• cümə axşamı, 28 mart, 16:08
  • Baku Bakı 16°C

Janna d`Ark rolunun 10 yaşlı ifaçısı fransız kinosunun fenomeni olub

11.09.19 15:45 755
Janna d`Ark rolunun 10 yaşlı ifaçısı fransız kinosunun fenomeni olub
Janna d`Ark rolunun 10 yaşlı ifaçısı Liz Lyepla-Prudom fransız kinosunun fenomeni olub. Orta əsrlər Fransa həyatının xüsusiyyətləri və yaş fərqinə baxmayaraq, aktrisa bu obrazı özünəməxsus çalarlara və uğurla canlandırıb.
AZƏRTACdesistfilm.com saytına istinadla xəbər verir ki, sentyabrın 10-da ekranlara çıxan "Janna” filminin rejissoru və ssenari müəllifi Bruno Dumon 10 yaşlı aktrisanı baş rola dəvət edib. Birinci Dünya müharibəsində həlak olmuş şair və dramaturq Şarl Peqinin pyesinin motivləri əsasında lentə alınan ikisaatlıq filmdə Yüzillik müharibə dövrünün dramatik hadisələri canlandırılıb. Baş rolun məktəbli qıza həvalə edilməsi barədə jurnalistlərin suallarını cavablandıran Dumon bildirib ki, burada təəccüblü heç nə yoxdur. Onun sözlərinə görə, "Orlean qızı”nın qəhrəmanlıq tarixçəsi haqqında lentə alınan onlarla tammetrajlı filmdə aktrisaların yaşı Janna d`Arka uyğun olmayıb. Belə ki, edam olunduğu zaman Fransanın milli qəhrəmanının cəmi 19 yaşı olub.
Məktəbli qız Liz isə Dumonun əvvəlcədən nəzərdə tutduğu aktrisanın çəkilişlərdə iştirak edə bilməməsi səbəbindən seçilib. İki il əvvəl – 8 yaşında "Jannet” adlı müzikldə ifa etdiyi rol ilə diqqətləri cəlb edən Liz, rejissorun fikrincə, Janna d`Ark rolunu ifa etməyə ən uyğun namizəd olub. Dumon bildirib ki, məktəbli aktrisa kino aləmi üçün sözün həqiqi mənasında bir kəşf olub. "Kino sınaqlarından sonra zirehli geyimdə olan bu qızcığazda qeyri-adi bir ruh olduğunu gördük. Bu, hər birimizin uzun müddət xatırlayacağı uşaqlıq illərinin unikal şəkildə canlandırılmasıdır”, -deyə Dumon əlavə edib.
Liz kinopavilyondan kənarda özünün "Janna” adı ilə çağırılmasını xoşlamır. Əlavə edir ki, gələcək həyatını kinematoqrafla bağlamaq fikrində də deyil, onun meyil göstərdiyi sahə heyvanlar aləmidir. Məktəbli aktrisa atçılıq idmanı ilə məşğul olur və böyüyəndə atlara baxmaq istəyir.
banner

Oxşar Xəbərlər