• şənbə, 20 Aprel, 07:04
  • Baku Bakı 14°C

Jurnalistikamızın Pərvanəsi

10.06.15 11:03 1842
Jurnalistikamızın Pərvanəsi
Bir-birindən yaxşı oxumağa son dərəcə meyilli olan bu qızlar və oğlanlar bakalavr səviyyəsini bitirib, beynəlxalq jurnalist ixtisasına yiyələndiklərini sübut etdilər. Hamısı da magistraturada təhsillərini davam etdirmək arzusunda olduqlarını bildirdi.
O dövrdə magistraturaya qəbul, bütün ali məktəblərdə olduğu kimi, bizim universitetin də özündə aparılırdı. Ötən illərdə qəbul imtahanlarının bakalavr səviyyəsini əla, yaxud “4” və ya “5”-lə bitirən məzunları magistraturaya daxil olmaq üçün müsabiqəyə buraxırdılar. Onların da miqdarı 4-5 nəfərdən çox olmurdu. Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin ayrıca xarici dillər kafedrası olduğundan burada xarici dillərin tədrisi yüksək səviyyədə təmin edilirdi.
Bu dəfə vəziyyət tamamilə başqa cür idi. İddiaçıların əksəriyyətinin fərqlənmə diplomu vardı. “4” və “5” sahibləri isə aldıqları biliyin səviyyəsinə görə onlardan qətiyyən geri qalmırdılar. Fakültənin beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Ağalar Abbasbəyli narahatlığını gizlədə bilmirdi: «Müsabiqə çətin olacaq. Zarafat deyil: 2 yerə 13 iddiaçı ...»
Təkcə tabeliyindəkilərə qarşı deyil, özünə qarşı da tələbkarlığı ilə daim seçilən, kafedranın, fakültənin və ümumən Bakı Dövlət Universitetinin qayğıları ilə yaşayan, ciddiliyi və xeyirxahlığı əlaqələndirməyi bacaran, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan, təzəcə çapdan çıxmış əsərləri Respublika milli kitabxanasının “Yeni kitablar” guşəsində müntəzəm nümayiş etdirilən Ağalar müəllimin narahatlığı əbəs deyildi. O, iddiaçıların hər birini elə mənim qədər (ixtisas müəllimi kimi) tanıyırdı və kiminsə magistraturadan kənarda qalmasını istəməzdi.
İmtahanlar başa çatdı. O 13 nəfər ixtisasdan da, xarici dillərdən də çox yüksək bilik nümayiş etdirdi, beynəlxalq jurnalistika ixtisası üzrə magistraturada oxumağa layiq olduğunu göstərə bildi.
Bəs bir-birindən daha hazırlıqlı olan 13 nəfərin içindən 4 nəfəri necə seçəsən? İnsafdırmı ki, dörd illik təhsil dövründə gecəni-gündüzə qatıb biliklərə yiyələnən, fransız dilinin yaradıcıları ilə mübahisə etməyə hazır olan, üstəlik kompyuter işinin mahir bilicisi kimi tanınan Zeynəb Kazımova, diplom işini ingilis dilində yazmaq istəyən, ağıllı fikirləri dinləməyi bacarıb, müstəqil nəticələr çıxaran, sakit təbiətli, gülərüzlü Vəfa Aslanova (Allahın əmri və Peyğəmbərimizin icazəsi ilə ailə qurduqdan sonra-İsgəndərova), tarix üzrə fəlsəfə doktorluğuna aparan yolu Space və Lider televiziyalarından keçən, tanınmış teleaparıcı Mehman Mehdiyev, hazırda Fransada doktorluq dissertasiyası müdafiə etməyə hazırlaşan Vüsalə İsazadə, qrupun ən təmkinli, ən səliqəli tələbələrindən olan Töhfə Niftəliyeva magistrantların siyahısında olmasın?
Obyektivlik verilən ölçü meyarlarını tanımaq istəmədi, haqq-ədalət öz yerini tapdı. O 13 nəfərin duaları qəbul olundu; bilikləri yüksək qiymətləndirildi. Onların beynəlxalq jurnalistika ixtisası üzrə magistraturaya götürülmələri haqqında BDU rektorunun əmri çıxdı.
Onlardan biri Pərvanə…
O 13 nəfər, sözün həqiqi mənasında xoşbəxtlər - arasında əslən Qərbi Azərbaycandan olan, Azərbaycan poeziyasının günəşi sayılan böyük Nizaminin vətəni Gəncədə böyüyüb boya-başa çatmış Pərvanə Qurbanova da var idi (Allahın əmri və Peyğəmbərimizin icazəsi ilə ailə qurduqdan sonra-İbrahimova).
Bəli, söhbət Bakı Dövlət Universiteti Mətbuat və informasiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq jurnalistika kafedrasının dosenti Pərvanə İbrahimovadan gedir. O Pərvanədən ki, universitetdə oxuduğu illərdə müəllimi olmuş, ixtisas fənlərindən dərs demişəm. O Pərvanədən ki, təhsil illəri ərzində beynəlxalq yönümlü jurnalistika sənətinə mükəmməl yiyələnməklə yanaşı, ingilis və ərəb dillərini də lazımi səviyyədə öyrənmişdi.
Çox vaxt müəllimliyi müqəddəs peşə adlandırırlar. Əlbəttə, belə bir fikri təkzib etmək mümkün deyildir. Doğrudan da, müəllim dərs dediyi hər şagirdə, hər tələbəyə bilik verir, elm öyrədir, onları gələcək həyata hazırlayır. Bu baxımdan müəllimlik çətin peşədir, xüsusilə qloballaşan dünyada, bütün yolların informasiya cəmiyyətinə doğru getdiyi, informasiya-kommunikasiya texnologiyalarının misli görünməmiş sürətlə inkişaf etdiyi, indiki şagirdin və ya tələbənin 25-30 il bundan əvvəlki kimi olmadığı bir zamanda müəllimin işi daha çətindir. O da faktdır ki, keçmiş tələbənin uğurları müəllimin nüfuzunu artırır.
Pərvanənin Şeril Sendberqlə oxşarlığı var
Belə bir məqaləni yazmaya da bilərdim, lakin bu günlərdə Azərbaycanın internet saytlarından birində onun verdiyi müsahibə məni yazmağa ruhlandırdı. İşinin həddindən artıq çox və çətin olduğunu bilirdim, bu müsahibədən sonra həmin həqiqəti bir daha hiss etdim. Doğurdan da, Pərvanə üç istiqamətdə fəaliyyət göstərməkdədir: Mətbuat və informasiya şöbəsinə rəhbərlik etmək, Beynəlxalq jurnalistika kafedrasının xətti ilə dərs demək, bir də çox vacib bir məsələ - övladlarının dərslərinə nəzarət etmək…
Valideynlərin, xüsusilə işləyən anaların övladlarına qulluq etmələri bütün dünyada problemə çevrilib. Ötən il ABŞ-da Facebook şirkətinin top-meneceri, dünyanın ən gənc milyarder qadını Şeril Sendberqin “Fəallıqdan qorxma! İş, qadın, liderlik iradəsi” adlı kitabı çapdan çıxıb. Həmin kitabı bir nəşriyyatın sifarişi ilə dilimizə tərcümə etmişəm. Gender problemlərinə həsr olunmuş kitab elmi araşdırma kimi təqdim olunsa da, müəllifin həyatı ilə bağlı faktlara söykəndiyindən və aydın dildə birinci şəxsin dilindən danışıldığına görə çox maraqla oxunur. İnşallah, yaxın vaxtlarda kitab işıq üzü görməlidir.
Şeril Sendberqin xarakteri, həyatı və gündəlik işləri ilə Pərvanənin həyatı, xarakteri və gündəlik işləri arasında oxşar cəhətlər çoxdur. Şeril çətinliklərə sinə gərməyi bacarır, ağıllı adamlardan bu və ya digər məsələlərin həlli üçün məsləhətlər almağı sevir, təşkilatçılıq məsələlərinə, lap xırda işlərə məsuliyyətlə yanaşmağı bacarır, kollektivçilik ruhuna sadiq olduğunu nümayiş etdirir, başladığı işi yarımçıq qoymamağa çalışır, kadr seçimində, yerləşdirilməsində və tərbiyə edilməsində kifayət qədər hövsələ nümayiş etdirir, eyni zamanda, işlə ailə qayğılarını əlaqələndirməyi bacarır, işini elə qurur ki, nə şirkətdəki fəaliyyətində, nə də ailədə problem yaranır. Əlbəttə, onu əhatə edənlər bu bacarıqlı xanımın uğurlarının daha böyük olmasına şərait yaradırlar.
Bütün bu keyfiyyətlər haqqında danışdığımız Pərvanədə də var. O, tapşırılan işin layiqincə yerinə yetirilməsi üçün var qüvvə ilə çalışır. Tabeliyində olan kiçik kollektivin də hər bir üzvünün onu, necə deyərlər, “yamsılamağını” istəyir, istəyinə də, demək olar, həmişə nail olur.
Tədris etdiyi fənlərin tələbələr tərəfindən daha yaxşı mənimsənilməsi üçün əlavə ədəbiyyatdan istifadə etməklə yanaşı, ustadların mühazirə oxumalarına nail olur. AzərTAc-ın baş direktoru Aslan Aslanovun, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin, APA-nın rəhbəri Vüsalə Mahirqızının, Modern.az saytının baş redaktoru Elşad Eyvazlının mühazirələrini çox ehtimal ki, tələbələr uzun illər boyu yaddan çıxarmayacaqlar, çünki bu mühazirələr həyatdan götürülmüş maraqlı faktlarla zəngin olubdur.
Mətbuat və informasiya xidmətinin rəhbəri kimi Pərvanənin uğurları böyükdür, fəaliyyəti getdikcə genişlənir, əlbəttə, bu və ya digər işdə uğur qazanmaq üçün şərait olmalıdır, şəraiti isə rəhbərlik yaradır. Bakı Dövlət Universitetində işləyənlərin hamısının bəxti onda gətirib ki, onlara Abel müəllim kimi böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacaran şəxs rəhbərlik edir.
Əvvəl azərbaycanlı, sonra jurnalist Pərvanə
Jurnalistika və onun cəsarətlə deyərdim ki, baş qəhrəmanı, aparıcı qüvvəsi olan jurnalist haqqında çox yazılmış, çox yazılır və yəqin ki, bundan sonra da çox yazılacaqdır. Cəmiyyətdə bu və ya digər məsələ ilə bağlı ictimai fikrin məhz ondan, onun dünyagörüşündən, yer üzündə baş verən hadisələrin köklərinə lazımi dərəcədə nüfuz edə bilməsindən, peşəsinə dərindən yiyələndiyini daim nümayiş etdirmək bacarığından asılıdır.
Jurnalistika ilə məşğul olan nəzəriyyəçilər deyirlər: Mətbuat siyasətdən kənar olmalıdır, hətta bəziləri daha uzağa gedərək, siyasi jurnalistikanın mövcudluğunu inkar etməyə çalışırlar. Əlbəttə, bu iddianın yanlış olduğunu jurnalistikadan başı çıxanlar, dünya jurnalistikası tarixinə bələd olanlar yaxşı bilirlər. Xarici ölkələrdə siyasi partiyaların meydana çıxması ilə onların mətbuat orqanlarının yaranması, öz partiyalarının siyasi xəttinin həyata keçiriliməsi ilə məşğul olduğunu bilməyən varmı?
Aforizmə çevrilmiş belə bir fikir vardır: “Elmin vətəni yoxdur”. Bu və ya digər elmi nailiyyət sərhədləri aşaraq dünyanın malına çevrilir. Hamı onu da yaxşı bilir ki, bu kəşfin sahibi olan alim hansısa ölkənin vətəndaşıdır. Yəni alimin vətəni vardır.
Onu da deyirlər ki, informasiyanın vətəni yoxdur. Hər hansı vacib informasiya bir göz qırpımında bütün dünyanın malına çevrilir. Deməli, informasiyanın yaradıcısı, əsl sahibi jurnalistin də vətəni vardır. O, Amerika Birləşmiş Ştatlarında yaşayır. O, İngiltərə vətəndaşıdır. O, fransızdır. O, almaniyalıdır. Nəhayət, öz azərbaycanlımızdır. Elə bizim Pərvanə kimi. Burada adamın yadına XIX əsrin görkəmli fransız yazıçısı və jurnalisti Onore de Balzakın “Paris mətbuatı haqqında monoqrafiyası’’nda fransız və ingilis jurnalisti barəsində ibrətamiz fikri düşür: “Fransız jurnalisti əvvəlcə jurnalist, sonra fransızdır. İngilis jurnalisti isə əvvəlcə ingilis, sonra jurnalistdir”. Balzak bu fikri söyləyərkən konkret faktlara əsaslanır. Məsələn, Əlcəzair milli azadlıq hərəkatının başçısı Əl-Qədirə sual verirlər ki, Fransada nəyə görə casus saxlamaq istəmir. O deyir ki, buna ehtiyacı yoxdur, fransız qəzetlərini oxumaqla oradakı vəziyyəti öyrənir.
XIX əsrdə belə idi. Amma indi Fransa jurnalisti ölkəsinin sirlərini qorumaqda ingilis jurnalistindən heç də geri qalmır.
Struktur rəhbəri - müdir Pərvanə
Bir neçə gün əvvəl layihə rəhbəri BDU-nun rektoru, akademik Abel Məhərrəmov, tərtibçi-müəllifi Pərvanənin olduğu “Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında” adlı 3 dildə-Azərbaycan,ingilis və rus dillərində hazırlanmış kitabının təqdimat mərasimi keçirilirdi.
BDU-da çox tədbirlər keçirilir. Hamısı da bir-birindən gözəl, rəngarəng. Yüksək məsuliyyət hissi kadrların, xüsusilə qurumların rəhbərlərinin, necə deyərlər, qanına hopmuşdur.
Nəticə əvəzinə
Bəli, kütləvi informasiya vasitələri - qəzetlər, radio və televiziya redaksiyaları, internet saytları BDU-dan bu və ya digər məsələ ilə bağlı hər gün yeni-yeni xəbərlər alırlar. Bu ünvandan daxil olan informasiyalara KİV işçiləri böyük maraq göstərirlər. Belə bir marağın bir sıra səbəbləri olsa da, onlardan ikisini qeyd etmək yerinə düşərdi:
Birincisi, BDU kimi ali məktəbin həyatını dolğun işıqlandırmaq hər bir KİV-in şərəf işidir; mediamız bu işin öhdəsindən layiqincə gəlir.
İkincisi, KİV-lərin əməkdaşları yaxşı bilirlər ki, Pərvanə xanımın qələmindən, yaxud redaktəsindən çıxmış materialın üzərində “əməliyyat aparmağa’’, nəyi isə dəyişməyə və ya dəqiqləşdirməyə heç bir ehtiyac qalmır, hər şey yerli-yerində verildiyindən material dərc edildikdən və ya internet saytına yerləşdirildikdən sonra ’’kiminsə başının ağrıması’’ halları olmur.
Jurnalistikamızın Pərvanəsi üç istiqamətdə daim fəaliyyətdədir -BDU-nun Mətbuat və informasiya şöbəsinə rəhbərlik edir, tələbələrə dərs deyir, övladlarının məktəb işlərinə nəzarət edir. Lap elə Facebook-un top meneceri amerikalı Şeril Sendberq kimi.
Həmid VƏLİYEV
professor, Gürcüstan SSR-in əməkdar jurnalisti
banner

Oxşar Xəbərlər