• cümə axşamı, 18 aprel, 08:26
  • Baku Bakı 12°C

Jurnalistlərə mənzillərin verilməsi qaydaları açıqlandı - Fotolar

16.05.17 11:40 2125
Jurnalistlərə mənzillərin verilməsi qaydaları açıqlandı - Fotolar
Jurnalistlər üçün tikilən ikinci binada mənzillərin verilməsi qaydaları və şərtləri ilə bağlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ( KİVDF) mətbuat konfransı keçirib. KİVDF-nin sədri Vüqar Səfərli ilk olaraq Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına toxunaraq, bu günlərdə ölkədə bayram sevinci yaşandığını deyib.

Onun sözlərinə görə, jurnalistlər üçün tikilən ikinci bina tam hazır vəziyyətə gətirilib: "Bu günü jurnalistlər intizarla gözləyiblər. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlər üçün ikinci binanın tikilməsinin təməli qoyulmuşdur. Bununla bağlı cənab prezident sərəncam imzalamışdır və bu bina artıq tikilib başa çatdırılıb. İyul ayının 22-də binanın açılışı gözlənilir. Xüsusi qeyd eləməliyik ki, dünyanın heç bir yerində jurnalistlərə dövlət başçısı tərəfindən evlər hədiyyə olunmur. Son illər dünyada iqtisadi böhran oldu və bu, Azərbaycandan da yan keçmədi. Bütün bunlara baxmayaraq, dövlət başçısı bu sahəni diqqət mərkəzində saxladı və lazım olan vəsaiti ayırdı, artıq bina hazırdır. Bu gün isə həmin mənzillərin verilməsi ilə bağlı kriteriyaları elan edəcəyik. Tədbirdə bütün kütləvi informasiya vasitələrini əhatə edən jurnalistlər iştirak edir”.

V.Səfərli qeyd edib ki, sənədlərin qəbulunu obyektiv və şəffaf həyata keçirmək üçün Prezident Administrasiyasının tövsiyəsi əsasında komissiya yaradılıb: "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan 3, Milli Teleradio Şurasından 3, Azərbaycan Mətbuat Şurasından 3 nəfər olmaqla komissiyada 9 nəfər var. Milli Teleradio Şurası televiziya və radio sahəsini, Mətbuat Şurası mətbuat və ictimaiyyəti, Fond isə burada dövləti təmsil edir. Bu gün komissiyanın ilk iclası keçirilib. Komissiyaya sədrlik mənə həvalə olunub. Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Fondun aparıcı məsləhətçisi Samir Mustafayev, Milli Teleradio Şurasının sədri Nüşirəvan Məhərrəmli, MTRŞ-nin hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov, həmin şöbənin məsləhətçisi Aygün Mehdiyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Şuranın idarə heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Şuranın idarə heyətinin üzvü, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev komissiyada yer alıblar”.

KİVDF sədrinin sözlərinə görə, ötən dəfə mənzillərin verilməsi prosesində KİV-lərdə iclaslar keçirilib. V.Səfərlinin sözlərinə görə, indi də redaksiyalarda iclaslar keçiriləcək və kriteriyalara uyğun namizədlər irəli sürüləcək: "Buna görə də iclasların keçirilmə qrafiki müəyyən olunacaq. İclaslarda təkcə komissiyanın deyil, eləcə də Mətbuat Şurasının və Fondun Müşahidə Şurasının üzvləri iştirak edəcək”.

Daha sonra V.Səfərli kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtlərini açıqlayıb. Fondun icraçı direktoru vurğulayıb ki, jurnalistlər üçün Prezidentin sərəncamı ilə inşa edilmiş ikinci binadan mənzil almaq üçün müraciət edən jurnalistlər mütləq müəyyənləşdirilmiş qayda və şərtlərə uyğun gəlməlidirlər.

Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri aşağıdakı kimidir:
"Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”

(Komissiyanın 16 may 2017-ci il tarixli iclasında təsdiq olunmuşdur)

Ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürür.

Televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd müəyyənləşdirə bilərlər.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.

KİV-lər:

- ümumi iclas çağırmalı;
- Komissiyanın şərtlərinə uyğun namizəd(lər)ini müəyyənləşdirməli;
- Komissiyaya təqdimat verməlidirlər (möhürlü və imzalı).

KİV-lərin təqdimatına:

- namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada);
- namizədin ailə tərkibi haqqında arayış;
- namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı);
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli;
- namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonları əlavə olunmalıdır).
Təqdimatlarda namizədin mənzil-məişət şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır (jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcəkdir).

Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimatlar verilə bilər.

Azərbaycanda jurnalistikanın inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər.

Adları Mətbuat Şurasının "qara siyahısı”na daxil edilmiş, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.

Göstərilən sənədlər 2017-ci il may ayının 22-dən iyun ayının 22-dək Komissiyaya təqdim edilməlidir.

Komissiya toplanmış sənədləri iyunun 30-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.

Komissiyanın üzvü, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qaydalarda televiziya və radio yayımçılarının 10 namizəd irəli sürə bilməsinin əksini tapdığını xatırladıb: "Ancaq qeyd etmək istəyirəm ki, 10 namizədin irəli sürülməsi o demək deyil ki, onların hamısına mənzil veriləcək. Bundan başqa, ancaq yerli televiziya və radio nümayəndələri mənzillə bağlı müraciət edə biləcək".

Komissiyanın üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, indiyədək mənzil məsələsi ilə bağlı Şuraya müraciətlər olub. Onun sözlərinə görə, bu müraciətlər komissiyaya təqdim ediləcək: "Amma bu o demək deyil ki, onlar qəbul edilib. Çünki komissiya kriteriyaları açıqladı və buna uyğun gəlməyən müraciətlər nəzərə alınmayacaq”.

Daha sonra sualları cavablandıran V.Səfərli bildirib ki, KİV-lərdə işləyən texniki işçilərin mənzil almaq üçün namizədliklərinin verilib-verilməməsi məsələsini Komissiya ilə Prezident Administrasiyası birgə araşdıracaq. Onun sözlərinə görə, burada söhbət böyük redaksiyalardan gedə bilər. Komissiya xatırladıb ki, televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilərlər: "Ancaq elə saytlar, KİV-lər yaranıb ki, heç o sayda işçiləri yoxdur. Biz sadəcə, maksimum həddi göstərmişik, əməkdaşları az olan KİV-lər 1-2 namizəd də irəli sürə bilərlər”.

Gələcəkdə jurnalistlər üçün yeni binanın tikilib-tikilməməyəcəyi sualına cavab verən V.Səfərli qeyd edib ki, bu, Prezident İlham Əliyevin sərəncamında olan bir məsələdir: "Əvvəllər olduğu kimi, bu məsələdə yenə də ölkə başçısına ümidimiz böyükdür. Ola bilsin ki, iyul ayında mənzillərin verilməsi mərasimində yeni binanın təməli qoyuldu”.

V.Səfərlinin son fikirləri jurnalistlər tərəfindən tərəfindən alqışlarla qarşılanıb.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər