Kahin – Enarey
(hekayə)
Aydını çoxdan tanıyırdım. Lap çoxdan. Doğrudur, onunla ünsiyyət zamanı dediklərinin bir faizinə də inanmırdım. Hər halda danışdığı uydurmaları dinləməyi çox sevirdim.
Hər yeni rəvayətə başlayanda düymə boyda gözlərini yığar, sonra söhbətə
başlanğıc verərdi. Əllərini də bir-birinə elə bərk sıxardı ki, elə bil mühüm
bir şeydən söz açacaq. Gərək aktyor olaydı, ya da ədəbiyyatçı. Uydurmalarına
özü də inanardı hərdən. Yalan tez unudulduğu üçün, qəsdən bir neçə gündən sonra
ona eyni hadisədən epizodlar danışardıq. Aydın, o hadisənin axırı necə olmuşdu,
soruşardıq. Nağılları su kimi yuyulub beynindən getdiyindən, öncə gözlərini
qırpar, sonra söhbətin ucundan-qulağından qırpışdıraraq birinin üstünə beş də
qoyub guya əvvəlkini danışırmış kimi yeni rəvayət uydurardı özündən. Biz də ona
inanardıq.
İndi isə Aydın yadıma tor kimi
gəlir. Nə yaxşı ki, həyatımda tanıdığım belə bir adam olub…20 ildən sonra Qatura getmək iməkləməyə başlayan uşağın dünyanı lap yenicə tanıması kimiydi. Kənddə yalnız yaşlılar qalmışdı. Bütün cavanlar bir qarın çörək üçün buraları tərk etmişdilər.
Cansıxıcı idi kənd. Əvvəlki təravəti qalmamışdı. Palçıqdan yapılmış komalar,
bir az da ot basmış görkəmi ilə adamın ürəyini sızladırdı. Uzaqdan damın
üstündə oturan bir nəfəri gördüm, qamış uzunluğunda ayaqlarını qucaqlamışdı.
Aydın olmasın bu? Oturuşu eynilə odur.
Biz tərəflərdə meyvəli ağacların
dibinə balta çalardılar. Ona görə də bərəkəti üstündən əskik olmurdu. Ahıllar,
bax təbiətin də gözünü gərək belə qorxudasan, deyərdilər.Aydıngildən yuxarıda sıra ilə düzülmüş çinar ağacları var idi. El arasında
çinarlıq deyirdilər. Nədənsə o ağacların da dibinə balta çalınmışdı. Üçüncü
çinardan o tərəfə nələrin olmasından bixəbər idik. Getmək olmaz, güz var
deyərdilər. Dilimizdə də əzbər idi. Filənkəs güzlükdə itdi. Üçüncü çinardan
keçdiyindən, başına belə gəldi. Nə isə, bizim oralara getməyimiz yasaq idi.
İçimdə nə qədər qorxu olsa da, üçüncü çinardan o tərəfə keçməyin arzusunda idim
daima… Ayağımdan qaratikanları
qopara-qopara uzaqdan gördüyüm o adama sarı gedirdim. Balaca palçıq evin
dövrəsində iki nar, üç armud, səkkiz alma ağacı var idi. Ot basmış evin dörd
bir yanında it bağlanmışdı. İtin ikisinin qarşısında sümük, ikisinin qarşısında
ət var idi. Dörd itin dördü də hürmürdü, atılan yeməyi də yemirdilər. Alma
ağacının birinin üzərindən ağ kəlağayı asılmışdı. Külək bir ucunu evin damına
sancmışdı. Damının arasında olan üzərlik kəlağayının ucuna ilişmiş, hər külək
vuranda çaqqıldadırdı. Damın üzərindəkinin isə insan olmadığını gördüm. Yəqin
üç gün bundan öncə əsən külək ağacın kötüyünü buraya atmışdı. Biz tərəflərdə
güclü küləklər əsir. Necə olub ki, kötük parçasını insana bənzətmişəm?
Bilmədim… Yadımdadır, Aydın bir
rəvayət danışmışdı bizə. O zaman onu məsxərəyə qoyardıq. Deyirdi vaxt gələcək
bir gecənin içində hamı qocalacaq. Uşaqlar isə alma ağacına çevriləcək. Biz də
onu əsəbiləşdirib, yox, biz alma yox, armud ağacına çevriləcəyik, deyərdik. O
isə, gülün-gülün, o vaxt gələr siz də görərsiniz, deyə təkrarlayardı. İki gündən
sonra rəvayəti ona xatırlatmaq istəyəndə danışmaq istəməmişdi. Ey, danışmıram,
danışmıram, söyləmişdi. Qazanın
altında alov yanmazdı. Yer kürəsi başına hava gəlmiş adam kimi dövr edərdi.
Nənə isə halvanı hey qarışdırardı. Deyilənə görə Aydının ulu babası da uşaq
olarkən Ulu dağdan qaynayan halvanın ətrafa sıçramasını görmüşdü. Deyir onda
nənəm əlinə qazan alıb soyuq bulağa qaçmışdı. Sonra bulaq suyunu evə gətirib,
yeddi yerə çömçə ilə su tökmüşdü. Babam isə hər su tökülən yerə arpa
basdırmışdı. Yeddinci arpadan sonra Ulu dağ sakitləşmişdi. Sonra hər evdən bir
qoç götürüb, Ulu dağın ətəyində qurban kəsmişdilər. Nənəm isə alnıma qurban
qanından nöqtə qoymuşdu. Soruşanda ki, ay Aydın, dağ qurbanı neynir? Aydın
cavab verərdi ki, kəsilən qurban insanın malından asanlıqla keçməsinə işarədir.
Axı mülk, mal şirin şeydi. Heç kim balaca qəpiyindən də keçməz. O ki qaldı qoç
olsun. Tanrı səxavəti sevdiyindən, insanların bu canfəşanlıqlarına biganə qala
bilmir. Hər qurban ayinindən sonra onlarla bir az da yumşaq davranarmış. Ulu dağın arxasında dilək ağacı var
idi. Ağacın nə az, nə çox bəlkə də milyon yaşı var idi. Aydının babasının,
babasının babasının da yadına bu ağac gəlirdi. Heç kim onun dəqiq yaşını
bilmirdi. İçi boş, üstü yaşıllıq, altı kölgənəcək. Belə ağaclar əbədilik
simvoludurlar, Aydın deyirdi. Hər əşyanın sonu var. Əşyaların da, ağacların da
taleyi var.
Bu dilək ağacına da dilək edib kəlağayı asardılar. Hər böyüyən gənc nəsil bu ayinə məsxərə ilə yanaşar və inanmazdılar. Yaşlılar isə, həqiqət olduqda söylənilər, deyirdilər. Yalandan həqiqət doğmaz. Əgər təsadüfən doğubsa, o zaman mütləq cəzası çəkiləcək.
Yüz il sonra gələcək, min il sonra gələcək, amma, həqiqəti yerində oturtmaq üçün kimsə mütləq gələcək…
Kitabda belə yazılıb: Onların əməlləri zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.
Həqiqəti susdurmaq üçün bürüyərlər.
Sonuncu bir dalğa üzərindən, bir dalğa deyilişi, qaraya bürünən qadınları,
çadranı yadıma salırdı. Qadın həqiqətdir. Və hər kişi öz həqiqətini gizlətmək
istəyir. O zaman həqiqətə yalnız özü şahid olur. O həqiqət onun olur. Və
günlərin bir günü həqiqət boğulur və səssiz-səmirsiz itir. Vaxt gəlir yenə də
həqiqətləri aydınlatmağa başlayırlar. Həqiqət aydınlaşdıqca, qadın göründükcə,
bəşəriyyət hərəkətə gəlir. Sonra həqiqəti yenə zülmətə bürümək üçün onu kirlədirlər.
Sonra yenə də həqiqətləri xilas etməyə başlayırlar. Bu silsilə sonsuzluğa qədər
davam edir…
Onu bir dalğa, o dalğanın
üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) – zülmət üstündən zülmət
örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz.
Həmin gün çox yol getdim. Ağ atın
təkində çinarlığa yollanmaq maraqlı idi. Uzun müddətdir at çapmamışdım.
Ayaqlarımın arasından qalxan ağrı bədənimi keyidirdi. Doğru deyirlər, insan
nəyə adət etsə, ona asan gələr. Çinarlığa çatmaq Feyzulla babamın nağılları
kimi saqqız kimi uzanırdı. Niyə saqqız kimi uzanmasını bilmirdim, demə dünya
sonsuzdur. Məkanlar isə yer dəyişən. Babam mənə deyəndə ki, vaxtilə Xəzər
dənizinin suları indiki Böyük Qafqazın üzərini örtürdü, inanmırdım. Sən demə,
Xəzərin yerində Pətək ölkəsi mövcud olmuşdu.Demə adının Pətək olması da
təsadüfi deyildi. Yerin təkində oymaq açan insanlar, evlərini orada qurardılar.
Kənardan baxanda pətək kimi deşik-deşik görünərdi düzənlik. Dəliklər arasına ağ
tabaşirdən yol çəkilərdi və bütün dəliklər sap üzərinə düzülmüş muncuğu
xatırladardı insana. Babama daima, bəs dəniz ölkənin üzərinə axmırdı, sualını
verirdim. Hər dəfə fikrə gedib, səddə idi cavabını verərdi. Sədd isə həqiqət
məhv olanda dağılır.
Demək ki, kainatda olan bütün
canlılar, əşyalar, dağlar, dənizlər, çaylar belə görünməz sədlə haşıyələnib. O
vaxt ona həqiqətin niyə yox olduğu sualını verməmişdim. İndiki ağlım olsaydı
sualları sual üzərindən yağdırardım babamın üzərinə. Bir də vaxtından əvvəl hər
şeyin bilmənin də mənası yoxdur. Hər kəs həqiqətinə nə zamansa çatır. İndi mən
də çinarlığa nə üçün getdiyimin fərqinə varırdım və bu yolun niyə bu qədər uzun
gəlməsini dərk edirdim…Skiflərdə falçılıq və öncəgörmə
geniş yayılmışdı. Enarey adlanan kişiyəbənzər qadınlar söyüd çubuqları ilə fala
baxardılar keçmiş zamanlarda. Onlar kişi görkəmli olsalar da qadın libasları
geyinər və falabaxma mərasimlərində xüsusi ayinlər yerinə yetirərdilər. Hətta
səsləri belə qadın səsinə bənzəyən cəngavər qadınlar Skiflər üzərinə gələcək
bəlaları öncədən sezər və zamanında çara xəbər verərdilər. Onların həqiqətdə
kişi və ya qadın olması bilinmirdi. Deyilənə görə tanrılar yalnız və yalnız
qadınların qulaqlarına pıçıldamağı sevərdi. Qadınlar isə söz saxlaya
bilmədiklərindən, o dövrün adamları tanrıları aldatmaq üçün kişilərə qadın
paltarı geydirərək fala baxmaq ayinini gerçəkləşdirirdilər.
Kainatda başlanğıcın adı
qadındır. Adəm özü də Həvvanı içində gəzdirirdi. Adəm yarı Həvva, yarı Adəm
idi. Allah öz ruhundan ona üfürmüşdü.
Buddizimdə çoxayaqlı və çoxəlli qadın bütün mənası da elə başlanğıcdır.
Üzərində yaradılar çox əl və çox ayaq bioloji əlamət olmayıb, rişələri
bildirər. Eynilə ağac kökləri kimi. Məhz bu çox əllilər və çoxayaqlılar
dünyanın qadın başlanğıcına inanar və ona sitayiş edərdilər.İndi Xəzər sularının altında qalan Pətək ölkəsinin varlığını düşündükcə tüklərim biz-biz olur. Həqiqəti gizlətmək üçün Yaradan bütün dünya üzərinə müxtəlif örtüklər çəkmişdi. Həqiqət həmişə nəyinsə altında gizlindədir.
Çinarlığa çatmağa 4 ağac yol
qalmışdı. Ulu dağın üzərində at zərbələrini gəzdirmək mənə əzab verirdi.
Düşünəndə ki, daşlar da canlıdır və yer, üzərində addımlayan insanların
zərbələrindən qeyzlənə bilər. Yerin nifrətindən qorxurdum.
Hər şey eyni silsilə ilə davam
edir. Keçidlərlə, dolanbaclarla, üstüörtülü, tanınmaz, sirli, unudulmuş,
tapmacavari, gizlin şəkildə. Sözlər kimi. Ağızdan ağıza ötürülmüş şəkildə
qulaqlara çatar. Qulaq, bütün gerçəklərin və bilinməzlərin qara dəlikli giriş
qapısıdır.Özümlə danışarkən çinarlığa çatmağımın
fərqində olmadım. Atdan endim.
Böyük bir meydanın ətrafında insanlar oturmuşdu. Kimə danışsam inanmaz.Ölkənin şahı rəhmətə getmişdi. Demə bura gəlməyimin elə bir önəmi yox idi. Əvvəl-axır həqiqət azad olacaqdı. Bunu ürəyimdən keçirəndə, yanımda oturan ağsaqqal, hələ sona qədər dinlə, səbrin olsun, dedi. Yeni doğulmuş uşaq gətirdilər meydana. Hamı ona baş əyməyə başladı.
Diqqət, diqqət! Eşidin və agah olun, bundan sonra taxtın sahibi Yunis ibn
Adəmdir. Bundan sonra bu taxta o keşik çəkəcək və qanunları o verəcək. Yanımdakı
ağsaqqalın qulağına pıçıldadım. Siz heç bilirsiniz bu nə deməkdi? Siz indi
açılması gərəkən həqiqətin üzərini yenidən bağlayırsınız.
O mənə bir rəvayət danışdı. Və mən bu rəvayətdən sonra orada qalmağımın bir
mənasını görmədim. Atın təkinə minib geri qayıtdım. Anladım ki, çinarlığa
getmə, orada Güz var deyənlər əslində doğru deyirdilər. Uzaqlara həqiqət
axtarışında getməyin mənası yoxdur. İnsanlar alın yazısı qarşısında qul kimi
ikiqatdırlar. Taleyin yalnız istiqamətini bir balaca dəyişmək olar. Onu yenidən
yazmağa heç kimin cürəti çatmaz.Və qoca mənə dedi ki, Yaradan
insanı yaratdıqdan sonra, ona ruh üfürməmişdən öncə, yaratdığı bütün varlıqları
yanına yığır. Deyir, ey yaradılanlar, mən uşaq kimi ərköyün, bəzən tənbəl,
azdan doymayan, çoxa qane olmayaq, qanı sevən, ölümə sitayiş edən, bəzən rəhmli,
bəzən rəhmsiz, həm özünü tanıyan, həm də tanımayan bir məxluq yaratmışam. Adını
İnsan qoymuşam. Bu insanın həqiqəti mənim əlimdədir, amma, bilmirəm onu harada
gizlədim. Harada gizlətsəm tapacaq. Yerin altına da gedəcək, yerin üstünə də
uçacaq. Hər canlı, ver mən saxlayım, dedi. Məndən ala bilməz. Yaradan çox
düşündü. Yox, mən bu sirri dərin quyunun içində gizlədəcəyəm. O sirr, yalnız
işığa doğru qalxa biləcək. Zülmətdə isə köz kimi qaralacaq. O quyu, nə quyudur
elə? İnsanın içi. Mən anladım ki, insan istəsə də özündən qaça bilmir. Özündən
qaçmanın bir mənası, yoxdur əslində. Bu mümkünsüzdür. Daha çox içinə enməlisən,
özündən qopmamalısan. İndi düşünürəm ki, Aydın hər şeyi doğru deyirdi. Vaxtilə
güldüyümüz ağılllı insanlara, sonradan inanmağa başlayırıq, indi isə öz
axmaqlığımızı dərk edirik. Mən kəndimizə dönəndə hər kəs işində-gücündə idi.
Demə, bu vaxta qədər bura necə də gözəl, necə də yaraşıqlı və abad imiş. Onu
görmək üçün dərk etməmin lazımlığı gərəkirdi. Gözün və qulaqların olması
əbəsdir. Onlar yalnız vasitədir, əsl həqiqət isə qəndil içində yanan çıraqdır. İndi
Enarey bir dua oxuyacaq… Bilmirəm günəş nə zaman sıyrılıb yerə düşəcək. Bircə
onu bilirəm ki, o, bizə nöqtə boyda görünən, əslində isə, böyük bir həqiqətin
üzərini açacaq. Və həmin an biz yerlə göyü birləşdirən dayaqları görəcəyik və
bütün həqiqətlər örtüyünü öz üzərindən yerə salacaq. Gəlin üzündən çəkilən
duvaq kimi.
Günel EYVAZLI