• cümə axşamı, 18 aprel, 20:15
  • Baku Bakı 21°C

İyulun 22-də I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçiriləcək

20.07.17 12:10 1034
İyulun 22-də I və IV ixtisas qruplarının abituriyentləri  üçün qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
DİM-dənAZƏRTAC-a bildiriblər ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılacaq. İmtahanların idarə olunmasına 191 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 240 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb. İmtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat”lar quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
İmtahanda 27 min 961 abituriyentin iştirakı gözlənilir. Onlardan 23 min 510-u I qrup, 4 min 451-i isə IV qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 25 min 500-ü Azərbaycan bölməsinin (I qrup üzrə 21543, IV qrup üzrə 3957 nəfər), 2 min 461-i isə rus bölməsinin (I qrup üzrə 1967, IV qrup üzrə 494 nəfər) məzunudur. Abituriyentlərin 16 min 437-si oğlanlar (I qrup üzrə 15063 nəfər, IV qrup üzrə 1374 nəfər), 11 min 524-ü isə qızlardır (I qrup üzrə 8447 nəfər, IV qrup üzrə 3077 nəfər). Abituriyentlərdən 21 min 974 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5 min 309 nəfər isə əvvəlki illərin məzunudur (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildirlər). Bundan başqa, 67 nəfər ali təhsil müəssisələrinin, 611 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur, 153 abituriyent xarici ölkələrin vətəndaşıdır. Abituriyentlərdən ən yaşlısı 1965-ci ildən, ən gənci isə 2002-ci ildəndir. Bakı şəhərində 12 min 783, Naxçıvanda 995, Gəncədə 2867, Sumqayıtda 1746, Mingəçevirdə 1192, Şəkidə 1788, Bərdədə 1241, Göyçayda 1255, Şirvanda 1228, Lənkəranda 1679, Xaçmazda isə 1187 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 60-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Bu imtahanda iştirak etmək üçün ərizə verən abituriyentlər iyulun 14-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və üç saat davam edəcək.
Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, "İmtahana buraxılış vərəqəsi”ni, 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq qeydə alındıqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Həmin gün "Space” telekanalında canlı yayımlanan "Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, DİM-in internet saytında və "Facebook” səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
banner

Oxşar Xəbərlər