AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İyulun 15-də Birləşmiş Ərəb Əmirliklərinin Mars missiyası start götürəcək

İyulun 15-də Birləşmiş Ərəb Əmirliklərinin Mars missiyası start götürəcək

Təfsilat
13 İyul 2020, 10:00 252
İyulun 15-də Yaponiyanın Taneqaşima Kosmik Mərkəzindən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk kosmik missiyası Marsa göndəriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə BƏƏ-nin Məhəmməd bin Rəşid Kosmik Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, üç gündən sonra qırmızı planetin orbitinə göndəriləcək kosmik gəmi Marsa 2021-ci ilin fevralında – BƏƏ-nin yaradılmasının 50 illik yubileyində çatacaq. Ərəb ölkələri arasında ilk missiyanın layihəsi əmirliklərin Məhəmməd bin Rəşid Kosmik Mərkəzinin ABŞ-ın Kolorado, Berkli və Arizona universitetləri ilə əməkdaşlığı şəraitində 2014-cü ildən həyata keçirilir. Mars zondunun planetin orbitində uçuşu altı ay davam edəcək və o, 493 milyon 500 min kilometr məsafə qət edəcək.

Qırmızı planetə göndəriləcək missiya BƏƏ-nin iqtisadiyyatının şaxələndirilməsi, habelə mühəndislik və texnologiyanın inkişafı baxımından əhəmiyyətlidir. Əmirliklərin rəsmiləri qeyd ediblər ki, kosmik gəminin buraxılışa hazırlanması apreldən başlayaraq Yaponiyada həyata keçirilib. BƏƏ-nin missiyası Marsın atmosferini və havasını tədqiq edəcək, Yerə məlumatlar isə gələn ilin avqust-sentyabr aylarında göndəriləcək. Kosmosa artıq 2 peyk və Beynəlxalq Kosmik Stansiyaya bir astronavt göndərən BƏƏ Mars missiyasının uğurla həyata keçiriləcəyinə inanır.

Qeyd edək ki, ABŞ, Çin, Avropa Kosmik Agentliyi və Rusiyanın "Roskosmos” agentliyi də qarşıdakı illərdə Marsa missiya göndərməyi planlaşdırır.