• cümə, 19 Aprel, 19:02
  • Baku Bakı 24°C

İtləri tərbiyələndirənlər – Sadə peşə

22.05.15 07:45 10555
İtləri tərbiyələndirənlər – Sadə peşə
İt təlimçisi Zaur Ağabəyli: “Uşağa verilən tərbiyə kimi iti də öyrətmək lazımdır”
Deyirlər, it insanın ən yaxşı dostudur. Çünki hər zaman sadiqdir və sahibinə olan sevgisi ölənə qədər davam edir. Təsadüfi deyil ki, Yaponiyada sədaqətin simvolu kimi bu heyvanın heykəli belə var. Bəs Azərbaycanda itlərə münasibət necədir? Sadiqliyin simvolu olan bu heyvanların baxımı, təlimi necə aparılır? İtlərlə bağlı suallarımıza cavab tapmaq üçün yolumuzu itlərin təlim keçdiyi ünvandan - Nobel prospektində yerləşən “Baku dogs club”dan (Bakı it klubundan) saldıq.
Rubrikamızın bu dəfəki qonağı gənc kinoloq, klubun itlərin təlimi üzrə baş məşqçisi, Kinoloqlar İctimai Birliyinin sədri Zaur Ağabəylidir.
Ali təhsilli it təlimçisi
Müsahibimiz Tibb Universitetinin Tibbi biologiya fakültəsini bitirib. Eyni zamanda, Respublika Dəri-Zöhrəvi Dispanserində həkim-laborant kimi çalışır. Həmsöhbətimiz deyir ki, əvvəlcə kinoloqluqla hobbi kimi məşğul olsa da, sonradan bu, ikinci peşəsinə çevrilib: “Uşaq vaxtından bu heyvanlara qarşı məndə xüsusi maraq var idi. İlk dəfə 11 yaşımda evdə it saxlamaqla bağlı valideynlərimə müraciət etdim. O zaman biz balaca mənzildə yaşayırdıq. Bu mənzildə it saxlamaq mürəkkəb məsələ idi. Onlar düşünürdü ki, bu, çox məsuliyyətli işdir və bunu öhdəmə götürə bilmərəm. Hətta o vaxt valideynlərimə təsir etmək üçün “Gənc naturalist” jurnalına məktub da yazmışdım.Valideynlərim icazə vermədi və o zaman qonşumuzdakı itlə zaman keçirməklə kifayətləndim. Daha sonra universitetə hazırlaşdığım üçün it saxlamaq məsələsi arxa plana keçdi. Universitetə daxil olduqdan sonra sərbəst yaşamağa başladım. O dövrdən itlərlə bağlı karyeram başladı”.
“Bu sənətin məktəbi yoxdur”
İtlərə olan sevgisi müsahibimizi itlər üçün klub yaratmağa sövq edib. Bu klubda həm itlərə təlim keçilir, həm də itlərlə bağlı müəyyən idman növləri öyrədilir. Həmsöhbətimiz deyir ki, bu sahədə peşəkarlara tələbat olduğu halda, ölkəmizdə kinoloqluğun təhsilini verən təhsil müəssisəsi yoxdur: “Təəssüflər olsun ki, Azərbaycanda sırf it təlimçiləri yetişdirən müəssisə yoxdur ki, kimsə peşəkar olduğunu sübut etsin. Təcrübə yığdıqca insan daha da peşəkarlaşır. Bu sahə mürəkkəb olduğu üçün təcrübə ilə kifayətlənmək düzgün deyil. Bu, ayrıca bir elm sahəsidir. Bizim kinoloqlar birliyi bu sahədə kurslar keçir, xaricdən mütəxəssislər dəvət edirik. O seminarlarda insan peşə səviyyəsini artırır. Bəzi insanlar düşünür ki, it təlimçisinə savad lazım deyil. Bu sahəni mənimsəmək üçün bioloji biliklər mütləq lazımdır”.
“İtləri balan kimi sevməlisən”
Sənətinin sirlərindən danışan müsahibimizin sözlərinə görə, it təlimçisi olmaq üçün insanda bu sahəyə daxildən gələn sevgi vacibdir: “Deyirlər, hər sənətin sirri sadəlikdədir. Bu peşənin sirri digər peşələrin sirrindən fərqlənmir. Əsas odur ki, bu işi sevib, daxildə qəbul edəsən. Bizə kinoloq olmaq üçün çox adam müraciət edir. Amma onların çoxu bu sənətə yaramır. Onlar məlumat toplayırlar və bilirlər ki, bu sahədə mütəxəssis azdır. Pul qazanmaq üçün bu sənətə üz tuturlar. Bu sənətdə peşəkar olmaq üçün ilk növbədə itləri öz balan kimi sevməlisən. Amma bu da kifayət etmir. Hər ana-ata öz övladını sevə bilər, amma onun həkimi ola bilməz. İtləri sevməklə yanaşı, onların xarakterlərini öyrənmək, kənardan baxıb seyr etmək və davranışlarını anlamaq, bunları həyata keçirərkən işindən zövq almaq lazmdır. Əsl peşəkar insan hansısa məqsəd üçün bu işlə məşğul olmur. Siz təsəvvür edin ki, dünya şöhrətli rəssam Pablo Pikasso rəsm çəkməzdən əvvəl fikirləşir ki, bir milyon qazanmaq üçün hansı rəsmi çəksin. Belə fikirlə heç bir rəssam şedevr yarada bilməz. Onlar daxildən gələn istəklərini reallaşdırıb şedevr əldə edirlər. Daha sonra ətrafdakı camaat o şedevri dəyərləndirib yüksək qiymət verir. İtlər də belədir. Təlimçilər var ki, deyir, pulumuzu verin, işimizi görək, verməsəniz, iş görməyəcəyik. Bu, peşəkarlıq deyil. Biz tələbələrə də başa salırıq ki, siz peşəkarlığa doğru irəliləsəniz, pul sizin dalınızca qaçacaq, siz pulun dalınca qaçsanız, peşəkarlıq sizdən uzaqlaşacaq və nəticədə pul da qazana bilməyəcəksiniz”.
“İtlərin genetikası dəyişə bilər”
Çətinliklərə gəldikdə, həmsöhbətimiz deyir ki, bu sənətdə itlərdən insana heç bir çətinlik gəlmir. Əsas problem elə insanlarla bağlıdır: “Kinoloqlar üçün əsas çətinlik bu sənətə bizim cəmiyyətdə dırnaqarası yanaşmadır. Bizim bu istiqamətdə mədəniyyətimiz azdır və məktəbimiz yoxdur. İti təlimatlandırmaq üçün onun genetikasını bilmək lazımdır. Məktəb olmadıqda bunu hardan öyrənsinlər? Fərz edin, it hansısa çiy materialdır və biz ondan nə isə düzəltməyə çalışırıq. Hər it fərqlidir. Onların cütləşməsində də bunu nəzərə almaq lazımdır. Əgər cinslərin səhv cütləşməsi olsa, bu zaman itlərin genetikası dəyişə və it önəmli xüsusiyyətlərini itirə bilər”.
“İt ancaq öyrənməlidir”
İtlərin təlim yaşından danışan müsahibimiz deyir ki, elə it cinsləri var, onlar təlimə uyğunlaşmır, insanla əməkdaşlığa can atmır: “Əgər insanlar düzgün olmayan tərbiyə ilə dördayaqlı canlını başlı-başına buraxsa, it öz istədiyini edər. Lap vəhşiyə də çevrilə bilər. İtlər 3 yaşına kimi yetişdirmə dövründə olurlar. Bu zaman kəsiyində itlərlə davranış daha asan başa gəlir. Elə it var, onu öyrətməyə sürət lazımdır. Elə it də var, təlim prosesində keyfiyyət daha önəmlidir. Uzun vaxt tələb olunduqca nəticə də uğurlu olur. Yüksək səviyyədə olan treninqə başlamaq üçün itlər anadan ayrılan kimi başlamaq mümkündür. İtlər öz balalarını doğanda yetişməmiş doğurlar. Onlar doğulandan sonra yetişirlər. Küçük böyüdükcə böyüdüyü ailəni tayfa hesab edir və təbii ki, tayfanın böyüyünü öz sahibi kimi dəyərləndirir. Elə fərz edin ki, yüksək prosessorlu kompüteriniz var, amma onun içində heç nə yoxdur. İtin daxilində belə bir xüsusiyyət var ki, o, ancaq öyrənməlidir. Ona düzgün diqqət versək, o, biz istədiyimiz şeyləri öyrənir”.
İt yeganə heyvandır ki...
İtlərin sədaqətinə gəldikdə, müsahibimiz deyir ki, it yeganə heyvandır ki, sahibi ona nə verirsə, onunla kifayətlənir: “İt yeganə heyvandır ki, ova gedir, maralı yıxır, ona içalatından 3 tikə atırsan, onunla kifayətlənir. İtin sədaqətinə insanlar çox vaxt insan mənəviyyatı mövqeyindən baxırlar. Elə it cinsi var ki, onun insana bağlılığı çox deyil. Elə itlər də var, insana çox bağlıdırlar. Onlar sahibinə qul olmağa çalışır və qulluq etməyəndə əzab çəkirlər. İt yeganə heyvandır ki, insanın ona verdiyindən 10 qat çox sadiqlik nümayiş etdirir. İnsan onu düzgün böyütməlidir.Uşağa verilən tərbiyə kimi iti də öyrətmək lazımdır. Uşağa da düzgün tərbiyə versək, tərbiyəli olur, verməsək, ətrafda nə görürsə, onu öyrənir. Bu səbəbdən itlərin düzgün yetişməsində əsas vəzifə bizim üzərimizə düşür”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər