• cümə axşamı, 28 mart, 12:53
  • Baku Bakı 16°C

Karatenin 30 yaşda parlayan ulduzu - Portret

07.03.20 09:30 4774
Karatenin 30 yaşda parlayan ulduzu - Portret
İtirilmiş illərini sığortalamaq arzusunda olan Rafiz Həsənov, gənclik şövq və enerjisi ilə istənilən mübarizəyə hazırdır
Uzun illərdir ardıcıl nəticələri ilə öyündüyümüz karateçilərimiz, hazırda tarixi sınaq qarşısındadır. Tam təbii olaraq, "Tokio 2020" onların ən böyük imtahanı kimi qiymətləndirilir. Digər tərəfdən, son illər bəzi növlərin əvvəlki gücünü əhəmiyyətli dərəcədə itirdiyini nəzərə alsaq, karatenin olimpiadanın proqramına salınması bizim üçün əsl göydəndüşmə hadisədir. Ümumiyyətlə, ilk dəfə olimpiadanın proqramında yer alan bu növ üzrə artıq, ən azından, iki lisenziyamızın olacağı dəqiqləşib. Əfsanəvi Rafael Ağayev və son dünya çempionu İrina Zaretska dünya reytinq sisteminə əsasən, Tokioya bileti vaxtından əvvəl sifariş ediblər. Digər lisenziyaların sahiblərinin adına 8-10 may aralığında Fransanın paytaxtı Parisdə təşkil olunacaq Dünya Olimpiya Təsnifat Turnirində aydınlıq gələcək. İlk üç yer, iştirakçıları karatenin vətəninə aparacaq ki, çətin də olsa, bu missiyanın öhdəsindən gələcək tatami ustalarımız var. Beləliklə, onların arasında ən ümidlisindən danışacağıq.
Təşəbbüs Fariz Nəcəfovdan gəldi
Son vaxtlar stabil çıxışı ilə diqqət mərkəzinə düşən Həsənov Rafiz Allahverdi oğlu 1989-cu ildə erməni işğalı altında olan Ağdam rayonunun Kəngərli kəndində dünyaya gəlib. Karateyə gəlişi 8 yaşında, yaxınlarının təsiri ilə baş verib. Belə ki, öncə Rafizin böyük qardaşı Firuzu karateyə gətirən, ailənin yaxın qohumu olan tanınmış idman xadimi, veteran karateçi Fariz Nəcəfov, sonradan kiçik Həsənovu da öz davamçısı kimi görmək istəyib. 1997-ci ildə Elnur İbrahimovun yanında məşqlərə başlayan Rafizin karyerası ta əvvəldən eniş-yoxuşlarla boldur. Tez-tez müxtəlif problemlərlə, habelə idmançının qorxunc kabusu sayılan zədələrlə üzləşib, beləcə, aşağı yaş kateqoriyalarında dünya və Avropa çempionatlarında fərqlənmək şansını qaçırıb. İki ilə yaxın ümumiyyətlə, tatami üzünə həsrət qalan Rafiz, gənclərdə yalnız şotokan karate üzrə dünya birinciliyinin qalibi olub. WKF-də biri Avropa, biri dünya olmaqla, iki belə birinciliyə qatılıb ki, hər ikisində medalçılar sırasına düşə bilməyib.

"İkinci nömrə"...
Mövzunun davamı olaraq, qeyd edək ki, Həsənov uzun illər yığmada "ikinci nömrə" statusu daşıyıb. Yer aldığı 67 kiloqram çəki dərəcəsində ən önəmli yarışlara, adətən daha titullu və təcrübəli Niyazi Əliyev aparılıb. Bu, düz 2016-cı ilədək belə davam edir. O cümlədən, Bakıda keçirilən ilk Avropa Oyunlarını da buraxan Rafiz, həmin arada Avropa çempionatı və İndoneziyada baş tutan üçüncü İslam Həmrəyliyi Oyunlarının komanda yarışında qızıl medal qazanırsa, Beynəlxalq Karate Federasiyasının dövrü yarışlarında bir neçə dəfə qalib və mükafatçılar sırasına düşür. Əliyevin gedişindən sonra əsas heyətdə möhkəmlənən Rafiz, əsasən cari ildəki çıxışları ilə diqqət çəkir. İlin əvvəlində "Karate1 Premyer liqa" seriyasının ən önəmli yarışı hesab edilən Paris turnirini üçüncü, Dubayda təşkil olunan analoji yarışı beşinci sırada başa vuran Həsənov, ötən həftə Avstriyanın Zalsburq şəhərində keçirilən turnirin qalibi oldu. Finaladak Mussa Bexultanı (Qazaxıstan) 10:2, Devid Nquyeni (Belarus) 2:0, Tomas Kazereri (Avstriya) 5:0 və Burak Uyquru (Türkiyə) 6:2 hesabı ilə yenən Rafiz, həlledici dueldə 2015-ci ilin Avropa çempionu və II Avropa Oyunlarının qalibi, italiyalı Luka Mareskaya da şans vermədi - 3:1. Beləliklə, o, reytinqdəki mövqeyini bir xeyli yaxşılaşdırıb. Sonrakı turnirlərin nəticəsindən asılı olmayaraq, reytinqə əsasən olimpiadaya getmək şansını itirsə də, bu, maydakı təsnifat yarışında ona müəyyən mənada kömək ola bilər.

Öncə Fərzəliyev səddi aşılmalıdır
Karate, Tokioda ənənəvi qaydada 10 deyil, üçü kişilər, bir o qədər də qadınlar arasında olmaqla, 6 çəki dərəcəsi ilə təmsil olunacaq. Taekvondoda olduğu kimi, əksər çəki dərəcələri birləşdirilib. Odur ki, Rafizin ali zirvəyə doğru rəqibləri, sadəcə, öz çəki dərəcəsində çıxış edənlər yox, həm də 60 kq çəkidəki həmkarlarıdır. Belədə o, Parisdəki təsnifat yarışına yollanmaq üçün öncə Firdovsi Fərzəliyev səddini keçməlidir. Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Bakıda keçiriləcək Avropa çempionatında açıq qalan bütün suallara aydınlıq gələcək. Bu arada, paytaxtımızın, tarixdə ilk dəfə ev sahibliyi edəcəyi sözügedən qitə yarışında Rafizin, nəhayət, medal hesabını açması olduqca real görünür.
Super motivasiya
Karate yığması tarixi şansı maksimum dəyərləndirmək arzusundadır. Lisenziya sayını ən azından üçə çatdırmaq minimum prioritetdir. Mümkün qədər çox iştirakçı və illərdir ortaya qoyulan iddianın məntiqi yekunu olaraq, qarşıya, Tokiodan qızıl medalla dönmək missiyası qoyulub. Ələlxüsus, karateçilərin böyük intizarla gözlədiyi olimpiada haqda qəhrəmanımızın özü də xeyli nikbin danışır. Dediklərindən belə qənaətə gəlmək olar ki, taleyüklü yarış öncəsi motivasiya sarıdan heç bir problem yaşamır: "Fikrimcə, mənim Tokioya lisenziya qazanmağım 80, hətta 90 faizlik bir ehtimaldır. Təbii ki, asan deyil. Hamı var gücünü ortaya qoyacaq, eləcə də mən. Doğrusu, məndən reytinqli idmançıların sayı az deyil. Onların da hamısı Parisdə bir araya gələcək. Olimpiada, biz karateçilər üçün xüsusilə böyük şansdır, əldən qaçırmağın üzüntüsü ağır olar".

"Hər dəfə qardaşım qulağımdan tutub..."
Yuxarıda yaxınlarının təşəbbüsü ilə karatenin sıralarına qədəm qoyduğunu vurğulamışdıq. Lakin bu, o demək deyil ki, özünün həvəsi olmayıb. Əksinə, uyğunlaşması çox tez baş tutub. Təsadüfi deyil ki, o, startdan cəmi ay yarım sonra komandalararası Azərbaycan çempionatının "qızıl"ını qazanıb. Bu arada, əksər həmkarları kimi onun da uşaqlıq kumirləri Jan Klod Van Damm, Brüs Li, Ceki Çan kimi döyüş filmlərinin ulduzlarıdır: "Uşaqlığım onların hərəkətlərini təkrarlamaqla keçib. Harda gəldi şpaqat açırdım, evdə stolların üstündə müxtəlif hərəkətlər edirdim. Paralel olaraq, futbola da həvəsim çox idi. Yaxşı da oynayırdım. Hər dəfə qardaşım qulağımdan tutub, danlaya-danlaya avtobusa mindirərək karate məşqinə aparırdı. Futbola görə, 3-4 il ərzində müəllimim də mənə əməlli-başlı qulaqburması verib. Deyirdi, futbol oynamaq şpaqat açmağına mane olur. Lakin futbol, sadəcə sevgi, hobbi idi. Karatedə isə potensialım həqiqətən çox idi. Müəyyən səbəblərdən beynəlxalq turnirlərə getməyim alınmasa da, 15 yaşımadək respublika daxilində bütün yarışlarda medala layiq nəticələr göstərmişəm".

Şanslı idmançı
İlk baxışdan sonluq kimi görünsə də, 31 yaşın astanasında olan Rafiz tez bir zamanda karyerasını bitirmək haqqında düşünmür. Dediyinə inansaq, Tokiodan sonra da uzun illər tatamidə qalacaq. Yorulmaq bilməyən qəhrəmanımızın karate ilə bağlı arzuları çox, potensialına və ümumi təcrübəyə söykənsək, bir o qədər də əlçatandır. Üstəlik, onun "Dünya karatesinin azərbaycanlı brilyantı" Rafael Ağayev ilə çiyin-çiyinə addımladığını da nəzərə almalıyıq. Nə qədər də olmasa, digər komanda yoldaşları kimi, Rafiz də qocalmaq bilməyən canlı əfsanənin xarakterindən müəyyən keyfiyyətlər "oğurlayıb". Ümumiyyətlə, dünyanın hər bir yerindən istənilən karateçini dindirsən, deyər ki, WKF tarixinin ən yaxşısı Ağayevlə bir komandada çıxış etmək xoşbəxtlik məsələsidir. Odur ki, bu cəhətdən ona lap qibtə də etmək olar.

Portret
30 yaşını keçmiş idmançı deyərkən, göz önünə çox vaxt yorğun, usanmış, formasını təhvil verməyə hazır biri gəlir. Rafiz tam fərqlidir. Ona nəzər saldıqda elə təəssürat yaranır ki, sanki karyera yeni başlayıb, qarşıda çox uzun zaman var. Uzağa getməyək, yerli təcrübə dəfələrlə göstərib ki, bu xarakterə sahib idmançılar, adətən özlərini təsdiq edə bilirlər. Qoy heç bir halda rəqiblər bizi hesabdan silməyə tələsməsin. İtirilmiş illərini sığortalamaq arzusunda olan Rafiz Həsənov, əsl gənclik şövq və enerjisi ilə istənilən mübarizəyə hazırdır.
Sahib

banner

Oxşar Xəbərlər