• cümə, 19 Aprel, 04:47
  • Baku Bakı 18°C

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib

18.11.17 11:30 4562
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib.

APA-nın informasiya dəstəkçisi olduğu festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib, festivalın seçim komissiyasına 43 ölkədən 84 film qəbul olunub.

Münsiflər heyətinə Azərbaycandan Rafiq Quliyev, Ülkər Mütəllimova, Polşadan Eva Kotus, Gürcüstandan Zurab Dvali daxildir. Münsiflər heyətinə Can Saracoğlu rəhbərlik edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın Azərbaycan üçün əhəmiyyətindən danışıb, IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına beynəlxalq aləmdə marağın böyük olduğun diqqətə çatdırıb. Nazir əlavə edib ki, festival çərçivəsində bir-birindən maraqlı filmlər münsiflər heyətinə təqdim edilib, peşəkar mütəxəssislər tərəfindən seçim edilib.

Tədbirdə bildirilib ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya - ölkə, region və şəhər, mədəniyyət və ənənə, reklam filmləri, ekoturizm və digər turizm növləri, TV məhsulları (filmlər, videoçarxlar) kateqoriyaları üzrə yarışıb. Yarışmaya təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandırıb. I yerin sahibinə (Qızıl mükafat ) diplom və mükafat, II yerin sahibinə (Gümüş mükafat) diplom və mükafat, III yerin sahibinə isə (Bürünc mükafat) diplom və mükafat təqdim edilib.

Festivalın "QRAN PRİ” diplom və mükafatı fransız müəllif Metyu Li Leyin "Kumano” filminə təqdim edilib. Milli mükafata Adil Azayın "Vulkanın nəfəsi”, münsiflərin xüsusi mükafatına isə Onur Kıratlının "Mersinin sirri” filmi layiq görülüb.

Qeyd edək ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın təşkilati işlərini "Salnaməfilm” studiyası həyata keçirib.
banner

Oxşar Xəbərlər