AZE | RUS | ENG |


Kanadada təhsil alan, Türkiyədə biznes quran 24 yaşlı azərbaycanlı təlimçi - Uğur hekayəsi

Kanadada təhsil alan, Türkiyədə biznes quran 24 yaşlı azərbaycanlı təlimçi  - Uğur hekayəsi
Ülvi Orucov: “Uğur qazanmaq istəyiriksə, bir müddət istəklərimizi və rahatlığımızı qurban verməliyik”

24 yaşı var. Bu yaşda olan gəncin karyerasında uğur qazanması çoxlarına imkansız kimi görünsə də, o artıq beynəlxalq təlimçidir. Özündən yaşca böyük və kiçik əcnəbi tələbələrə, iş adamlarına biznes və marketinqlə bağlı yol göstərir, təcrübələrini bölüşür. Onun bir sloqanı var: "Bu günümüz keçmişdə etdiklərimizin nəticəsidir, gələcəyimiz də bu gün etdiklərimizin nəticəsi olacaq”. Düşünür ki, həyat istəklər üzərində yox, ehtiyaclar üzərində qurulmalıdır. Ehtiyacına görə hərəkət edən gənc, istəklərinə qısa zamanda çata biləcək. İstəyinə görə hərəkət edən gənc üçün isə hədəflər boş xülyadan başqa bir şey deyil.
Müsahibimiz beynəlxalq təlimçi, Türkiyədə 9 filialı olan Galata restoranlar şəbəkəsinin, Liva Emlakın, "Orucov&Trade and Logistik” şirkətlərinin təsisçisidir. Hazırda Kiprdə tikintisi davam edən Lapta hotelin həmtəsisçisidir.
Həmsöhbətimiz Türkiyədə Eskişehir Anadolu Universitetində İşlətmə fakültəsində təhsil alıb. Hazırda Kanadada Toronto Universitetində beynəlxalq marketinq fakültəsində magistratura pilləsində təhsilini davam etdirir.
 
 - Ülvi bəy, nə üçün təlimçi? Bu yaşda təlimçi olmaq çətin deyil ki?
 
- Məqsədim insanları düzgün şəkildə istiqamətləndirmək və maarifləndirməkdir. Hazırda iş dünyasında olan insanların bir çoxu prosedurlar haqqında düzgün məlumat sahibi deyillər. Təlimçi olmağımın əsas məqsədi gəncləri düzgün şəkildə maarifləndirmək və onların təcrübələrindən yararlanıb maariflənməkdir.
Təlimlərdə iş dünyasında ən çox hansı səhvləri etdiklərimizi, hansı nəticələrlə rastlaşdığımızı və buna görə hansı addımlar atmaq lazım olduğunu paylaşırıq. Onların da təcrübəsindən istifadə edib bilgilərimizi başqalarına çatdırırıq. Təlimçilik mənim hobbimdir. Bu işi görməkdən zövq alıram. İnsanın bildiklərini bölüşməsi, yararlı olmağa çalışması zövqvericidir. Çalışıram ki, bütün təcrübəmi insanlarla paylaşım, daha çox insanın maariflənməsinə kömək olum. Məsələn, hazırda marketinq sahəsində fəaliyyət göstərirəm. Bununla bağlı reallıqda yaşadığım təcrübələri insanlara ötürür, onların faydalanması üçün əlimdən gələni edirəm. Çünki təcrübə paylaşıldıqca, həmin sektor, həmin icma daha çox inkişaf edəcək ki, bu da birbaşa cəmiyyətin düzgün inkişafı və tərəqqisi deməkdir. Təlimlərim əsasən marketinq, menecment və işçi münasibətləri üzərində qurulur. İşimdən zövq aldığım üçün heç bir çətinlik hiss etmirəm.
 
- Hansı ölkələrdə təlimlər keçmisiz?
 
- Polşa, Argentina, Almaniya, Kanada, Türkiyədə müxtəlif təlimlər keçmişəm. Hazırda da fəaliyyətimi davam etdirirəm.
 
- Yaşınızın az olmasına baxmayaraq, xarici ölkədəki gənclərə təlimlər keçirsiniz. Bu, necə qarşılanır?
 
- Düzünü desəm, yaşıma görə, ilk baxışda o qədər də yaxşı qarşılanmır. Ən çox rastlaşdığım problem yaşla bağlıdır. Hər şey mikrofonu əlinə alıb ağzını açana kimidir. İnsanlar ilk baxışda düşünürlər ki, 24 yaşlı gənc bizə heç bir şey verə bilməz. Hər şey danışıqdan sonra başlayır. Biz orada mövcud reallıqlardan danışır, gördüyümüz real işlər haqqında məlumat veririk. Bizim verdiyimiz bilgilər bütün şirkətlərdə keçdiyimiz təcrübi bilgilərdir. Biz işçiyə, şirkətə nə lazım olduğunu bilirik və lazım olanı deyirik. Bu baxımdan, adamlar gördükləri görüntü qarşısında gözlədiyindən daha artığını alırlar.  
 
- Adətən yaşlılar orta nəslin fikirlərini qəbul etmir. Belə halla qarşılaşmısınızmı?
 
- Belə hadisələr olub. Biz Türkiyədə Karabük Universitetində təlimdə olarkən rektorun köməkçisi məni çağırdı, təəccüblə "təlim verəcək insan sənsənmi”, - deyə soruşdu. "Bəli” dedim. O dedi ki, "bu yaşda necə təcrübə ortaya qoya bilərsiniz?”. Özüm haqqında ətraflı məlumat verdim. Referanslarımız, işlərimizlə bağlı sənədləri təqdim etdikdən sonra təlimə başladıq.
 
- Həm də beynəlxalq layihələrdə iştirak edirsiniz. Hazırda hansı layihə üzərində çalışırsınız?
 
- Daha çox marketinqlə bağlı layihələr üzərində çalışıram. Türkiyədə keçirilən brend menecment yarışları var, orada iştirak edirəm. Hazırda isə qlobal şirkətlərin icraçı direktorlarını tələbələrlə görüşdürmək istəyirik. Tələbələrin onların təcrübələrindən yararlanıb normal inkişaf xətini götürmələri  üçün belə layihələr üzərində çalışıram. Bu layihənin ilk işi Almaniyada olacaq. Bu il noyabrın 17-də baş tutacaq. Bununla bağlı artıq "Microsoft” və "Facebook”la  danışıqlar aparılıb. Daha sonra isə layihəni Azərbaycana gətirmək istəyirik.
 
- Yaşınızın az olmasına baxmayaraq, həm oxuyur, həm də təlimlər və layihələr həyata keçirirsiniz. Adətən bu yaşda gənclər daha çox əyləncəyə üstünlük verirlər.
 
- Mənim bir həyat sloqanım var. "Bu günümüz keçmişdə etdiklərimizin nəticəsidir, gələcəyimiz də bu gün etdiklərimizin nəticəsi olacaq”. Müəyyən müddət sonra əyləncəyə vaxtımız qalacaq. Əyləncə haqqında 30 yaşımdan sonra fikirləşəcəm. Hazırda mənim üçün önəmli olan təhsil və iş həyatımdır. Özümü inkişaf etdirməyimdir. Mənim üçün özünü inkişaf etdirmək prosedurunda da bir əyləncə var. Çünki əylənərək öyrənirik. Təbii ki, öyrənmənin müəyyən metodları var. Evə, ofisə qapanıb  müəyyən şeyləri özümüzə təlqin etmirik. Məncə, insan gördüyü işlə də əylənməyi bacarmalıdır. Bu, mənə görə daha münasibdir.
 
 
- Ülvi bəy, siz həm də biznesmensiniz. Sizcə, biznesdə risk nə qədər önəmlidir?
 
- Biznesdə, sadəcə, ağıllı risk lazımdır. Ağıllı düşündükdə, bütün təhlükələrdə mütləq çıxış yolu olur. Risksiz biznes qabağa gedə bilməz. Amma riski də zamanına və yerinə görə etmək lazımdır. Risk edərkən bu riskin bizə nələr qazandıracağını düşünməliyik. Uduzsaq belə, oradan öyrəndiklərimiz bizim işimizi bir addım qabağa aparacaqsa, o zaman risk almağa dəyər. Riskin özü də, məncə, təcrübədir. Risk almasan, təcrübəni toplaya bilməzsən. Ona görə biznesdə risk vacib amildir.


- Uğur sirriniz nədir?
 

- Uğurun sirri düzgün və sistemli şəkildə çalışmaqdır. Bizi uğurlu-uğursuz edən nüanslar o işə yanaşmağımızdan asılıdır. Mənə görə, pis iş yoxdur, pis yanaşma, çalışma var. Çalışanlar, mübarizə aparanlar hər zaman qalib olurlar. Ona görə də mübarizə aparıb sona qədər çalışmaq və düzgün addımlar atmaq lazımdır. Mənə görə, uğurun sirri məhz budur.
 
 
- Düşünürsünüzmü ki, uğur qazanmaq üçün uğursuzluqdan qorxmamaq lazımdır?
 
- Sözsüz ki, hər kəsin çıxdığı yolda uğursuzluqlara rast gəlinir. Bu, mənim də başıma gəlib. Bəzən iş prosesində ətrafdan biri deyir ki, "bu işi sənə görə deyil”, "get başqa bir yerdə müəyyən əməkhaqqına çalış”. Amma bu fikirlər məni yolumdan ayırmayıb. Mənim hər zaman özümə verdiyim bir sual var. "Gördüyüm bu işdə nə qazana bilərəm?”, "hansı səhvləri etdim və bu səhvlərdən nə qazandım?”
Bunları uzlaşdırıb çıxardığım nəticələrlə növbəti dəfə səhv addımlar atmıram.
 
-        Sizcə, bir gənc uğur qazanmaq üçün nələrdən keçməlidir?
 
-        Həyatda bir şeyi qazanmaq üçün nələrisə qurban verirsən. Hər birimiz müəyyən hədəfə çatmaq istəyirik. Buna görə müəyyən müddət istəklərimizi və rahatlığımızı qurban verməliyik. Həyat istəklər üzərində yox, ehtiyaclar üzərində qurulmalıdır. Ehtiyacına görə hərəkət edən gənc istəklərinə qısa zamanda çata biləcək. İstəyinə görə hərəkət edən gənc isə ehtiyacı unutsa, o zaman hədəflər boş xülyada başqa heç nə olmur.
 
- Gənclərə nə demək istərdiniz?
 
- Çalışın, öyrənin, inkişaf edin. Mənə görə, 20-30 yaş arasında   öyrənmək, öyrəndiklərini təsdiq etmək zamanıdır. Təcrübə ilə təhsil eyni tərəzidə durmur. Təcrübə hər zaman təhsili "döyür”. Ona görə də öyrənsinlər, inkişaf etsinlər və mütləq tətbiq etsinlər. Karyera yolunda sənin yanında olanlar qədər olmayanlar da olacaq. Onun üçün başlarını aşağı salıb işlərini görsünlər və unutmasınlar ki, həyat həmişə mübarizə aparanlarındır.
 
- Sizcə, karyera qurmağın yaşı varmı?
 
- Karyera, mənə görə, 9-11-ci siniflərdən başlayır. İxtisas seçimini düzgün aparmalısan. Universitetə 17-18 yaşında qəbul oluruq. Universitet illərində artıq özümüzü tapmalı, öyrənməli, inkişaf etməliyik. Təhsil aldığın o 4 il ərzində təhsil sistemi dəyişmir. Amma rəqabət, bazar dinamikaları dəyişir. Ona görə zamanla ayaqlaşmalı, məhz həmin illərdən iş həyatına atılmalısan.
 
- Gələcək planlarınız nədir?
 
- Təhsilimi bitirdikdən sonra Orucov holdinqi təsis edəcəm.  Ondan sonra texnoloji holdinq təsis etmək fikrindəyik. Bununla bağlı startaplarımız var və çalışmalar gedir. Ən böyük hədəfim dünyanın ən böyük texnologiya holdinqini qurmaq və bu yolda uğurlu addımlar atmaqdır. Dünya texnoloji bazarında öz sözlərini demiş şirkətlərlə danışıqlar aparılır, layihələr təqdim olunur. Hədəfim Azərbaycanda dünyanın ən böyük texnologiya holdinqini açmaqdır.
 
- Hazırda Kanadada yaşayırsınız və işlərinizi də xaricdə həyata keçirirsiniz. Vətənə qayıtmaq fikriniz varmı?
 
- Əlbəttə. Azərbaycan bizim doğulub boya-başa çatdığımız yerdir. Ona görə də öyrəndiyimiz təcrübələri gəlib burada daha yaxşı gələcək, daha yaxşı cəmiyyət, daha yaxşı gənclik üçün paylaşmalıyıq. Bütün təcrübələri ölkəmizə gətirmək və insanların inkişafına vəsilə olmaq hər kəsin borcudur.
Aygün ƏZİZ




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.2084
TRY 1 Türk lirəsi 0.4757
KWD 1 Küveyt dinarı 5.6114
SEK 1 İsveç kronu 0.1953
EUR 1 Avro 1.9029
CHF 1 İsveçrə frankı 1.7439
USD 1 ABŞ dolları 1.7021