• çərşənbə axşamı, 19 mart, 14:46
  • Baku Bakı 8°C

İtaliya mətbuatı: "Azərbaycan, odlar diyarı. Burada hər şey inkişaf edir"

24.11.17 18:50 2683
İtaliya mətbuatı: "Azərbaycan, odlar diyarı. Burada hər şey inkişaf edir"
İtaliyanın "lagenziaviaggi.it” turizm portalında jurnalist-səyahətçi Massimo Tallarigonun müəllifi olduğu "Azərbaycan, odlar diyarı. Burada hər şey inkişaf edir” başlıqlıməqalədərc olunub.
Trend-in məlumatına görə, məqalədə Bakı şəhərinin görməli yerləri, zəngin tarixi abidələri, həmçinin müasir memarlıq nümunələrindən bəhs edilir.
Məqalədə Asiya və Avropanı bir-birindən ayıran Qafqaz regionunun cənubunda yerləşən, həmçinin "Odlar Diyarı” kimi tanınan Azərbaycanın neft sərvətləri və böyük sərmayələr hesabına əhəmiyyətli inkişafın yaşandığı və bu baxımdan qədimlik və müasirliyin sintez təşkil etdiyi ölkə olduğu bildirilir. Burada baş verən sürətli inkişafın xüsusilə, paytaxt Bakı şəhərində daha aydın nəzərə çarpdığı qeyd olunur.
Bakı sözünün tarixinin qədim Zərdüştlük dövrünə gedib çıxdığını və şəhərin adının "günəş” və ya "allah” mənasını verən "Baga” sözündən götürüldüyünü bildirən müəllif burada YUNESKO-nun Mədəni İrs siyahısına daxil edilmiş tarixi mərkəzin mövcud olduğunu vurğulayır. O, möhtəşəm memarlıq abidələri ilə zəngin olan Bakının xüsusilə gecələr işıqlara qərq olaraq heyrətamiz göründüyünü bildirir, şəhərin simvolu sayılan "Üç Alov” qülləsinin isə üzərində müxtəlif işıq effektləri ilə əsrarəngiz mənzərə yaratdığını qeyd edir.
Məqalədə qədim Bakı, İçərişəhər, Qız Qalası, Şirvanşahlar sarayı haqqında məlumat verilir, onların tarixi əhəmiyyəti vurğulanır. Həmçinin İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyindən bəhs olunur və burada minlərlə miniatür kitablar arasında dünyanın ən kiçik Bibliya kitabının saxlandığı da diqqətə çatdırılır.
Müəllif Bakının müasir tikililərinə də toxunaraq, buna ən parlaq nümunə kimi memar Zaha Hadid tərəfindən ərsəyə gəlmiş Heydər Əliyev Mərkəzini göstərir, onu "axan memarlıq” üslubunun ən möhtəşəm nümunələrindən biri hesab edir.
Məqalədə həmçinin Bakıdan 30 km məsafədə, Abşeron yarımadasında yerləşən Atəşgah məbədi haqqında məlumat verilir, onun Zərdüşt mədəniyyətinə tapınan insanlar üçün müqəddəs ibadətgah olduğu diqqətə çatdırılır. Bundan əlavə, Abşeron yarımadasının səthində yaranan təbii qaz ocaqları və indiyə qədər də yanmaqda davam edən Yanardağ haqqında danışan müəllif onlarla bağlı məlumatlara hətta Marko Polonun əsərlərində rast gəlindiyini vurğulayır.
Məqalədə Bakıdan 60 km cənubda yerləşən Qobustan qoruğundan da bəhs olunur, ərazinin YUNESKO-nun Mədəni İrs siyahısına daxil edildiyi bildirilir. Qobustan təsvirlərinin çox qədim tarixi dövrə gedib çıxdığını vurğulayan müəllif burada 40 min il yaşı olan altı mindən çox qaya daşlarına rast gəlindiyini diqqətə çatdırır.
banner

Oxşar Xəbərlər