AZE | RUS | ENG |


“Kann Film Festivalında qırmızı xalçada yerimək xəyalımdır” – Uğur hekayəsi

“Kann Film Festivalında qırmızı xalçada yerimək xəyalımdır” – Uğur hekayəsi
Sezen İsmailbəyli Yılmaz problemləri böyütməyi deyil, qısa zamanda anlayıb həll etməyi xoşlayır


İşinə məsuliyyətli yanaşmağı, problemləri böyütməyi deyil, qısa zamanda anlayıb həll etməyi xoşlayır. Deyir ki, insan işini sevərək gördükdə, mütləq şəkildə bunun qarşılığını alır. Müsahibimiz "Sez Yapım” şirkətinin rəhbəri, "SoBigg” şirkətinin həmtəsisçisi Sezen İsmailbəyli Yılmazdır. 
Qeyd edək ki, Sezen əslən azərbaycanlıdır, 9 yaşından Türkiyədə yaşayır. Türk iş adamıyla ailə qurub, hazırda da qardaş ölkədə yaşayır.
 
-          Hələ tələbəykən Başkənt Universitetinin Radio-televiziya jurnalistikası üzrə oxuyanda bir neçə filminiz müsabiqələrin qalibi olub. Deyəsən, müsabiqələrə qatılmağı, yarışmanı sevirsiniz...

-          İxtisasımı sevərək oxudum və bu sahədə özümü hər zaman inkişaf etdirməyə çalışıram. Düşünürəm ki, insan işini sevərək gördükdə, mütləq şəkildə bunun qarşılığını alır. Bu səbəblə çəkdiyim qısametrajlı və sənədli filmlərin dəyərləndirilməsi xoşuma gəlir. Həm də yarışmalarda iştirak etmək işimizin bir parçasıdır.
 

  
-          Yarışmalara qatılarkən yer tutacağınıza inanaraqmı qatılırsınız, yoxsa, qatılmağın özü sizin üçün önəmlidir?

-          Dediyim kimi, festivallarda iştirak etmək bizim işimizin bir parçasıdır. Bu səbəblə qazansaq da, qazanmasaq da üzülməməliyik. Amma mən hər bir yarışmaya inanaraq qatılıram. Negativ düşünməyi sevmirəm. çünki insan neqativ düşünəndə neqativlər hərlənib fırlanıb gəlib səni tapır. Bu il Kann Film Festivalına qatıldım, amma namizəd ola bilmədim. Bunu normal qarşıladım və pessimizmə qapılmadım. Kann Film Festivalında qırmızı xalçada yerimək xəyalımdır. Buna görə də xəyalım gerçəkləşənə qədər bu festivala qatılmağa davam edəcəyəm.
 


 -          Başkənt Universitetini bitirdikdən sonra təxminən 2 ilə yaxın reklam işçisi kimi çalışdınız. Sonra öz şirkətinizi – Sez Yapımı qurdunuz. Necə oldu gənc yaşınızda belə bir məsuliyyətli işin altına girdiniz?
-          Universitet illərimdə müxtəlif televiziyalarda incəsənət, xəbər proqramlarında çalışdım. Təhsilimi tamamladıqdan sonra bir müddət reklam sahəsində çalışdım və sonra rejissor olmağı seçdim. Rejissor olmağı seçdiyim üçün öz işimi qurmağa qərar verdim. Rejissor kimi ideyalarımı müstəqil surətdə gerçəkləşdirmək üçün öz şirkətimin olması şərtdir. Bu səbəblə də işimə olan sevgimdən şirkətim yarandı. Həm də, doğrusu, çərçivə içərisində çalışmağı təsəvvürümə gətirə bilmirəm.

-          Öz biznesini, işini qurmağın çətinliyi nələrdir?
-          Başqa birinin yanında çalışdığın zaman sadəcə, etdiyin işin məsuliyyətini daşıyırsan. Amma şirkət sahibi olduğun zaman son olaraq məsuliyyət yalnız sənin üzərində olur. Öz işin olduğu zaman işçilərin məsuliyyəti, işin keyfiyyəti, işin təşkil edilməsi sənin üzərindədir. Bir də buraya maliyyə və digər məsələləri əlavə etsək,  məsuliyyət daha da artır.



-          Bəs öz işinin ağası olmağın rahat tərəfi nələrdir?
-          Öz işinin sahibi olanda öz fikirlərini reallaşdıra bilirsən. Aldığın qərarlar doğrusuyla, yanlışıyla sənindir. Bu səbəbdən də daha sərbəst hərəkət edə bilirsən.
 
-          Yaradıcı adamlarla işləyəndə menecer olmaq çətin deyil ki? Çünki yaradıcı insanlar sərbəstliyə, azadlığa meyllidirlər. Hətta hərdən işi vaxtında çatdırmaya da bilərlər... 
-          Şirkət rəhbəri olmaqdan əvvəl rejissoram. Yaradıcı insanları idarə etmək isə rejissorun işidir. Bu baxımdan, digər sahənin adamlarından fərqli olaraq, yaradıcı insanları idarə etməkdə o qədər də çətinliyim olmur.


 
-          Sez Yapım hansı işləri görür, hansı xidmətləri göstərir?
-          Sənədli filmlər, verilişlər hazırlayır, reklam, tanıtım xarakterli podkastlar və s. çəkirik. Bir sözlə, işimiz çəkməkdir.
 
-          Müştəriləriniz əsasən kimlərdir?

-          Əsasən televiziya kanalları və müxtəlif şirkətlərdir. Amma hər bir insan bizim müştərimiz ola bilər. Məsələn, restoranının tanıtım filmini çəkmək istəyən birisi, yaxud karyerası ilə bağlı film çəkdirmək istəyən siyasətçi və b. Bir müddət öncə TRT üçün 11 bölümlük televiziya proqramı hazırladıq. Ümumiyyətlə, televiziya kanalları üçün proqramlar hazırlayırıq.
 

 
-          Gələcəkdə film çəkmək kimi bir planınız var?

-          Uzun metrajlı film çəkmək ən böyük arzumdur. Yaxşı ssenariniz varsa, dəyərləndirə bilərəm (gülür – L.M.).
 
-          Xəyalınızı gerçəkləşdirməyə nə imkan vermir?

-          Ürəyimə yatan ssenarinin və vaxtın olmaması.

-          Bir az da Sez Yapım olaraq hansı uğurlara imza atmanızdan danışaq...
-          Sez Yapım bu zamana qədər bir çox sənədli, qısametrajlı, reklam xarakterli filmlərə imza atıb. "Qar qırmızı” sənədli filmini Bakıda hazırlamışam. Bu filmdə Xocalı soyqırımını dünyaya anlatmağa çalışmışıq. Ümumiyyətlə, "Qar qırmızı” daxil olmaqla sənədli filmlərimizin hamısı müxtəlif müsabiqələrdə mükafatlar alıb. Ən son sənədli filmimiz "Cəlal” Suriyadakı savaşdan qaçanların faciəsini göstərir. Bu film bir çox ölkələrdə müsabiqələrə qatılıb və çox sayda mükafat alıb.
 


-          SoBigg şirkətinin də həmtəsisçisiniz. Bu şirkət hansı xidməti göstərir?
-          SoBigg 3 dost olaraq qurduğumuz bir şirkətdir. Şirkətimiz veb-səhifələrin yaradılması və dizayn verilməsi, sosial media marketinqi, e-ticarət saytlarının yaradılması, internet reklamçılığı kimi işlərlə məşğuldur.
 
-          Üç yaşında qızınız var. Uşaqla iş çətin deyil ki?

-          Heç bir çətinliyi yoxdur. Aldığım hər bir mükafat övladım üçündür. Böyüyəndə qürur duyacağı bir anası olmasını istəyirəm.


 
-          Həyat yoldaşınız uşağa baxmaqda yardımçı olur?
-          Bu baxımdan bəxtim gətirib (gülür – L.M.). Onun yardımı olmasaydı, bu işlərin öhdəsindən gəlmək çətin olardı.
 
-          Bu qədər işin arasında körpənizlə birgə dünya turuna da çıxırsınız. Hələ bu azmış kimi, bebekligezgin bloqunuzda başınıza gələnləri qələmə alır, fotolar yerləşdirirsiniz. Bu ideya haradan yarandı?
-          Həyat yoldaşımla səyahət etməyi çox sevirik. Övladımız da doğulduğu zamandan bəri bizimlə səyahət edir. Xatirələrimiz unudulmasın deyə, onları qorumaq və paylaşmaq istədim. Buna görə də gördüklərimi yazı və şəkil formasında BebekliGezgin-ə yerləşdirirəm. Hanim Ada adlı youtube kanalına isə qızımın gəzib gördüyü yerlərin videosunu yükləyirəm.


 
-          Hələ qızınız Xanım Ada 1 yaşındaykən səyahətlərə çıxmısınız. Bu yaşda uşaqla dünyanı gəzməyin çətinlikləri nələrdir?
-          Uşaq 3 aylıq olanda həkiminə körpəmizlə birlikdə səyahətə çıxa bilərikmi deyə sual etdik. O da "əlbəttə, siz gəzməyi sevirsiniz, uşağınız da sevəcək” dedi. 3 aylıq olanda ilk səyahətimiz başladı. İlk dəfə onunla Türkiyədə məşhur olan dağa – Kartalkayaya getdik. İlk dəfə xaricə isə 6 ayı olanda səfər etdik. İlk xarici səfərimiz İtaliyaya oldu. Doğrusu, heç bir çətinlik yaşamadım. Biz uşağa ayaq uydurmadıq, onu öz həyatımıza alışdırdıq. Həkiminin dediyi kimi, o da bizim kimi gəzməyi, görməyi çox sevdi.
 
-          Son olaraq, ənənəvi sualımızı da verək. Uğurunuzun sirri nədədir?

-          Məncə, ən önəmli olan insanın sevdiyi işlə məşğul olmasıdır. Sevdiyin işlə məşğulsansa, bir gün uğur qazanman qaçılmazdır. Bundan başqa, işimə məsuliyyətli yanaşmağı və problemləri böyütməyi deyil, qısa zamanda anlayıb həll etməyi xoşlayıram.
Lalə MUSAQIZI 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.2084
TRY 1 Türk lirəsi 0.4757
KWD 1 Küveyt dinarı 5.6114
SEK 1 İsveç kronu 0.1953
EUR 1 Avro 1.9029
CHF 1 İsveçrə frankı 1.7439
USD 1 ABŞ dolları 1.7021