Jurnalist olmaq istəyənlər ekspertləri sevindirib
"Jurnalisti
qapıdan qovanda bacadan girməlidir” fikrini eşitməyən az adam olar. Yəni
jurnalist olmaq istəyən həm də qoçaq olmalıdır. Amma təkcə qoçaqlıqla da iş
bitmir. Jurnalist üçün əsas meyar yazmaq bacarığı olmalıdır. Əvvəllər
jurnalistikaya qəbulda yazı qabiliyyətinin yoxlanması qaydası olmasa da,
hazırda bu peşəyə yiyələnmək istəyənlər həm də esse yazmaqla qabiliyyət imtahanı
verirlər.
Bir neçə gün öncə
2017-2018-ci tədris ili üçün universitetlərin jurnalistika fakültələrində təhsil
almaq istəyənlər öz bacarıqlarını ortaya qoyaraq "Jurnalist
necə olmalı?”, "Dostu seçəndə nələrə diqqət etməli?” və "Qarabağ musiqi
beşiyidir” mövzularından birini seçərək esse yazdılar. Bəs nəticə necədir?
Gələcəyin jurnalistləri bu sınaqdan "üzü ağ” çıxa biliblərmi? Bu sualla
imtahanda nəticələri yoxlayan ekspertlərə müraciət etdik...
Onlardan biri Azərbaycan Mətbuat Şurasının sədr
müavini Müşfiq Ələsgərlidir. O bizimlə söhbətində ilk olaraq kəmiyyət cəhətdən
irəliləyiş olmasından danışdı. Bildirdi ki, ötən illərlə müqayisədə jurnalist olmaq istəyənlərin
sayı artıb: "Jurnalistikaya qəbul imtahanında qabiliyyətin yoxlanılması 2014-cü
ildən tətbiq olunur. Birinci dəfə tətbiq ediləndə təqribən 50-52 nəfər
abituriyent qəbul olunmuşdu. Sonra bu statistika 100-ü keçdi. Daha sonrakı il
200-ə yaxınlaşdı. Bu il 280 nəfərə yaxın abituriyent keçdi. Jurnalistikaya qəbul
olunmaq üçün ümumi müraciət edənlərin sayı əvvəllər 100-180 olurdusa, bu il bu
rəqəm 410 oldu. Artıq qabiliyyət imtahanının götürülməsi özünü doğruldur”.
M.Ələsgərlinin
sözlərinə görə, yazıların keyfiyyəti baxımından da ciddi dəyişikliklər var: "Həm
yazılan esselərin məzmunu, həm də qrammatika qaydalarına əməl olunmasında ciddi
irəliləyişlər var. Burada görülən işlərin də nəticəsini də qeyd etmək lazımdır.
Çünki Dövlət İmtahan Mərkəzi imtahandan bir müddət öncə qabiliyyət imtahanında düşəcək
esse mövzularını öz saytında yerləşdirmişdi. Təxminən 217 inşa mövzusu varıydı.
Sonda isə onların arasından 3 mövzu püşkatma yolu ilə seçildi. Abituriyentlər
öncədən hansı istiqamətdə mövzular düşəcəyini bildikləri üçün hazırlıqlı idilər.
Bunun da nəticəsi oldu və 280-dən artıq abituriyent müvəffəqiyyətlə qabiliyyət
imtahanından keçdi. Keçə bilməyənlərin sayı da çox azdır. 410 nəfərdən cəmi 60
nəfəri orada qeyri-məqbul yığmışdı, digər 60 nəfəri isə ümumiyətlə, qabiliyyət
imtahanına gəlməmişdi”.
M.Ələsgərli qeyd
etdi ki, irəliləyişlər olsa da, hələ ki nəticə tam istənilən səviyyədə deyil: "Yenə
də təəssüf ki qrammatik səhvlər kifayət qədər olur, bağlayıcılarla, şəkilçilərin
qarışdırılması, müəyyən üslub səhvlərinə, qrammatik xətalara yol verirlər”.
Jurnalist Ekspert Mərkəzinin sədri
Ceyhun Musaoğlu deyir ki, qabiliyyət imtahanlarının ötənilki nəticələri qənaətbəxş
olmasa da, bu il irəliləyiş əldə
olunmağa başlayıb: "Bundan
əvvəlki illərdə yoxlanmada iştirak etməmişdim, amma mütəmadi olaraq prosesləri
izləyirdim. Belə məlum olurdu ki, yerlər boş qalır, abituriyentlər qabiliyyət
imtahanından keçə bilmirlər. Bu mənada problem yaranmışdı, hətta qabiliyyət
imtahanının ləğv olunması ilə bağlı təkliflər səslənirdi. Amma biz bunun əleyinəydik”.
C.Musaoğlu deyir
ki, aşağı bal yazdığı esse az olub. Səbəbi isə yazıların yaxşı olmasıdır: "34
inşa oxudum. Heç bir inşaya 5-dən aşağı bal yazmadım. Bir yazıya 4 bal verdim.
Çox yaxşı bir yazı varıydı ki, 9 yazdım. Heç birinə sıfır yazmadım. Bu, mənim
yüksək bal yazmaq həvəsimlə bağlı deyildi, yazılar yaxşı idi. Qrammatik səhvlər
də az idi, fikirlərini çox yaxşı ifadə etmişdilər. Təbii ki onların yaşı hələ
azdır. Mənim yazmağımla onlarınkı bir olmayacaq. Mən "onların yaşında olsaydım
necə yazardım” aspektindən yanaşaraq qiymətləndirmə apardım. Özümü onların
yerinə qoyanda gördüm ki, məndən daha yaxşı yazıblar, maraqlı fikirlər qeyd
ediblər. Oxuduğum yazılara əsasən deyə bilərəm ki, jurnalistikamızın gələcəyi
var”.
Ekspertlərdən biri də "Şərq” qəzetinin baş
redaktoru Akif Aşırlı olub. O deyir ki, jurnalistikaya qəbul üçün qabiliyyət
imtahanı verən abituriyentlərdən
böyük yaradıcılıq məhsulu gözləmək düzgün deyil: "Lakin biz o yazılara, onların
təhlillərinə, bənzətmələrinə, duyğu və fikirlərinə baxaraq təyin edə bilirik
ki, həmin abituriyent jurnalist olma imkanlarına sahibdirmi? Abituriyentlər
arasında belə ürəkaçan nəticələri olanlar var”.
Baş redaktorun
sözlərinə görə, abituriyentlərin mövzu seçimi onu qane etməyib: "O mənada ki,
böyük əksəriyyət "Jurnalist necə olmalı?”
mövzusunda esse yazmışdı. "Qarabağ musiqi
beşiyidir” mövzusunda yazıların sayı isə az idi. Yazılanların keyfiyyəti
də o qədər də yaxşı deyildi. Qarabağla bağlı yazılar daha çox və daha duyğulu
ola bilərdi. Amma Qarabağ mövzusunda yazanların içərisində yaxşıları da
varıydı. Həmkarlarımdan biri hətta öz fikrini ucadan səsləndirdi ki, Qarabağla
bağlı ən gözəl yazını oxuyub”.
A.Aşırlı
bildirdi ki, əvvəlki illərə nisbətən qrammatik cəhətdən yazıların keyfiyyətində
xeyli irəliləyiş görüb: "Tələb bundan ibarətdir ki, abituriyentlər fikirlərini
birbaşa onlara təqdim olunan kodlaşdırılmış vərəqlərə yazsınlar. Ancaq gəlin
etiraf edək ki, kifayət qədər yazı texnikasını bilən, təcrübəli jurnalistlər də
birbaşa yazı yazanda səhvlərə yol verirlər. Ən azı, cümlə quruluşunda, müəyyən
qrammatika qaydalarında və s. Buna görə abtiriyentlərə "qaralama” üçün kağız verilsə,
yaxşı olar. Əvvəlcə orada yazıb, düzəlişlərini etsinlər, sonra "ağlama”ya
köçürsünlər”
Baş redaktor onu
da bildirdi ki, jurnalist olmaq istəyənlərin yazısını yoxlayanların içərisində
filoloqların çox olmasını düzgün hesab etmir: "Təəssüf ki ekspertlərin
siyahısında filoloqların sayı çoxdur. Filoloqlar isə bəzən abituriyentdə
jurnalist peşəsi üçün lazım olan kriteriyaları, yaradıcılıq keyfiyyətlərini kənara
qoyurlar, işləri qrammatik cəhətdən qiymətləndirirlər. Burada isə müəyyən dərəcədə
problemlər yaranır. Düşünürəm ki, jurnalist ixtisasını seçənlərin yazı işini
yalnız peşəkar jurnalistlər yoxlamalıdırlar. Çünki jurnalist bu yazını ortaya
qoyan şəxsin gələcəkdə jurnalist kimi formalaşdırmağın mümkün olub-olmadığını
müəyyənləşdirə bilir”.
Aygün Asimqızı