• cümə axşamı, 28 mart, 23:05
  • Baku Bakı 13°C

Jurnalistlər sosial şəbəkələrdən necə istifadə etməlidir? - Diskussiya

03.11.17 10:00 4647
Jurnalistlər sosial şəbəkələrdən necə istifadə etməlidir? - Diskussiya
Sosial şəbəkələr müasir dövrdə az qala həyatımızın ayrılmaz hissəsi olub. Bu gün şəxsi tələbat və ya işlə bağlı sosial şəbəkələrdən istifadə edənlərin sayı kifayət qədərdir və hər gün də artır. Öz şəxsi profillərimizdə istədiyimiz hadisəyə münasibət bildirir, statuslarımızda istədiyimiz hadisəni tənqid edir və rəy bildiririk.
Bəs jurnalist kimi sosial şəbəkələrdən necə istifadə etməliyik? Ümumiyyətlə sosial şəbəkə istifadəçisi olan jurnalist kimi necə davranmalıdır? Bu sualı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Sosial media ixtisası üzrə təhsil alan tələbələri ilə müzakirə etdik.

Rivzan Fikrətoğlu:
- Belə bir deyim var ki, hər insan bir kitabdır. Sözsüz ki, biz sosial şəbəkələrdə ətrafımıza insanlar toplayırıq. Biz jurnalist kimi xitab etdiyimiz auditoriyanı seçərkən diqqətli olmalıyıq. Təkcə dostlar yox, qoşulduğumuz qruplar, izlədiyimiz səhifələrdən də yararlanmağa çalışmalıyıq. Müsbət aura yaratmaq üçün profilimizə diqqət etməliyik. Dostluğa qəbul etdiyimiz şəxsləri incələyib qəbul etməliyik. Media fəaliyyətində sosial şəbəkələr bizim çox köməyimizə gəlir. Xəbəri satmaq, paylaşmaq, yaxud müsahibə almaq üçün sosial şəbəkə əla vasitədir. Amma sosial şəbəkələr ondan düzgün istifadə etməyənlər üçün təhlükə mənbəyidir.

Aida İsaqova:
- İnformasiyanı həm almaq, həm də ötürmək baxımından sosial şəbəkələr bizim üçün faydalıdır. Rizvanla razıyam ki, izlədiyimiz səhifələrə və dostlara fikir verib seçməliyik ki, ana səhifədə boş-boş məlumatlar olmasın. Jurnalist üçün iş müddəti digər işləyənlər kimi konkret saatla ölçülmür. Jurnalist 24 saat işləyir. Jurnalist daim diqqətli olmalı, paylaşımları izləməlidir.

Şükufə Süleymanlı:
- Sosial şəbəkələrdə izlədiyim jurnalistlər var. Sevmədiyim cəhətlər isə odur ki, jurnalist şəxsi hesabında məlumat paylaşarkən, etik qaydalara riayət etmir. Məsələn, uşaqlar cinsi istismara məruz qalıbsa, şəkilləri saytda qapalı versələr də, sosial şəbəkələrdə açıq paylaşırlar. Saytda qoyulan məhdudiyyətləri öz profillərində nəzərə almırlar. Jurnalist öz saytında yazını necə verirsə, jurnalistikanın etik prinsiplərini əsas götürüb öz səhifəsində də buna riayət etməlidir. Ola bilər, adi vətəndaş bilməsin ki, istismara məruz qalan uşağın şəklini paylaşmaq olmaz. Axı sən jurnalistsən, bilməlisən. Bundan əlavə, işlədiyin yerdə başqa mövqe göstərib, öz səhifəndə fərqli mövqe yazmaq həm özünün, həm də işlədiyin qurumun imicinə zərərdir.

Rizvan Fikrətoğlu:
- Sosial şəbəkələr bizi olduğumuz kimi göstərmir. Özümüzü olduğumuz kimi təqdim edə bilmirik. Bir jurnalist tək paylaşımı ilə özünü elə qeyri-ciddi göstərər ki, artıq onun imzasına, yazısına heç kim hörmət etməz. Buna görə, jurnalist sosial şəbəkələrdə adi vətəndaşlar kimi davranmamalıdır.

Turğay Camal:
- Bir jurnalist kimi, mənim üçün jest, mimika çox önəmlidir. Sosial şəbəkələrdə bunu görə bilmədiyim üçün burada olan ünsiyyətə önəm vermirəm. İnsanları tanıma baxımından sosial şəbəkələrin üstünlüyü azdır. Buna görə də nə özümü tanıtmağa, nə də kimisə tanımağa diqqət etmirəm. Əsas məqsədim informasiya almaqdır.

Sevinc Babazadə:
- Mən jurnalistdən əvvəl sosial şəbəkə istifadəçisiyəm. Jurnalistika ixtisasına gəlməzdən əvvəl də sosial şəbəkələrdən istifadə edirdim. Amma anlayıram ki, öz şəxsi səhifəm olsa da, jurnalist kimi fəaliyyətimdə işlədiyim müəssisənin imicini yaradıram. Əgər mən işlədiyim müəssisədə bir faktı irəli sürüb, sosial hesabımda tam fərqli faktlardan danışıramsa, artıq mən digər fikrimi təkzib etmiş sayılıram və insanların inamını itirirəm. İnamsızlıq yaradan bir jurnalistə də ikinci dəfə müraciət edilməz. Buna görə də paylaşımlarımız zamanı jurnalist kimi işlədiyin yerin də imicini qorumalıyıq. Şəxsi səhifədən dostlarla söhbət etmək, onların fikirlərini almaq, öz qüsurlarını aradan qaldırmaq baxmından yararlanmalıyıq.

Səidə Nurəmmədli:
- Sevincin fikirlərini dəstəkləyirəm. Hər bir insanın və jurnalistin sosial şəbəkələrdə hədəf auditoriyası olur. Jurnalist də öz səhifəsində imicini formalaşdırır. Hansısa mövzuya münasibət bildirəndə, ona filankəsov filankəs kimi yox, hansısa saytda işləyən jurnalist kimi müraciət edirlər. Əgər imicinə fikir vermirsə, statusları yazdığı yazılarla ziddiyyət təşkil edirsə, fikirləri bu zaman ona da, işlədiyi sayta da inamı azaldır və sayt haqqında da mənfi imic formalaşdırır.

Turğay Camal:
- Məsələn, bura bir universitetdir, onun PR meneceri öz şəxsi səhifəsində nə istəsə paylaşa bilər. Bunun universitetə aidiyyatı yoxdur. Amma universitetin səhifəsində paylaşdığına diqqət etməlidir. Şəxsi profildə məncə, o qədər məhdudiyyət qoyulmamalıdır.

Rizvan Fikrətoğlu:
- Mən hansısa orqanın işçisiyəmsə, mənim paylaşımım gündəm yarada bilər. Çünki artıq cəmiyyət üçün maraqlı obyektə çevrilmişəm. Məsələn, mən bir vətəndaşam, baxıram ki, hansısa müəllim status yazır və o, qohumuma dərs deyəcək. Həmin müəllimin statuslarından onun dünyagörüşü haqqında məlumat sahibi oluram. Yaxud bir jurnalistin paylaşımlarına baxıb onun haqqında ilkin təəssürat formalaşdırıram. Bir şəxsə görə böyük bir holdinq haqqında fikirlərimiz formalaşır. Bu səbəbdən istər-istəməz məhdudiyyətlərlə qarşılaşırıq. Çərçivələnirik.

Loğman Kamranlı:
- İnsan günün 24 saatını jurnalist olmaya bilər. Bu səbəbdən jurnalistlərin də müəyyən şəxsi paylaşımlarını normal qəbul etmək lazımdır. Hər bir insan öz şəxsi səhifəsində istədiyini yazıb, istədiyini paylaşa bilər. Mən şəxsi profilimdə tam başqa insanam, ailədə başqa, dərsdə başqa, dostlarımın içində başqa, işdə başqayam. Hər yerdə eyni ola bilmərəm. Şəxsi profildə paylaşılanlar hər bir insanın şəxsi işidir. İstədiyini paylaşa bilər.

Əfsanə Şükürova:
- Jurnalistika sahəsində işlədiyim müddətə qədər şəxsi paylaşımlarımda rahatlıq var idi. İstədiyimi rahatlıqla bölüşə bilirdim. Amma işlədiyim təşkilatla bağlı hansısa yazılar paylaşıramsa, həmin gün özümlə bağlı çox az paylaşım edirəm. Düşünürəm ki, mən bayaq ciddi yazı paylaşdım, indi bunu yazmağım düzgün olmur. Biz istər-istəməz özümüzə məhdudiyyət qoyur, işlədiyimizin yerin qaydalarına uyğun hərəkət edirik. İnsanın özündə məsuliyyət yaranır ki, mən artıq işlədiyim orqanı təmsil edirəm. İctimaiyyət mənə işlədiyim yerin gözü ilə baxır, tək öz adımla bağlı yox. Buna görə, jurnalist nisbətən çərçivələnməlidir.

Loğman Kamranlı:
- Ölkə gündəmində olan məsələlərə, xüsusən də müharibə mövzusuna hər bir vətəndaş həssaslıqla yanaşmalıdır. Amma gəlin razılaşaq ki, jurnalist də insandır, istənilən mövzu haqqında fikir bildirmək istəyir. Bəli, jurnalistikanın qanunları bizi çərçivələyir ki, yazılarımızda öz mövqeyimizi bildirək. İşimizdə bunu onsuz da edə bilmirik, nə üçün öz mövqeyimi şəxsi səhifəmdə paylaşmayım? Axı bura işlədiyim sayt deyil, bu mənim profilimdir.

Sevinc Babazadə:
- Sıravi vətəndaşın da statusu gündəm ola bilər. Amma jurnalistin fərqi odur ki, maarifləndirməyi bacarmalıdır. Jurnalist mövzuya bütün aspektlərdən yanaşıb sonra yazmalıdır.


Rizvan Fikrətoğlu:
- Sosial şəbəkələr bizim imicimizi formalaşdırır. Nə olsun ki, onlayndır. Guya biz real həyatda istədiyimiz kimi davranırıq? Real həyatda da imicimizi qorumaq üçün özümüzə məhdudiyyətlər qoyuruq. İctimai qınaq deyilən bir şey var. Bunu heç bir qanun tənzimləmir, özümüz özümüzü tənzimləməliyik.

Şükufə Süleymanlı:
- Mən Loğmanın fikirləri ilə razı deyiləm ki, istədiyimizi yaza bilərik. Özümüzə məhdudiyyət qoymalıyıq. Çünki cəmiyyəti maraqlandıran məsələyə münasibətin çalışdığın yerin mövqeyi ilə üst-üstə düşməlidir. Xüsusən həssas mövzularda özümüzə sərhəd qoymalıyıq.

Aidə Abbasova:
- Jurnalist də vətəndaşdır və xalqın nümayəndəsidir. Etik cəhətdən sərhədlər qoya bilər, amma fikirlərinə sərhəd qoymamalıdır. Şəxsi fikrini hər kəs şəxsi profilində verə bilər.
Aygün ƏZİZ
Fotolar: Günel AZADƏ









banner

Oxşar Xəbərlər