• cümə, 29 Mart, 10:22
  • Baku Bakı 5°C

"Kadr islahatlarının müsbət nəticələri göz qarşısındadır"

23.05.20 17:52 531
"Kadr islahatlarının müsbət nəticələri göz qarşısındadır"
"Ölkədə aparılan, həyata keçirilən kadr dəyişiklikləri, yenilənmələr, kadr islahatları davamlı və geridönməz xarakter daşıyır. Çox sevindirici və qürurverici haldır ki, ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə bütün sahələrdə həyata keçirilən kurs, siyasət kadr islahatları və yenilənmələri sahəsində də uğurla davam etdirilib və bu gün davam etdirilməkdədir”. Bu fikirləriSİA-ya açıqlamasında Mİlli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O bildirib ki, kadr islahatlarına indi start verilməyib: "İstər Ulu Öndər Heydər Əliyevin birinci, istərsə də ikinci hakimiyyəti dönəmində bu proses həyata keçirilib. Dövrün, zamanın reallıqlarına, tələblərinə cavab verən layiqli və peşəkar kadrlarla yola davam edilib, həyata keçirilən siyasətin nəbzini tuta, tələblərə cavab verə, vəzifələrinin öhdəsindən gələ bilməyənlərlə vidalaşılıb, xətaya, qüsura, nöqsana, cinayətə yol verənlərlə isə qanunun dili ilə ən sərt şəkildə davranılıb, heç kimə güzəşt edilməyib, heç kimin əməllərinə göz yumulmayıb”.
Millət vəkili söyləyib ki, xüsusilə də, 2018-ci ilin 11 aprel seçkilərindən, ötən ilin əvvəllərindən, xüsusilə, payız aylarından bu yana kadr islahatları, yenilənmələr daha geniş start götürüb, daha geniş vüsət alıb: "Bu da təsadüfi deyil. Çünki bütün çıxış və nitqlərində dövlət başçısı daim bu məsələyə ciddi önəm verib, diqqət ayırıb, kimliyindən asılı olmayaraq, bütün vəzifəli şəxsləri, məmurları məsuliyyətə dəvət edib, onlara ciddi tapşırıq və göstərişlərini verib, xəbərdarlıqlarını bildirib.Son xəbərdarlıqlarından birini də ötən ilin sonlarında keçirdiyi sosial-iqtisadi müşavirədə dilə gətirdi. Həmin vaxt bir daha bu məsələyə geniş yer ayıran ölkə rəhbəri kadr məsələlərində yeni ruhlu, yeni təfəkkürlü gənclərə önəm veriləcəyini bəyan etdi, hətta, bununla bağlı hörmətli Baş nazirə tapşırıqlarını da verdi”.
E. Səlimov qeyd edib ki, artıq nəticələr göz qarşısındadır: "Cinayət əməllərinə yol verdikləri üzə çıxan 5 icra başçısı və onların əməkdaşları, eləcə də, Dövlət Sərhəd Xidməti (DSX) və Mədəniyyət Nazirliyinin (MN) bəzi yüksək çinli məmurları, vəzifəli şəxsləri ilə bağlı hüquqi müstəvidə sərt cəza tədbirləri seçildi, həbslər həyata keçirildi. Bununla yanaşı, bu prosesin bundan sonra da davam etdiriləcəyi bildirildi. Təsadüfi deyil ki, ölkə başçısı dünən Ağstafa və İmişli rayonlarının yeni icra başçıları ilə videoformatda qəbulu zamanı bir daha sərt xəbərdarlığını bildirdi ki, "bütün pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. Dövlət başçısı eyni zamanda, bir daha bəyan etdi ki, Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır”.
Milli Məclisin deputatı hesab edir ki, hər bir məmur, hər bir vəzifəli şəxs dövlət başçısının bu sözlərindən, bu xəbərdarlıqlarından ciddi nəticələr çıxaracaq və öz fəaliyyətlərini dövrün, zamanın tələblərinə, aparılan siyasətin nəbzinə uyğun şəkildə qurmağa, Azərbaycan vətəndaşlarını məmnun etməyə çalışacaqlar: "İnanıram ki, onlar dövlət başçısının etimadına layiq olacaq, onun etimadını tam doğruldacaqlar”.
banner

Oxşar Xəbərlər