• cümə, 29 Mart, 11:45
  • Baku Bakı 5°C

IX və XI siniflər üzrə buraxılış imtahanları ödənişsiz olacaq

18.01.17 18:57 1526
IX və XI siniflər üzrə buraxılış imtahanları ödənişsiz olacaq
Azərbaycanda orta ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün müəyyənləşən buraxılış imtahanlarının yeni qaydalarına əsasən, imtahanlarda təkcə şagirdlərin bilik səviyyəsi deyil, meyilləri də öyrəniləcək. Nəticədə, ixtisaslaşmış siniflər formalaşdırılacaq. Prosesin necə gedəcəyi və yeniliyin pilot məktəblərə nə verəcəyi barədə "Sputnik Azərbaycan”ın təşkilatçılığı ilə Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələri və təhsil ekspertlərinin iştirakı ilə keçirilən mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirildi.
2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə (IX snif) təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin, fənn kurikulumlarının tətbiqi ilə bağlı bütün yeniliklər nəzərə alınaraq yeni qaydalar əsasında həyata keçiriləcəyini deyən Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva IX sinifdə buraxılış imtahanının iki mərhələdə təşkil olunacağını qeyd etdi. Birinci mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli (cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yaşı ilə ifadə olunması tələb edilən test tapşırığı), 10 qapalı tipli (verilən cavab variantlarından doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı), riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq. Şöbə müdirinin sözlərinə görə, ikinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 70 qapalı tipli test tapşırığı təqdim edilir: "Tapşırıqların yerinə yetirilməsinə 2 saat, inşanın yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. İkinci mərhələdə imtahanın müddəti 1 saat 30 dəqiqədir”.
A.Batıyeva IX sinif üzrə buraxılış imtahanlarının yeni qaydaları, V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, test tapşırığı nümunələri, qiymətləndirmə meyarları, cavab vərəqi nümunələrinin «Abituriyent» jurnalının xüsusi buraxılışında çap edildiyini bildirdi. Həmçinin ümumi orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumlar) üzrə buraxılış imtahanlarına hazırlaşanlar üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə test tapşırığı nümunələri «Abituriyent» jurnalının xüsusi buraxılışları olan V-VIII siniflər üzrə test kitablarında nəşr edilib. IX siniflər üzrə kitablar isə yanvarın sonlarında çap ediləcək. A.Batıyeva qeyd etdi ki, IX və XI siniflər üzrə buraxılış imtahanlarının keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilir və təhsil alanlar üçün ödənişsizdir.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Aydın Qasımov şagirdlərin bilik və bacarığının qiymətləndirilməsində yazı işləri vasitəsilə yoxlama zamanı qarşıya çıxa biləcək çətinliklərdən və onların aradan qaldırılması istiqamətində görülən tədbirlərdən danışdı. Belə ki, şagirdlərin bilik və bacarıqları qiymətləndirilərkən ortaya çıxan əsas çətinlik müəllimlərin subyektiv yanaşmalarıdır: "Yazı işi sərt və ya yumşaq yanaşan müəllimin əlinə düşübsə, bu artıq şagirdin taleyinə təsir göstərə bilər. Bu cür subyektiv yanaşmanın qarşısını almaq üçün görülən tədbirlər sırasında imtahan verəcək bütün şagirdlərin hamısının yazı işlərinin surətinın çıxarılması yer alıb. Həmçinin elektron formada şifrələnəcək. Yazı işini yoxlayan markerlər haqqında şagirdlərin monitorunda heç bir məlumat çıxmayacaq. Bir şagirdin tapşırığını ən azı iki adam yoxlayacaq. Məsələn, Naxçıvandan olan şagirdin yazı işini həmin bölgədən olan müəllim yoxlamayacaq”. O cümlədən, qiymətləndirmə sahəsində özünü doğruldan markerlər yazı işlərinin yoxlanmasında iştirak edəcəklər».
Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev qurum üçün şagirdlərin hansı bacarıqlarının ölçülməsinin vacib məqamlarından bəhs etdi: "Əvvəlki imtahanlardan fərqli olaraq məhz oxuyub anlamaq, oxuduğunu qiymətləndirmək, münasibət bildirmək və yazı kimi amillər təhsil sistemi üçün bacarıqlar hesab olunur. Biz uşaqlarımızdan nə soruşuruqsa, o istiqamətdə inkişaf edirlər. Biz istəyirik ki, onlar həm testdə yüksək bal toplasınlar, həm də yazı yazsınlar. Uşaqlarda nəyi ölçürüksə, ona qiymət verməliyik”. TN rəsmisi qiymətləndirmədə əmək bazarı üçün lazım olan, vətəndaşımızı beynəlxalq bazarda rəqabətli edən bacarıqları ölçməyə başladıqlarını qeyd etdi: "5-10 ildən sonra həm müəllimlər, həm repititorlar, həm də valideynlər bu bacarıqları aşılamağa yönələcəklər. Həmçinin yazı yazmağa başlayacaqlar. Yazı yazmağı bacaran adam ali təhsil müəssisəsinə qəbul olunacaq. Bu, islahatın başlanğıc hissəsidir. Gələcək illərdə 11-ci sinfin buraxılış imtahanlarının dəyişdirilməsi əsasında qəbul imtahanları ilə buraxılış imtahanlarının birləşdirilməsi mahiyyət etibarilə ali təhsil müəssisəsinin tələbəsi adını almaq üçün yeni bacarıqlara yiyələnməyin əsası olacaq».
Təhsil sistemində ixtisaslaşmanı uğurlu addım kimi dəyərləndirən professor Şahlar Əsgərov qiymətləndirmə sisteminə toxunaraq müxtəlif ballar üzrə qiymətləndirməyə etiraz etdi: «Əvvəllər 9 ballıq sistem üzrə qiymətləndirmə vardı. Sonradan qiymətləndirmənin fəlsəfəsi ilə məşğul olub müxtəlif rəqəmlər üzrə qiymətləndirmənin şahidi oldum. Bu gün Azərbaycanda 700, 100, 10, və ya 5 bal üzrə qiymətləndirmələr var. Təxminən milyon yarım tələbəsi olan balaca bir ölkədə bu qədər ballarla qiymətləndirməni normalmı sayırsınız? Bu, böyük mənfi nəticələr gətirir”. Təhsil eksperti mürəkkəb sistemlərin öyrənilməsinin çətin olduğunu bildirərək təhsil sistemini də bu sıraya aid etdi: «Bizdə son illərdə təhsili günü-gündən mürəkkəbləşdirirlər. Təhsil mürəkkəbləşibsə, onda problemlərin həlli daha çətindir. Bu gün təhsillə Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, İcra Hakimiyyəti orqanları, bağçaların tabeliyində olduğu Bakı Şəhər İcra Hakimiyyəti, qeyri-hökumət təşkilatları və başqa qurumlar məşğul olur. Əgər problemi tez həll etmək istəyirsinizsə, onda sistemi sadələşdirməlisiniz. Hər şey vahid mərkəzdən idarə olunmalıdır”.
Qeyd edildi ki, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri, həmçinin buraxılış imtahanlarının I mərhələsi üzrə www.dqmk.gov.az saytına daxil olub onlayn sınaq imtahanında iştirak edə bilərlər. Açıq tipli test tapşırıqlarına yazılı cavab vermək tələb olunduğundan nəticələr markerlər tərəfindən 24 saat ərzində yoxlanılır və sistemə daxil edilir.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər