• cümə, 29 Mart, 09:27
  • Baku Bakı 5°C

Kağızdan “pul” düzəldənlər – Sadə peşə adamı

15.09.14 12:54 3165
Kağızdan “pul” düzəldənlər – Sadə peşə adamı
“Azərbaycanda bu sənətin mahiyyəti o qədər də dərk edilmir. Xalqımız bizim gördüyümüz işə “uşaq işi” kimi baxır. Restorana daxil olarkən bizdən ilk soruşulan sual “kağızı pul edə bilirsən” sualıdır? Biz də cavabında məcbur qalıb “edə bilirik, amma kənar adamlara etmirik” deyə cavab veririk”.
“Sadə peşə” rubrikamızın bu dəfəki qonaqları 20 ildir çiyin-çiyinə çalışan, “çörək”lərini sehrbazlıqdan və janqlyorluqdan çıxaran Rasim İsgəndərli və Emin Abdullayevdir. Onlar məktəbdə oxuduğu illərdən birlikdə sehrbazlıq sənətinə böyük maraq göstərib, elə uşaq yaşlarından bu sənətin incəliklərini öyrəniblər. Gənc müsahiblərimiz artıq 13-14 yaşlarında professional səhnəyə çıxıblar. Emin deyir ki, bu sənəti qonşuları vasitəsilə öyrəniblər: “Rasimin yaxın qohumu Bakı Dövlət Sirkində administrator kimi çalışırdı. O həm də bizim qapı qonşumuz idi. Rasimlə dost olduğumuz üçün bizi tez-tez sirkə aparırdı. Sirkdə göstərilən nömrələrə həvəslə baxırdıq. Həmin səhnədə özümüzü təsəvvür edir, ikimiz birlikdə xəyallar qururduq”.
Xəyallarımız gerçəkləşdi

Müsahiblərimiz sehrbazlığı o qədər seviblər ki, sırf bu işlə məşğul olmağı qarşılarına məqsəd qoyublar. Onlar birlikdə Sumqayıtda fəaliyyət göstərən pulsuz dərnəyə gediblər: “Məktəbdən sonra həyətdə boş-boş gəzməmək üçün analarımız bizi dərnəyə göndərirdi. Dərnək bizə dərsdən sonrakı boş vaxtımızı səmərəli keçirməyə kömək edirdi. Orada sehrbazlıq sənətinin sirlərini öyrəndikdən sonra artıq səhnəyə çıxmağa başladıq və uşaqlıq xəyallarımızı gerçəkləşdirdik”.
“1 dəqiqə 1 ömür kimi gəldi”

İlk səhnəyə çıxdıqları günü unutmayan illuziya ustaları deyir ki, o zaman səhnədə keçirdikləri bir dəqiqə onlara bir ömür kimi gəlirmiş: “İlk dəfə məni səhnəyə çıxardılar və dedilər ki, bir dəqiqəyə çıxış etməliyəm. Sirk sənətində uzun müddət səhnədə qalmaq olmaz. Mən ilk dəfə o bir dəqiqəni elə zülmlə doldurdum ki, elə bilirdim vaxt keçməyəcək. Amma indi bizdə bir dəqiqə elə tez keçir ki, özümüz də fərqinə varmırıq. İşimizdən o qədər zövq alırıq ki, bacardığımız qədər səhnədə qalmaq istəyirik”.
Eminin isə ilk göstərisi alınmayıb: “Nömrəmdə istifadə etdiyim alətlər əlimdən yerə düşürdü. Yerdən götürüb yenidən cəhd edirdim ki, guya heç nə olmayıb. Sən demə, hamı bunu hiss edirmiş. İndi o qədər professionallarmışıq ki, əlimizdən yerə düşən əşyanı ayağımızla qaldırırıq, hamı elə bilir, bilə-bilə atmışıq”.
Rasimlə Emin deyir ki, Azərbaycanda bu sənətə qiymət verilmədiyi üçün 2003-cü ildən 2011-ci ilə qədər Türkiyədə tədbirlərdə çıxış ediblər: “Türkiyədə hər yay müqavilə əsasında işləyirdik. Türklərdən çox oraya gələn turistlər bizim nömrələrimizi maraqla izləyirdilər. Orada belə bir qayda var idi ki, tamaşa sırasında 10 turist səhnəni tərk edirsə, deməli, biz işimizi düzgün icra edə bilməmişik. Belə olan halda gələn sezon bizi çağırmırdılar. Bacardığımız qədər maraqlı nömrələr edir, insanları əyləndirməyə çalışırdıq”.
“Quyuya su tökməklə quyu dolmur”

Müsahiblərimiz Azərbaycanda və xaricdə fəaliyyət göstərmək üçün özlərinin “Venyamin” qrupunu yaradıblar. Lakin “Venyamin” şou göstərisi ilə yanaşı, tək-tək də sifarişlər qəbul edirlər.
Rasim daha çox sehibazlıq, illuziya ilə məşğul olsa da, Eminin işi janqlyorluqdur. O səhnədə velosipedin üzərində müəyyən nömrələr göstərir. Emin deyir ki, janqlyorluq hər kəsin bacara biləcəyi iş deyil. Onun sözlərinə görə, bu vergi insana ana bətnində verilir: “İlluziya, xüsusilə də mənim sahəm hər adamın bacara biləcəyi iş deyil. Bu sənəti icra edə bilmək üçün insanda həm əl cəldliyi, həm aktyorluq bacarığı, həm də tarazlığı qorumaq qabiliyyəti olmalıdır. Belə istedadı olmayan insanlar illərlə məşq etsə belə tarazlığı qoruyub-saxlaya bilmirlər. Mənə bir uşaq gətirsələr və soruşsalar ki, janqlyor ola bilər, ya yox? 3 dəqiqənin içində bu sualı cavablandıra bilərəm. Çünki bu bacarıq xüsusi istedad tələb edir. Quyuya su tökməklə quyu dolmur”.
Sehr sənətinin sirri

Sehrbazlıq sənətinin sirlərindən danışan müsahiblərimiz deyir ki, bu sənətin əsas sirri səbirli və bacarıqlı olmaqdır. Çünki səbrsiz insan sehr nömrələrini öyrənə bilməz: “Səhnədə tamaşaçını təəccübləndirmək bizim işimizdir. Məsələn, əlimizə top götürürük, o topu yox etməliyik ki, tamaşaçıda maraq oyansın. Biz bu nömrəni səhnədə göstərmək üçün aylarla vaxt itiririk. Bir topu yox etmək üçün sehrbaz 7-8 ay güzgünün qarşısında məşq etməlidir. Bunu ancaq sənətini sevən və səbrli insan edə bilər”.
Müsahiblərimizlə söhbətimiz əsnasında məlum oldu ki, onlar bir çox müsabiqə və layihələrin qalibidir. Üstəlik, Azərbaycanda “Qorxma, mən səninləyəm” filmində də iştirak ediblər.
“Bizə bəxşiş verirdilər”

Rasim deyir ki, illuziyonistlərin şok effekti yaratdığı nömrələrin hər birini ölkəmizdə ifa edə bilənlər var. Lakin maddi dəstək olmadığı üçün istedadlar ortaya çıxmır və pul qazanmaq üçün başqa işlərlə məşğul olurlar: “Biz ilk günlər səhnələrdə pulsuz çıxış edirdik. Pul bizə maraq vermirdi, sənəti o qədər sevirdik ki, elə səhnəyə çıxıb nömrələrimizi göstərməyimiz bizim üçün nəyə desən dəyərdi. Səhnədə bəzi insanlar əyləndikləri üçün bizə yalnız bəxşiş verirdilər. Amma hər kəs bizim kimi deyil. O qədər istedadlar var ki, bu sənətdə pul qazana bilmədiklərinə görə sənətdən uzaqlaşırlar. Bu səbəbdən də hazırda Azərbaycanda barmaqla sayılacaq qədər az illuziya ustaları var”.
Müsahiblərimiz ölkəmizdə illuziya və sehrbazlıq sənətinə uşaq sənəti kimi baxılmasından şikayətləndilər. Onlar deyir ki, xaricdəki yanaşma ilə Azərbaycan arasında çox fərq var: “Bizim buradakı tamaşaçı kütləmiz ancaq uşaqlardır. Hələ böyüklərin bu sənətə marağı yoxdur. Eşidəndə ki, sən jonqlyor, və ya sehrbazsan, deyirlər uşaq işidir. Halbuki illuziya ustaları dünya səviyyəsində arenalarda çıxış edirlər. Bizdə isə proqramı ucuzlaşdırıb uşaq səviyyəsinə salırlar. 6 yaşında uşaq jonqlyorun bacarığını qiymətləndirə bilməz. Buna ancaq böyüklər qiymət qoymağı bacarar”.
“Çox utandım”

Həmsöhbətlərimiz iş vaxtı başlarına gələn maraqlı hadisələrdən də danışdılar. Emin keçmişdə onu utandıran hadisəni indi gülərək xatırlayır: “Bundan bir neçə il öncə Qusarda səhnəyə çıxmışdıq. İş yoldaşlarımızla zarafatlarımız var idi. Hər proqramdan sonra kloun səhnəyə çıxır və vaxt aparır ki, digər artist paltarını dəyişib yenidən çıxsın. Mən də pərdənin arxasında paltarımı dəyişirdim. Arxam səhnəyə tərəf olduğundan heç nədən xəbərim yox idi. Bu zaman səhnədə tamaşaçıların qəh-qəhə çəkdiklərini eşitdim. Bir anlıq düşündüm ki, səhnədə gülməli nə isə göstərilmir, bunlar nə üçün gülürlər? Sən demə, proqramist paltarımı dəyişdiyim zaman səhnəni açıbmış. O zaman çox utanmışdım. Vəziyyətdən çıxa bilmirdim. Bütün zal məni gördüyü üçün sözün əsl mənasında şok olmuşdum”.
Rasim isə 41 dərəcə hərarətlə səhnəyə çıxmağa məcbur olub: “ İşdə belə bir sistem var ki, əgər müqavilə imzalamısansa xəstə olsan belə, səhnəyə çıxmalısan. Mən də yüksək hərarətlə işə getmişdim. Bizim tamaşanın vaxtı gəldi. Özümü o qədər halsız hiss edirdim ki, əlimdə heç bir nömrə alınmırdı. Xoşbəxtlikdən insanlar həmin vaxt yeyib-içdiyinə görə qüsurlarımı hiss etmirdilər. İşimi birtəhər gördüm və evə gəldim. Sonra dostum mənə zəng vurdu ki, dünənki məclis səni yenə istəyir. Məəttəl qaldım. Çünki mən orada heç nə göstərə bilməmişdim. Fikirləşdim ki, yəqin o qədər pis alınıb ki, məndən narazılıq etməyə çağırırlar. Sən demə, dünənki işimi çox bəyəniblərmiş”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər