• şənbə, 20 Aprel, 07:23
  • Baku Bakı 14°C

Karantində formadan düşən aktyorlar

17.06.20 09:00 2365
Karantində formadan düşən aktyorlar
"İdmançının bədəni çöldən görünən hissəsidirsə, aktyorun həm çöldən görünən bədəni, həm də daxili hər zaman formada olmalıdır”
Aktyor bədəni plastilin kimi olmalıdır. Hansı istiqamətə yönəltsən, həmin fiquru almağı bacarmalıdır. Buna da bir neçə aya nail olmaq mümkün deyil. Bunun üçün illər və təcrübə, məşq və yenə də məşq etmək qaçılmazdır. Di gəl ki, daim səhnədə həftə ərzində bir neçə tamaşa oynayan və dinamik həyat tərzi keçirən aktyorlarımız karantin günlərində zamanlarını evdə keçirməyə məcburdurlar. Hər nə qədər onlayn tamaşalar göstərilsə də, bu tamaşalar canlı aktyor ifasının yerini vermir.Bəzən deyirlər ki, aktyor idmançı kimidir. Bir müddət məşq etməsə, paslanır və formadan düşür. 3 aydır ki, evdə məşqsiz passiv həyat tərzi keçirən aktyorlarımız, görəsən özlərini necə formada saxlayırlar? Bu həm də teatrlarda obraz canlandıran aktyorların sonradan səhnəyə alışmasının çətin olacağı, eləcə də ev şəraitində çəki artırıb obrazların geyimlərinə sığmayacaqları deməkdir. Belə olduğu təqdirdə, teatrın bədii rəhbərləri aktyorları necə cilalayır? Onların passivləşməməsi üçün hansı tədbirlər görülür?
Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov qeyd edir ki, istər iş vaxtı, istər karantin günlərində özünə hörmət edən aktyor daim bədəni və plastikası ilə məşğul olur: "İmkan olduqca teatrımıza ölkə içindən və xaricdən ustad sənətkarlar dəvət edirdik. Bu sənətkarlar teatrımızın yaradıcı heyəti üçün böyük stimul və yeni təcrübə rolunu oynayırdı. O ki qaldı karantin günlərinə, belə həssas dönəmlərdə aktyorlarla onlayn məşqlər aparırıq. Açığını deyim ki, passiv aktyor iş vaxtı da passivdir, karantin günlərində də. Özünə, sənətinə hörmətlə yanaşan aktyor bəzən hər hansı yaxşı bir kitab oxuyaraq təsəvvürünü alovlandıra bilər. Bu gün ölkədə ümumi psixoloji bir vəziyyət var, nəinki aktyora, bütün yaradıcı heyətə təsir edir. Teatr insanları isə intensiv olaraq ritmik həyat yaşayır və belə dönəmlər ən çox onlara toxunur. İndi o ritmik həyat yoxdur, çətin dönəmlərdən keçirik və biz buna dözməliyik. Bu da bir sınaqdır. Bu sınaqdan ölkə rəhbərliyinin tövsiyələrini yaddan çıxarmayaraq birlikdə çıxacağıq. Biz sağlam cəmiyyət uğrunda mübarizə aparırıq və buna nail olacağıq”.
Aktyor, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev bildirir ki, artıq 3 aydır ZOOM proqramı ilə pantomimanın Azərbaycandakı yaradıcısı, xalq artisti Bəxtiyar Xanızadə teatrın yaradıcı heyəti ilə görüşlər keçirir: "Bu görüşlərdə Bəxtiyar müəllimin yalnız bir tələbi olub ki, o da evdə hər zaman pantomim hərəkətlər edərək bədənimizlə məşğul olmaqdır. Çünki Pantomima Teatrının əsas silahı aktyorların bədənidir. Əgər evdə oturduğun müddətdə o bədən yatacaqsa, aktyor səhnəyə geri dönəndə, bu özünü rahatlıqla büruzə verəcək. Ona görə teatrın yaradıcı heyətinə ciddi surətdə tapşırılır ki, hər kəs öz bədəni ilə məşğul olsun. Pantomima Teatrının aktyorları karantin günlərində evdə bekar qalmırlar. Pantomimanın yeni növləri üzərində işləyərək, o görüntüləri Bəxtiyar Xanızadəyə göndərirlər. Bəxtiyar müəllim razılıq verəndən sonra həmin görüntüləri öz sosial şəbəkələrində paylaşırlar. Pantomima Teatrının aktyorlarına bu müddət ərzində sadəcə bədənləri ilə məşğul olmaq deyil, eyni zamanda evdə oturduğu müddətdə dünya kinosu, dünya teatr sistemini sosial şəbəkədə izləmək də tapşırılıb. Bu gün biz filmlərə, tamaşalara baxdığımızda hər birimiz ondan nəsə götürürük. Pantomima Teatrının aktyoru daim müşahidədədir. Evdə oturduğumuz halda televiziya, internet vasitəsilə tamaşalara baxdıqca, yaddaşımıza hər aktyordan bir jest, element yazırıq, gördüklərimizi özümüzünküləşdiririk. Onu olduğu kimi yamsılamırıq, öz beynimizin məhsulu halına salaraq fərqli şəkildə təqdim edirik”.
Karantin günlərində məktəblilərlə onlayn görüşlər keçirən Elman Rəfiyev bunun müsbət tərəflərindən də danışdı. Bildirdi ki, şagird dünyasında kino, teatr mühitinin təqdimatçısı olmaqdan gözəl duyğu yoxdur: "Şagirdlərlə onlayn görüşlərdə Pantomima Teatrının tarixinə nəzər salır, Azərbaycan kino tarixinə boylanırıq. Uşaqlardakı o sevgi, həvəs təbii ki, birbaşa olaraq mənə də sirayət edir və mən bundan zövq alıram. Belə ki, şagirdlər öncədən bu görüşə hazırlaşır və maraqlı suallar hazırlayırlar. Uşaqlarla görüşdə mən də onlardan nəsə öyrənirəm, təbii ki, onlar da məndən. Karantin günlərində bu şagirdlərdən aldığım enerji stimul mənbəyimə çevrilib”.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova bizimlə söhbətində teatrın yaradıcı heyətinin karantin günlərində belə öz üzrlərində çalışdığını bildirdi: "Karantin günləri başlayanda, aktyorlar israrla bildirdilər ki, onlayn məşqlərimiz keçirilsin. Yaradıcı heyətimiz belə həssas dönəmlərdə evdə passiv oturmaq istəmir. Aktyorlar öz istəkləri sayəsində yeni tamaşaların məşqlərini edirlər. Repertuarımızda olan köhnə tamaşaların obrazları üzərində məşq edir, bir-biriləri ilə fikir mübadilələri aparırlar. Onlar ev şəraitində teatrın repertuarında olan tamaşalarımızın obrazlarını canlandırıb, film şəklində hazırlayaraq nümayiş etdirirlər. Həmişə aktiv olan, teatrla yaşayan aktyorlarımız rəhbərliyin tapşırığını gözləmədən video hazırlayıb bizə də göndərirlər. Təkid edirlər ki, birlikdə onlayn görüş edək və yeni tamaşanın məşqləri onlayn şəkildə davam etsin. Əslində karantin olsa da, onlayn şəkildə çalışırıq ki, məşqlərimiz dayanmasın. Bizdə nəinki tamaşa, eyni zamanda balet truppası da var ki, onlarla da onlayn məşqlərimiz dayanmayıb”.
V.Mühacirova onu da qeyd etdi ki, hazırda karantin günləri olsa da, teatrın yaradıcı və bədii heyəti yeni virtual layihələr üzərində çalışır və yaxın günlərdə o layihələr tamaşaçılara təqdim olunacaq.
Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan deyir ki, aktyorun bədənini idmançıya həm bənzətmək olar, həm də yox: "İdmançının bədəni çöldən görünən hissəsidir, aktyorun həm çöldən görünən bədəni, həm də daxili hər zaman formada olmalıdır. Aktyor öz bədəninin ağası olmağı bacarmalıdır. Aktyorların bədəni formada olsun deyə, onlara tapşırıqlar verirəm. Bilirsiniz ki, karantin bitəndən sonra teatrımız monotamaşalar festivalı keçirəcək. Biz düşündük ki, bu həssas günlərdə aktyorların bədənlərini necə formada saxlaya bilərik. Nəticədə bunu yalnız monotamaşa ilə edə biləcəyimizə qərar verdik. Əgər monotamaşa hazırlayırıqsa, niyə festival etməyək - dedik. "Bizim teatr - Monotamaşalar” - adlandırılan festivalın karantin müddəti bitdikdən sonra keçirilməsi nəzərdə tutulur. "Evdə qal, teatrsız qalma” - festivalın devizidir. Festivalın keçirilməsində məqsəd hər bir aktyora öz bacarıqlarını nümayiş etdirməsi üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır. Hazırda Bakı Uşaq və Gənclər Teatrında çalışan hər aktyor monotamaşalar festivalı üçün öz tamaşasını hazırlayır. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən tutmuş, müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq.
Festivala hazırlıq dövrü karantin müddətində nəzərdə tutulub. Festivalın münsiflər heyəti olmayacaq. Çünki bu, bir yarışma deyil. Festivalda bayram ab-havası yaratmaq istəyirik. Kim daha yaxşıdır, kim öz üzərində daha çox işləyir – prinsipi ilə yanaşırıq. Biz öz daxilimizə baxacağıq. İctimaiyyət arasına çıxarılacaq tamaşalardan festivalda, daha sonra isə repertuarda istifadə edəcəyik. Festivalda 35-ə yaxın tamaşa olmalıdır. Hazırda aktyorlarımız onlayn şəkildə tamaşalara hazırlaşırlar. Bütün teatrlara məktub yazdıq. Müəyyən qədər laqeyd yanaşanlar da oldu, gözlədiyimizdən aktiv yanaşanlar da. Bir neçəsi iştirak edəcəyini bildirib. Nazirliyə müraciət etməyə çalışıram ki, biz bunu fərqli formada edək. İyunun 15-nə nəzərdə tutmuşduq, karantin uzadıldı, davam etmək məcburiyyətində qaldıq. Təqdimat onlayn olacaq deyə, tamaşaçıdan ehtiyat etmirik”.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının ədəbi dram hissə müdiri Həmidə Rüstəmova qeyd edir ki, karonavirus pandemiyası ilə əlaqədar bütün teatr və konsert müəssisələrindəki tədbirlərin, tamaşaların təxirə salınması ən çox da aktyorlar üçün zərərlidir: "Çünki aktyor daim məşqdə olmalı və öz bədən plastikasını qoruyub saxlamalıdır. Nəzərə alsaq ki aktyor daim obraz üzərində işləməli və öz bədənini cilalamalıdır, karantin günləri bu rejimə bir qədər maneçilik törətdi. Fasilə müddətində teatrlar məzuniyyətə gedir, ondan sonra da aktyorların rollara adaptasiyası elə də asan olmur. Ona görə də teatr mövsümünün açılışına qədər aktyorlar, ən azından sentyabr ayının tamaşalarını məşq edirlər. Bu nöqteyi-nəzərdən bədii şuranın iclasında teatrın rəhbərliyi hər zaman deyir ki, aktyorlar mütləq şəkildə məşq etməlidirlər. Bizim teatrda onlayn məşqlər, demək olar ki, tətbiq olunmadı. Çünki bu, Kukla Teatrı üçün o qədər də real görünmür. Kuklaçı mütləq kuklası ilə məşq etməlidir. Məşq kukla ilə olmalıdır. Real məşqlər hələ ki həyata keçirməmişik. Ötən həftə karantin bitəndən sonra biz iki tamaşanın məşqinə başladıq. Karantin qaydaları daxilində məşqlər aparıldı. Orda cəmi dörd nəfər aktyor iştirak edirdi. Bilirsiniz ki, çox insanın bir araya toplaşması qadağandır. Aktyorların evdə də məşq prosesi özləri ilə davam olunur. Plastik bədən həlli ilə bağlı öz üzərilərində işləyirlər. Aktyorun nəinki bədəni, əli, barmaqları, üzü - hamısı kompleks şəkildə formada olmasa, kuklaçı aktyor kuklaların arxasında gizlənə bilməz. Aktyorun öz üzərində məşqi mütləqdir”.
H. Rüstəmova deyir ki, teatrın yaradıcı heyətinə rejissorlar tərəfindən təlimatlar verilir: "Bir aktyor monotamaşa üzərində işləyir, digər aktyorlara fərdi qaydada tapşırıqlar verilir. Video şəklində çəkib rejissora göstərir. Bir neçə tamaşada yeni aktyor oyunları oldu ki, biz bunu artıq karantindən sonra nümayişlərdə görəcəyik”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər