• cümə axşamı, 28 mart, 13:01
  • Baku Bakı 16°C

İtaliya Senatında Ermənistanın son təxribatlarına dair dinləmələr keçirilib

30.07.20 11:52 564
İtaliya Senatında Ermənistanın son təxribatlarına dair dinləmələr keçirilib
İtaliya Senatının Xarici işlər daimi komissiyasında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin iştirakı ilə dinləmələr keçirilib. Dinləmələri Senatın Xarici işlər daimi komissiyasının sədri senator Vito Petroçelli açaraq baş verən hadisələrin İtaliya Senatını ciddi narahat etdiyini və bu mövzuda müzakirələrin aparılmasının vacibliyini bildirib.
Səfirlikdən verilən məlıumata görə, ardınca səfir Məmməd Əhmədzadə mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Çıxışında diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən danışaraq, bu xüsusda ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətinin yaradılması, Azərbaycan əraziləri hesabına Ermənistan ərazilərinin genişləndirilməsi, azərbaycanlıların indiki Ermənistan ərazisindəki öz tarixi torpaqlarından sistematik olaraq deportasiyası, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə danışıb.
Diplomat 1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı irəli sürdüyü yeni ərazi iddiaları, Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və bu təcavüzün nəticələri barədə məlumat verib. Çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərin, o cümlədən BMT Təhlükəsizik Şurasının dörd qətnaməsinin tələblərini səsləndirib, bütün bunlara Ermənistanın məhəl qoymadığı, erməni tərəfinin danışıqlar prosesini uzatmağa yönəlik destruktiv hərəkətləri, eləcə də münaqişə ilə bağlı status-kvonu məhkəmləndirmək, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət və davamlı olaraq atəşkəs rejimini pozmaq cəhdlərindən danışıb.
Ermənistanın 12 iyul tarixindən başlayaraq Azərbaycana qarşı Tovuz rayonu istiqamətində həyata keçirdiyi yeni hərbi avantürası və Ermənistan rəhbərliyini buna təhrik edən səbəblər, eləcə də məqsədlər barədə danışıb. Habelə Tovuz rayonu ərazisindən Azərbaycanın enerji ehtiyatlarını Qərb ölkələrinə və dünya bazarlarına daşıyan strateji nəqliyyat infrastrukturunun, o cümlədən İtaliyaya da xam nefti nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və bir neçə aydan sonra təbii qaz nəql edəcək Cənub Qaz Dəhlizinin keçdiyini bildirib, bu ərazidə Ermənistanın hərbi təxribatlarının Cənub Qaz Dəhlizinin tam gücü ilə isitismara verilməsindən bir neçə ay əvvəl baş verməsinin də təsadüf olmadığını deyib.
Eyni zamanda, diplomat Ermənistan tərəfindən mövcud hadisələrlə bağlı məlumatlar üzərində manipulyasiya etmək üçün çoxsaylı dezinformasiyaların da yayıldığını, erməni radikal qrupları tərəfindən Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə, diplomatik heyətinə və xaricdə yaşayan azərbaycanlılara qarşı fiziki hücumlar və vandalizm aktları həyata keçirildiyini, eyni zamanda proseslərə obyektiv yanaşan xarici kütləvi informasiya vasitələrinə, nüfuzlu ictimai xadimlərə, siyasətçilərə təzyiqlər edildiyini da qeyd edib. Diplomat Azərbaycanın haqlı mövqeyinə dəstək göstərən və müvafiq bəyanatlar verən italyan parlamentarlarına da təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidentinin İtaliyaya tarixi dövlət səfəri vaxtı iki ölkə arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannaməyə istinad edərək bu sənədlə İtaliyanın Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini ifadə etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında nizamlanmasını dəstəklədiyini bildirib. Bundan irəli gələrək, eləcə də ATƏT-in Minsk Konfrasının ilk sədri kimi İtaliyanın institusional yaddaşa malik olduğunu, Azərbaycandakı böyük iqtisadi və strateji maraqlarını, iki ölkə arasında iqtisadi əməkdaşlığın neft və qazın tədarükü ilə məhdudlaşmadığını, son illər Azərbaycanda italyan şirkətlərinin böyük layihələrə cəlb olunduğunu, habelə İtaliyada uğurlu yerli muxtariyyət modelləri təcrübəsinin də olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İtaliyanın öz səylərini daha da artırmasının vacib və faydalı olacağını vurğulayıb.
Tədbir İtaliya senatorları tərəfindən baş vermiş hadisələrə münasibətdə şərhlərin bildirilməsi və sual-cavab sessiyası ilə davam etdirilib. Senatorların əksəriyyəti münaqişənin dialoq və danışıqlar yolu ilə nizamlanmasının vacilbiyini, münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas olduğunu və İtaliyanın maraqları nöqteyi-nəzərdən İtaliya hökumətinin münaqişənin nizamlanması üçün səylərinin artırmasının əhəmiyyətini qeyd ediblər.
Öz tərəfindən, Azərbaycan səfiri senatorların sualları əsasında münaqişənin həllinə münasibətdə ölkəmizin mövqeyi, münaqişənin sırf ərazi münaqişəsi olması və ermənilərin iddia etdiyi kimi heç bir dini amilə əsaslanmadığı, beynəlxlaq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli üçün səylərini artırmasının vacibliyi barədə danışıb.
Tədbir İtaliya Senatının rəsmi televiziya kanalı olan Senato TV və Senatın sosial şəbəkə profilləri üzərindən canlı olaraq yayımlanıb.
banner

Oxşar Xəbərlər