AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

JEK əvəzinə idarəçi şirkətlər?

JEK əvəzinə idarəçi şirkətlər?

İqtisadiyyat
05 Fevral 2013, 14:25 1732
Hər birimiz sovet dövrünün bənzərsiz yadigarı olan MİS haqqında hansısa bir xoşagəlməz əhvalat danışa bilərik. İlk vaxtlar “upravdom” deyilən, sonradan da MİS – Mənzil İstismar Sahəsi adı qoyulan bu əndrəbadi qurumlar bədii ədəbiyyatda da ənənəvi olaraq məsxərə mövzusu olaraq hallandırılıb.

Şəxsən mənim MİS xatirələrim bir dəfə kommunal işçisinin atamın qonşusu ilə əlbir olub mətbəxini qanunsuz olaraq zəbt etməsi əhvalatına gedib çıxır. Məhkəməyə gedib məsələni udsam da, həmin o “upravdom” dələduzu cəld tərpənib aradan sivişdiyi üçün onu cəzalandıra bilmədim.

Əslində bizim MİS-dən küsülü deyiləm. Hərçənd Bakıda belə bərbad şəraiti olan ikinci MİS çətin tapılar. Şkafları Nuh əyyamından qalma, cırıldayıb laxlayan döşəmədə yerimək ürək istər, İKT-nin hər yerə ayaq açdığı bu zamanda kompüterdən hələ də əsər yox, gözü gəlib-gedən bina sakinlərinin üç-beş manatında olan, bununla da iaşə tələbatını ödəyən, 110 manatlıq maaşla naümid buraxılan hirsli qadın əməkdaşlar...

Beləliklə, MİS-lər lazımdırmı? Vəzifələri nədən ibarətdir? Məncə, arayış verməkdən başqa bu qurumların işi-gücü yoxdur. Mənzillərdə bütün lazımi təmir işlərini, hətta kran dəyişməli də olsa, MİS işçiləri yalnız nağd pul müqabilində görürlər.

“MİS-lərin vəzifəsi həyətləri, yaşayış binalarının pilləkən boşluqlarını təmiz saxlamaq, zibilləri vaxtında daşıtdırmaq, evləri pasportlaşdırmaq, əsaslı və cari təmirin vaxtı məsələsini yoluna qoymaq, köhnələn su və kanalizasiya borularını vaxtı-vaxtında dəyişdirmək, liftləri saz vəziyyətdə saxlamaqdan ibarətdir”, - deyə qocaman mütəxəssis, SSRİ-nin əməkdar inşaatçısı Emil Axundov bildirir. Onun sözlərinə görə, SSRİ dağılandan sonra yaşayış binalarının səliqə-sahmanına MİS-lərin nəzarəti göz görə-görə yox olmağa başlayıb: “Əvəzində vəzifə borcu bakılıların mənzillərini abad saxlamaq olanlarda biganəlik və eyni zamanda tamahkarlıq getdikcə daha çox boy göstərməyə başladı. Bunun mühüm səbəblərindən biri də paytaxt MİS-lərinin təkcə mənzillərin istismarı ilə bağlı yox, ümumiyyətlə onları insanların yaşayışı, məişətilə əlaqələndirən bütün məsələlərdə təsir mexanizmlərini tədricən əldən vermələridir. Belə ki, əvvəllər MİS-lər komunal xidmət haqqını toplayırdısa, indi sakinlər özləri bu haqları banklar vasitəsilə ödəyirlər. Nəticədə bu gün MİS-lər yalnız sakinlərin məşğuliyyəti barədə məlumat toplamaqda əvəzsizdir ki, bu da çox vaxt hüquq mühafizə orqanlarının karına gəlir”.

Azərbaycan Respublikası prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Ramazan Şabanovun fikrincə, mövcud şəkildə MİS-lər artıq tamamilə lazımsız quruma çevrilib, kommunal, məişət, qeydiyyat məsələlərinin öhdəsindən gəlmir. Bu da sakinləri narazı salır.
Acınacaqlı olsa da, keçmiş SSRİ ölkələrindən yaşayış binalarının idarəçiliyində islahat aparmayan yalnız Azərbaycan, bir də Türkmənistandır.

Hərçənd ötən ilin sonunda ölkə mənzil-kommunal təsərrüfatının kökdən islahatı barədə qərar çıxarılmışdı. Bizim MİS-də də bu xəbər narahatlıqla qarşılandı, işçilər həmin rayonda MİS-lər əvəzinə üç məhəlli qurumun yaradılacağını müzakirə etdilər. Onların təlaşı başa düşüləndir, çünki belə islahatlar adətən ən azı ixtisarla müşayiət olunur. Sözsüz ki, bu qərar zəruridir, amma çox gecikib, çünki 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsində MİS haqqında bircə kəlmə də yoxdur.

İqtisadi Təşəbbüslərə Dəstək ictimai birliyinin sədri Rövşən Ağayevin sözlərinə görə, qanun ev təsərrüfatının sakinlər, yaxud onların muzdla tutduğu şirkət tərəfindən idarə olunmasına yol verir: “Hər iki üsul Azərbaycanda sovet dövründən bəri tətbiq olunur. SSRİ vaxtında, elə indi də çoxmənzilli kooperativ binalarında təsərrüfat işləri sakinlərin yaratdıqları mənzil kooperativi tərəfindən idarə olunub, hətta kooperativin sədrini sakinlər öz aralarından seçərdilər. Bu cür binalarda yaranan problemlər də yoluna qoyulurdu, həmin idarəçilik üsulu isə indiyədək müvəffəqiyyətlə tətbiq olunur. Müstəqillik dövründə tikilmiş çoxlu yaşayış binaları da bəzən sakinlər tərəfindən, əksər hallarda isə elə tikinti şirkəti tərəfindən idarə olunur. Beləcə həmin şirkət tikdiyi binanın sakinlərinə göstərilən kommunal xidmətlərdən də gəlir götürür”.

Onu da qeyd edək ki, bu cür binalarda kommunal xidmətlərin səviyyəsi adətən ürəkaçan olmur, MİS idarəçiliyindən o qədər də fərqlənmir. Ona görə də bina sakinləri həmin səriştəsiz idarəçi ilə müqaviləni ləğv edib başqa şirkətlə razılaşmaq, yaxud özlərinə başqa sədr seçmək hüququna malikdirlər. Həmçinin qanuna əsasən, bina sakinləri özləri idarəçilik məsələsini həll edə bilməsələr, 6 ay ərzində idarəçiliyi yerli bələdiyyə öhdəsinə götürməlidir. Amma MİS “idarəçliy”ində bu cür demokratik qaydalar mümkün deyil.

Yeni binalarda elektrik, qaz, su haqqı mənzilin sahəsinə, qiymətinə, sakinlərin sayına, binanın harada yerləşməsinə görə ayda 20 manatdan başlayır. MİS idarəçiliyində olan binalarda isə kommunal xidmət haqqı xeyli ucuzdur. Məsələn, bir nəfərin yaşadığı kiçik birotaqlı mənzildən MİS 1 kvadratmetrə görə 30 qəpikdən hesablayaraq ildə 10 manatdan da az vəsait tutur. Amma burada mühüm bir məqam da var ki, özəl binalarda şirkət hesabına görülən abadlıqla bağlı bütün işləri köhnə binalarda sakinlər öz ciblərindən maliyyələşdirməlidirlər.

Bu gün əhalini narahat edən əsas məsələlərindən biri tamamilə gərəksiz bir quruma çevrilən MİS-lərdən yaxa qurtarıb hər hansı daha səriştəli qurumla razılığa gəlmək, yaxud kommunal məsələləri öz üzərinə götürmək üçün imkan və şəraitin olmamasıdır.

Bu yaxınlarda ölkə prezidentinin mənzil kommunal sahəsində islahat aparmaq haqqında fərmanı imzalanıb. Fərmanda Nazirlər Kabinetinə sovet vaxtlarından qalma mənzil kommunal sahələri əvəzinə hansı qurumlar yaradılacağı, onların fəaliyyət şəkli, maliyyələşdirmə qaydası v s. haqda məsələləri nəzərdən keçirib qərar vermək tapşırılıb. Bu fərmanın bəlli bir zərurətdən meydana çıxdığı şəksizdir. Lakin hələlik kommunal təsərrüfatlarının idarəçiliyi barədə qəti qərar yoxdur. Bununla yanaşı, MİS rəhbərlərinin işi möhkəm tutaraq həmin qurumları əvəz edəcək özəl şirkətlərini yaratmağa hazırlaşmaları barədə söz-söhbətlər ortaya çıxıb. Belə ki, ölkədə köhnə MİS-lər əvəzinə idarəçi şirkətlər sistemi yaradılacağı, beləcə dövlət mənzil sakinlərinin xaricdə çoxdandır aradan qaldırılmış müşküllə qarşılanacaqları deyilir. Rusiyanın, Baltik ölkələrinin təcrübəsinə əsasən, idarəçi şirkətlərin tətbiqi kommunal xidmətlərin bahalaşmasına, əhalinin narazılığına gətirib çıxarır. Belə ki, həmin şirkətlər qazanc əldə etmək üçün kommunal haqları artırmağa çalışırlar. Nəticədə Baltik ölkələrdə bu sistemdən tezliklə imtina etdilər, bəhrəsini də gördülər. Bəlkə islahatlara gedərkən başqalarının səhvlərindən müvafiq nəticə çıxaraq?

V.Hüseynov