“İxraca hazır ol” layihəsi başa çatıb
Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GIZ) birgə həyata keçirdiyi "İxraca hazır ol” layihəsi başa
çatıb. Layihə çərçivəsində kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan
20-ə yaxın iş adamı ixrac prosedurları barədə praktik və nəzəri baxımdan məlumatlandırılıb,
onların bu sahədəki bilikləri genişləndirilib. Bundan başqa, AZPROMO və GİZ tərəfindən
ixraca dair bir sıra beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə təlimlər
və forum keçirilib, Almaniyaya bir həftəlik təlim səfəri təşkil olunub və
ixracatçılar üçün bələdçi kitabçası nəşr edilib.
Layihənin yekunlarına
dair martın 27-də Bakı Biznes Mərkəzində keçirilmiş tədbirdə AZPROMO-nun rəhbəri
Rüfət Məmmədov son illər ölkəmizdə ixracın stimullaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər, bu sahədə aparılan islahatlar barədə məlumat verib, ixracatçıları
yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
GİZ-in ölkə üzrə rəhbəri
Sonia Fontainen və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin
nümayəndəsi Theresa Schoenfeld belə layihələrin önəmindən danışıb, iş adamlarını
yeni layihələrdə daha aktiv iştiraka çağırıb.
Tədbirdə AZPROMO və
GİZ nümayəndələri tərəfindən "İxraca hazır ol” layihəsi barədə təqdimat
keçirilib, layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki,
"İxraca hazır ol” layihəsi GİZ-in "Cənubi Qafqazda özəl sektorun inkişafı”
Proqramı çərçivəsində 2015-ci ildən etibarən kiçik və orta sahibkarlar üçün həyata
keçirilir. Layihənin icrasında nəzəri maarifləndirmə, mübadilə və nəşrlər kimi
3 əsas komponentdən istifadə olunub.