə növlə məşğul olub. 8 yaşında ailəsi tərəfindən peşəkar səviyyədə məşğul olmaq fikri ilə deyil, sadəcə, sağlamlığının yaxşı qalması üçün karateyə verilən Şahin, qısa müddətdə məşqçilərin gözünə girməyi bacarır. 10 yaşında klubların ölkə çempionatında qalib olan Atamov, bir il sonra Moskvadakı beynəlxalq turnirdə bürünc medala sahib çıxır. Daha sonra Livanda, Türkiyədə, Gürcüstanda qarışıq turnirlərdə qızıl medallar qazanaraq gələcəyinin parlaq olduğuna işarə vurur. Bu öz yerində. Şahinin karateyə getmək həvəsinin maraqlı bir tarixçəsi də var. Belə ki, hələ birinci sinifdə oxuyanda məktəbə gedəndə qonşuluqdakı daha böyük oğlan mütəmadi onun yolunu kəsir, anasının hazırladığı yeməyi, suyu əlindən alıb yeyirdi. Bunun dəfələrlə təkrarlanması Şahini narahat etdiyindən, qəhrəmanımız həmin oğlanı yerinə oturtmaq fikrinə düşür. Karate ən yaxşı çıxış yolu idi. Tezliklə, “yemək oğrusu”nun “payını verən” gənc idmançı üçün bu ilk qələbə və gələcək çempionluqlar üçün vacib stimul olur.

Əzmkarlıq və peşəkarlıq nümunəsi

İdmançının davamlı məşq etməsi, gününün böyük hissəsini məhz buna sərf etməsi normaldır. Hamı bilir ki, çalışmadan heç bir uğur əldə edilə bilməz. Atamov da karate ilə yaşayır desək, səhv etmiş olmarıq. İlin bəlkə də 11 ayını istirahətsiz, təlim-məşq toplanışları və yarışlarda keçirən Şahin üçün bu, bir həyat tərzidir. Məşqlər öz yerində, ancaq qələbə əzmi də idmançı üçün çox vacib məqamdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra getdiyi əsgərliklə bağlı kiçik bir hekayə yazımızın qəhrəmanının xarakterindən xəbər verir. Belə ki, hərbi xidmət keçən zaman yarışlara qatılmaq imkanının olmaması onun qarşıdakı planlarına mane olurdu. Məşqlərinə ara verməsə də, 2010-cu il dünya çempionatına qatılmaq üçün bu, yetərli deyildi. Bunun üçün öncə ölkə çempionu olmaq gərək idi. Bədəninin sağlamlığına baxmayaraq, xəstəlik ondan yan keçmir. Vəziyyət o həddə çatır ki, həkimlər əsgər Atamovun hospitalda müalicə almasını gərək görürlər. Orada olan zaman Şahinə bir neçə gündən sonra Azərbaycan çempionatının keçiriləcəyi xəbəri verilir. Bunu özünə stimul kimi qəbul edən idmançı tez sağalmaq üçün əlindən gələni edir. Hərbi hissəyə qayıdan kimi ona 10 günlük məzuniyyət verilir. Bu müddətdə o ölkə çempionu olaraq dünya çempionatına lisenziya qazanır. Əsgərlikdən gələndən sonra isə hazırlığını davam etdirərək, cəmi 6 aydan sonra vətənə bürünc medalla qayıdır. Bir il sonra Dünya Karate Konfederasiyasının keçirdiyi İtaliyadakı dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsində də məhz o vardı. “Mümkünsüz heç nə yoxdur” ifadəsi Şahinin timsalında daha aydın görünür.

“Hərarətli” çempion

İdmançının gücü onun əldə etdiyi nəticələrlə ölçülür. Bu baxımdan Şahin Atamovun öyünəsi xeyli uğuru var. O, karate üzrə bir dəfə dünya çempionu, iki dəfə Dünya Kubokunun sahibidir. Bununla yanaşı, dörd ildən bir baş tutan və Kolumbiyanın Kali şəhərində keçirilən Dünya Oyunlarının 3-cüsü, 2013-cü ildə Sankt-Peterburqda keçirilən 2-ci Döyüş Növləri üzrə Dünya Oyunlarının qalibidir. 2008-ci il Tallin, bir il sonra Zaqreb, 2012-ci ildə isə Tenerifedə keçirilən Avropa çempionatının komanda şəklində bürünc medalçısı, 2010-cu ildə Belqradda keçirilən dünya çempionatında fərdi şəkildə bürünc, komanda şəklində gümüş, iki il sonra Parisdə keçirilən dünya çempionatında fərdi şəkildə gümüş mükafatçısıdır. Həm Azərbaycan, həm də Şahinin özü üçün ən əlamətdar uğurlardan biri isə 2013-cü ildə İndoneziyada keçirilən İslam Oyunlarındakı gümüş hesab edilə bilər. Çünki bu medal ona çox çətin başa gəlmişdi. Yayın istisində təyyarədə pis xəstələnən Şahinin soyuq titrəməsi keçmirdi. Həkimlər nə qədər çalışsalar da, bir şey hasil olmadı və Atamov tatamiyə xəstə-xəstə, 39 dərəcə hərarətlə çıxdı. Ancaq nəticə yaxşı oldu. İslam Oyunlarının Azərbaycan üçün ilk medalını məhz Şahin qazandı. Finala çıxan Atamovun buradakı məğlubiyyətini yalnız və yalnız xəstəliklə əlaqələndirmək olar. Çünki həlledici görüşdə gücdən düşdüyü, döyüşmək üçün gücünü qalmadığı hiss olunurdu. Buna baxmayaraq, əzmkarlıq nümayiş etdirməsi, mübarizəsiz təslim olmaması tribunalara toplaşan idmansevərlərin alqışına səbəb vermişdi. Bir qədər dincələndən sonra komanda şəklində döyüşlərə də qatılan Şahin, finalda da öz payını verərək çempionluqda böyük rol oynadı.

Sürətli və ağıllı döyüşçü

Tatamidəki döyüş tərzi rəngarəngdir. Onu kənardan izləmək çox xoşdur. Çünki müdafiədə çox qalmır, daha çox hücum edərək qələbəni əldə etməyə çalışır. Çevik və sürətlidir. Əl zərbələri zamanı rəqibinin heç şansı yoxdur. Çünki Atamovun aradakı məsafəni ani məqamda qısaltmaq, zərbəni vuran kimi geri dönərək ilkin vəziyyəti almaq bacarığı xüsusilə fərqləndirilməlidir. Adı kimi şahin sürətli hərəkətləri rəqiblərini dəfələrlə çaş-baş salıb.
Bununla yanaşı, onun ayaq zərbələri də müxtəlif videoroliklərin bəzəyidir. Şahin bunu adətən rəqibi hücuma aludə olanda edir. Qarşısındakını çox yaxına buraxır və onu böyük üstünlük qazandığını düşündüyü anda çevrilərək başına zərbə endirir. Maraqlıdır ki, bu zərbələri tataminin lap künc hissəsində daha çox edir. Bu da bir psixoloji gedişdir. Rəqib Şahini küncə sıxdığını düşünür, heç bir yerə qaçış olmadığına əmin olur və rahatlaşaraq irəli gedir. Çox aldadıcı hissdir. Atamovun həm fiziki, həm də mənəvi hazırlığı, döyüş taktikası, hətta strategiyasının olması, necə yaxşı idmançı olmasından xəbər verir.

Portret

Özü də deyir ki, onun üçün əsas turnir Bakıda keçiriləcək Avropa Oyunlarıdır. Bu yarışa böyük həvəs və əzmlə hazırlaşır. Hətta buradakı qələbədən sonra karyerasına son qoymaq fikri də var. Ancaq iştaha diş altındadır. Əmin ola bilərik ki, Avropa Oyunlarındakı uğur ona digər turnirlərdə çempion olmaq istəyini artıracaq. Portretində də bu sezilir. Sakitdir, kiçik bir təbəssümü də var. Ancaq bu, aldadıcı hissdir. Diqqətlə baxsaq, şahin baxışlı bir nəfərin hər anında şikarını ovlamaq üçün hazır dayandığını görə bilərik. Ani ehtiyatsızlığı belə bağışlamır. Ən yaxşısı ona rəqib yox, dost olmaqdır. Çünki Şahin yaxşı dost, amansız rəqibdir.

Kənan MəstəliyevPortret"> Portret"> Portret">