• cümə axşamı, 25 aprel, 05:20
  • Baku Bakı 19°C

Karantinin sərtləşdirilməsini zəruri edən səbəblər

04.06.20 17:50 698
Karantinin sərtləşdirilməsini zəruri edən səbəblər
Vətəndaşların məsuliyyət hissi olmasa...
Son bir neçə gündə yeni növ koronavirusa yoluxma sayında olan artım, ciddi şəkildə narahatlıq hissi yaradıb. Bununla əlaqədar olaraq karantin rejimində edilən yumşalmalar yenidən sərtləşdirilib. Baş nazir Əli Əsədov əhaliyə müraciət edərək qaydalara əməl etməyə çağırıb: "Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi. Bu müddət ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər görülüb və görülməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır. Görülmüş tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapıb. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başladı. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyuldu. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edirdi. Lakin təəssüflə qeyd etməliyəm ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artıb. Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir. Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub”.
Millət vəkili Musa Quliyev bildirdi ki, yoluxma sayının artması bu şəkildə davam edərsə, bir müddətdən sonra çox çətin tibbi və səhiyyə problemləri ilə üzləşə bilərik: "Belə ki, klinikalarda yerlər, reanimasiya vasitələri, xüsusən, süni tənəffüs aparatları çatmaya bilər. Ola bilsin ki, bəzi xəstələrin müalicəsi xəstəxanada deyil, evdə aparılsın və mütəxəssislərin çox ağır yük altında işləməsi müəyyən dövrdən sonra onların da həm sağlamlığına mənfi təsir göstərə, həm də əmək qabiliyyətini aşağı sala bilər. Digər tərəfdən, biz koronavirusla mübarizəni ciddiləşdirməsək, yoluxanların da sayı çox olacaq və nəzərə almalıyıq ki, bunların da içərisində xroniki xəstəliyi olanlar da var, eyni zamanda yay dövründə isti havalarla bağlı xəstələrin ümumi vəziyyəti, tənəffüsü çətinləşir, qan təzyiqi artır və ürək fəaliyyəti də çətinləşir. Ona görə də, bunların hamısını nəzərə alaraq karantin rejiminin gücləndirilməsi doğru addımdır. Karantin rejiminin həftə sonu ciddiləşməsi bununla əlaqədardır ki, həftə sonu insanlar sərbəstdirlər, daha çox lazım olmayan hallarda müəyyən alış-veriş mərkəzlərində, mağazalarda, restoran və kafelərdə toplaşırlar ki, bu da koronavirusun yayılması üçün geniş baza yaratmış olur. Dünyanın bir çox ölkələri artıq bir ay öncədən bu təcrübəyə keçiblər. İndiyə qədər Azərbaycanda bu təcrübənin tətbiq edilməsinə zərurət yox idi, amma görünür, indiki vəziyyət həftə sonu ciddi karantin rejiminin tətbiq edilməsini zəruri edir və gələcəkdə lazım olarsa, tam karantin rejiminin də tətbiq edilməsi istisna edilmir. Mən bir daha fürsətdən istifadə edib vətəndaşlarımızı birgə məsuliyyətə çağırıram, yəni vətəndaşların məsuliyyət hissi olmasa, dövlət tərəfindən görülən işlərin də lazımi nəticəsi olmayacaq”.
Sosioloq Lalə Mehralı qoyulan qadağaların zəruri olduğunu söyləyir: "Bəlkə də vətəndaşlar tətbiq ediləcək məhdudiyyətləri birmənalı qarşılamayacaqlar. Amma bu qadağaların qoyulması vacibdir. Çünki şənbə, bazar günü hər kəs ticarət və iaşə obyektlərinə axışsa, bu məkanlarda sıxlıq müşahidə edilsə, o zaman yoluxma sayının artması qaçılmaz olacaq. Qonşu ölkə Türkiyədə bu təcrübə sınaqdan keçirilib. Orada da küçəyə çıxma qadağası tətbiq edildi və effektini gördülər. Ona görə, düşünürəm ki, bizdə də bunu yoxlamaq lazımdır”.
"Qaydaların yenidən sərtləşdirilməsi və bəzi qadağaların tətbiqi insanlara psixoloji olaraq da təsir edəcək” deyən psixoloq Gülnar Orucova cəmiyyətdə aqressiyanın arta biləcəyini qeyd edir: "Pandemiyanın yeni yayılmağa başladı bir dövrdə ciddi karantin rejim tətbiq edildi. Bəzi sahələrdə fəaliyyət məhdudlaşdırıldı. Daha sonra isə tam şəkildə azadlıq verildi. Hissə-hissə, demək olar ki, bir çox sahələrdə fəaliyyət bərpa edildi. İnsanlar əvvəlki azadlıqlarına qovuşdular. İndi isə həmin məhdudiyyətlərin yenidən tətbiqi insanlarda aqressivlik yarada bilər. Çünki yenicə hər iş yoluna qoyulurkən, sərt qadağalar tətbiq olunur. Qadağaların 2-ci dəfə sərtləşdirilmiş şəkildə tətbiqi, vətəndaşların psixologiyasına mənfi təsir edəcək. Sinir sistemi zəif olanların əsəbləri daha da tarıma çəkiləcək. Hətta bəziləri depressiyaya da düşə bilərlər”.
Günel Azadə

banner

Oxşar Xəbərlər