• cümə axşamı, 28 mart, 23:40
  • Baku Bakı 13°C

Janr təsnifatı yox, janr SİYASƏTİ

16.04.20 16:15 2491
Janr təsnifatı yox, janr SİYASƏTİ
Bu gün yola məni uzun zamandır ki, narahat edən bir problemin axtarışı ilə çıxıram. Nədənsə mənə həmişə elə gəlib ki, müəlliflər (burada yazıçılar, rejissorlar, şairlər, dramaturqlar da nəzərdə tutulur) oxucuları aldadıblar. Buna müasir dövrdə tam olaraq aldatmaq da demək olmur, mmm… ən yaxşısı buna satış siyasəti deyək. Həm də bu siyasətin içində onlar tək olmayıblar, sənət nəzəriyyəçiləri də onlarla əməkdaşlıq edib. Uzatmadan sizə birinci söhbəti açıqlayıram:
Janr təsnifatı yox, janr SİYASƏTİ.
Bəllidir ki, yaradıcılıq, incəsənətlə məşğul olma, dünyaya tövhə vermə istəyi insan eqoizmindən doğur. Öldükdən sonra da tarixdə, yaddaşlarda qalmaq istəyi insan eqoizminin ən iyrənc halıdır. Amma bu heç vaxt özünü büruzə vermir, çünki biz əsəri oxuyur, filmi izləyir, musiqini dinləyir və bundan zövq alırıq. Amma yazacağım məsələ daha dərində olan istəkdən, oxucunu aldatmaq istəyindən bəhs edir. Və deyəsən bu istək instinktiv yaranır.
Necə aldadırlar? Bizim kənardan baxdığımız və adına komediya və yaxud dram dediyimiz janrlar vasitəsilə.
Janr təsnifatı Aristotelin "Poetika” əsərindən bu yana bir çox nəzəriyyəçilərin nəzər nöqtəsində olmuşdur. Uzun zamanlar teatr və dramaturgiya üzərindən araşdırmalar aparılsa da kinonu yaranması ilə dramaturgiyanın məsuliyyəti bu sənətin üzərinə köçürülmüşdür. Sənətin öz yerində durmaması da elə şərait yaradıb ki, rahat şəkildə roman, hekayə, lap şeirə janrlar üzrə təyinat verə bilərik.
Yaxşı, bəs bu janr təyinatı necə yarandı və bunu kim təyin etdi?
Dram nəzəriyyəsini burada təkrarlamaq istəməsəm də, yüngül giriş etmək istəyirəm. Janrlar ilkin formasında Aristotelin təsnifatında faciə və komediya olaraq iki yerə bölünürdülər. Zaman keçdikcə D.Didro və Lessinqin əsərləri ilə, sonra da 20-ci əsr dramaturqlarının və sənətşünaslarının təsiri ilə bugünki halına düşür, aralarına dram da əlavə olunur. Bu gün dram faciənin yerinə keçsə də, teatrlarda hələ də "faciə” termini istifadə olunmaqdadır.
Faciə-dram adətən faciəvi təəssüratla, fəlsəfi dərinliyi və qəhrəmanın nəticədə ölümü ilə səciyyələnir. Buna Esxildən, Şekspirdən tut Brextə xeyli misal çəkmək olar.
Komediya da eynən. Buna da Molyerdən, Şekspirdən misallar çəkmək olar.
İndi deyə bilərik ki, komediyadır da hadisəyə mən gülürəm, digər bir drama isə ağlayıram. Burada problem nədədir?
Bu söhbətə keçməzdən öncə janrları nəyin müəyyənləşdirdiyini araşdıraq. Janrlar iki yolla təyin oluna bilər: dialoqlar və dramatik hadisə ilə.
Yəni, janr adətən dramatik situasiyaya görə təyin olunur. Amma bəzən belə bir vəziyyət yarana bilər ki, komediya və dramda eyni bir dramatik hadisə işlənsin.
Problem məncə dramaturqların hadisələrə yanaşmasındadır. Necə olur ki, hadisə olduğu kimi qalır amma biri gülməli, digəri isə faciəvi olur. Buna ilkin nümunə kimi 21-ci əsrdə çəkilən iki filmi misal çəkə bilərəm: Turin Atı və Paterson. Bu iki film janr olaraq dram kimi dəyərləndirilsə də Patersonda daha çox komediya, Turin Atında isə faciə elementləri qabarır.
Hər iki film özündə eyni hadisəni, eyni süjet xəttini qapsayır. İki filmdə də bir insanın 4-5 gün ərzində hər gün eyni işlə məşğul olması, gündəlik rutinin sıxıcılığı, eyni xəttin hər gün təkrarlanması önə çıxarılır. Obraz yuxudan oyanır, gəzir, gəlir, yatır. Və yenə bu sıxıcı eynilik. Amma biz bir filmi izləyəndə daha çox faciəvi, dəhşət verən hisslər (Turin Atı), digərində isə daha rahatladıcı, komik hisslər yaşayırıq (Paterson). Buna səbəb dialoqlar, çəkiliş texnikası və s.-dir.
Burdan belə bir ilkin nəticəyə gəlmək olar:janr müəlliflərin hadisələri şərhidir.
Dram bədbin şərhdir – Komediya pozitiv şərh
Daha bir nəticə: Bir məsələyə faciəvi və pozitiv yöndən yanaşmaq fərdin halından asılıdır. Yəni, müəllifin də kefi kök olanda ortalığa komediya çıxır, pis olanda dram. Eynən tamaşaçı da onun kimi. Məşhur bir Çilintano filmindəki hadisələr kimi: cütlük Çarli Çaplinin filminə baxarkən eyni hadisəyə biri ağlayarkən, digəri gülür.
Bir müddət əvvəl dostumla yolda gedərkən ona Edqar Keretin "Özünü Allah hesab edən avtobus sürücüsü” hekayəsini danışdım. Dostum əllərini başına tutub "bu nə insan faciəsidir” – deyə reaksiya verdi. Mən oxuyanda isə hadisə məndə konkret təəssürat oyatmamışdı və daha çox gülüşə səbəb olmuşdu.
Janr anlayışını yıxmaq yazıçı üçün problem deyil. Edqar Keret "Özünü Allah hesab edən avtobus sürücüsü” hekayəsini bədbin şərh etmir, pozitiv də şərh etmir. Keret bu hekayədə sadəcə hadisəni olduğu kimi təhkiyə edir. O kənardan avtobus sürücüsünün necə davrandığını,kimləri avtobusa minməyə qoyduğunu, kimi qoymadığını bir nağıl kimi danışır.
Keret sadəcə emosiyasız hekayə yazıb, şərhi oxucu edir.
Və yaxud Youtube-da Yaponiya haqqında iki sənədli filmə baxmışdım. Bir blogger Hikokomorilərdən, intihar meşəliyindən, yemək çeşidsizliyindən danışır, digəri yapon mədəniyyətinə, ənənələrinə, yaşam tərzinin müsbət tərəflərinə daha çox toxunur.
Yaxşı bəs biz niyə hadisələri faciələşdiririk, yaxud hadisələri yüngülləşdirib, onu daha yaxşı şərh edirik?
Çünkitəcrübəgöstərirki,birməsələnifaciəvişəkildəqarşındakınaçatdırmaqonuməsələninciddiliyindənxəbərdaredir,onadahaçoxtəsiredirvəobubarədədüşünməyə başlayır.Dilimizdəbeləbirsözdəvar"dramatikləşdirmə!”.
Şekspir "Hamlet” əsərində ciddi şəkildə varlıq problemini ortaya qoyarıq "Olum ya ölüm” ifadəsini bizim gözümüzə soxmağa çalışır.
Və yaxud da hansısa yaşlı bir yazıçı dövrünün dəyişimi ilə barışmayaraq texnologiyanın inkişafını faciəvi həddə çatdıraraq bunu problem kimi istifadə edir.
Yəni məqsəd aydındır, biz problemin ciddiliyini qarşımızdakı insana bu formada hiss etdirmək istəyirik.
Reallıq nədir?
Reallıq Yaponiyanın özüdür. Saf, hər cür şərhlərdən arınmış, pisi və yaxşısı ilə Yaponiya.
Reallıq hadisələrin olduğu kimi çatdırılmasıdır. Süni və şişirdilmiş dramatizmdən və pozitivizmdən arındırılmış hadisə.
Janr isə məqsəddir, strategiyadır.
Janr təəssürat aldanışıdır.
İnsanlar həqiqətənmi Hamlet kimi varlıq məsələsinə faciəvi formada yanaşırlar? Dini görüşü olan, idealist insanlar üçün ölüm haqqdır, onlar ölümü həzm edib. Ya da qarşımızda ölümə istehza edən, varlığın onlar üçün bir önəmi qalmadığı nə qədər insan var.
Və yaxud texnologiya bizim həyatımızı nə qədər məhv edir ki.
Bütün bunlar kimlərəsə görə faciə, kimlərəsə görə adi bir hadisədir.
Dualizmin yarandığı belə məqamlarda mütləq həqiqət yaratmaq intellektual sənətin nəyinə lazımdır?
Belə məqamda Emil Zolyanın teatra naturalizm gətirmə istəklərini də diqqətə çatdırmaq lazımdır. Zolya naturalist romançılığı misal çəkərək (Lev Tolstoy yaradıcılığı kimi) bunun teatra da gətirməyin vacibliyindən danışır. Bəs teatr buna nə qədər riayiət edir?
Teatrda buna oxşar demək olar ki, yalnız Çexov dramaturgiyasını misal çəkmək olar.
"Anti-janr özü də bir janrdır” sərsəmləməsi
Zaman elə gətirdi ki, hadisəsiz, anti-janr pyeslər də yarandı. Janrsızlıq anti-dramdır, anti-pyesdirmi? Xeyr mən belə düşünmürəm.
Bu dadaizmdirmi? Yox. Dadaizm mənasızlıqdan danışırdı. Biz isə mənasızlıqdan yox mənanın çevirilməməsindən danışırıq.
Bəzən Bekketin və İoneskonun pyeslərini antipyes adlandırırlar. Məncə onlar da faciənin müasir növüdür.
Burada artıq hadisələrin şərhi başqa bir texnikanın üzərinə düşür. Janrıdialoqlartəyin edir. İki insanın ağacın altında oturub heç vaxt gəlməyəcək olan birini gözləməsi nədir? (Qodonun intizarında – S.Bekket). Ya da İoneskonun absurd hadisələri. Bütün bu hadisələr ekzistensial düşüncədən qaynaqlanırdı.
Əgər məsələ janrsızlığa gəlib çıxdısa burada Absurd pyeslərdən, Con Keycin 4’33 musiqisindən və digər məzmunsuz nümunələrdən misal çəkmək düzgün olmazdı.
Buna ən yaxşı nümunə kimi Borxesvari təhkiyə, Çexovsayağı hadisələri nümunə göstərmək olar.
Mənim janrsızlıq haqqında qeydlərim hələlik bu qədər. Daha ətraflı gələcəkdə.

Emin Əliyev
Teatrşünas


banner

Oxşar Xəbərlər