İtaliya Azərbaycanı belə təbrik etdi
28 May - Respublika Günü münasibətilə Roma şəhərinin
ən qədim tarixi mərkəzində yerləşən möhtəşəm "Mercati di Traiano” abidə
kompleksi Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağının rəngləri
ilə işıqlandırılıb.
Mercati di Traiano” abidə kompleksi Azərbaycan və
İtaliya arasında münasibətlərdə xüsusi yerə malikdir. Bu abidə kompleksinin
yerləşdiyi ərazidə Azərbaycan hökumətinin dəstəyi ilə arxeoloji qazıntı işləri
aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya bu ilin fevral ayında
dövlət səfəri vaxtı Roma şəhərinin meri Vircinia Racci ilə görüşündə dövlət
başçımıza həmin qazıntı işləri barədə məlumat verilib və əldə edilmiş arxeoloji
dəyər kəsb edən əhəmiyyətli tapıntılar nümayiş etdirilib.
İtaliyada epidemioloji vəziyyətlə bağlı tətbiq
olunan qaydalara əməl edilməklə "Mercati di Traiano” abidə kompleksinin
işıqlandırılması ilə bağlı keçirilmiş rəsmi mərasimdə İtaliya hökumətinin və
Roma şəhərinin nümayəndələri iştirak ediblər. Mərasimdə əsas qonaq qismində
danışan İtaliya Respublikasının parlamentlə əlaqələr üzrə dövlət katibi Canluka
Kastaldi Azərbaycan-İtaliya strateji tərəfdaşlığının əhəmiyyəti, ölkələrimizi
bir-birinə bağlayan dərin əlaqələr barədə danışıb. "Mercati di Traiano” abidə
kompleksinin Azərbaycan-İtaliya münasibətlərinin yaxınlığını təcəssüm etdirən
simvolik məna kəsb etdiyini deyən İtaliya hökumətinin üzvü Azərbaycan hökumətinin
bu kompleks ərazisində aparılan arxeoloji qazıntı işlərinə dəstəyinin İtaliya
hökuməti tərəfindən yüksək qiymətləndirdiyini deyib. İtaliyada çox ağır
epidemioloji vəziyyətdə Azərbaycanın İtaliyaya göstərdiyi yardıma, nümayiş
etdirdiyi həmrəyliyə, o cümlədən Heydər Əliyev Mərkəzinin binası üzərində
İtaliyanın bayrağının videoproyeksiyasına görə Azərbaycan hökumətinə və xalqına
təşəkkür edən dövlət katibi Azərbaycan üçün əhəmiyyətli olan 28 May -
Respublika Günü tarixində qədim Romanın ən möhtəşəm abidələrindən biri olan və
iki ölkə arasında əlaqələrdə xüsusi yeri olan "Mercato di Traiano” abidə
kompleksinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmasını İtaliya
xalqının və Roma şəhərinin Azərbaycana təşəkkürü və bayram təbrikinin rəmzi
olduğunu deyib.
Ardınca Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə
28 May - Respublika Gününün, Azərbaycan-İtaliya strateji tərəfdaşlığının və
yaxın dostluq münasibətlərinin əhəmiyyəti barədə danışıb, Azərbaycan xalqı üçün
ən əziz olan bir gündə möhtəşəm "Mercati di Traiano” abidə kompleksinin Azərbaycan
bayrağının rəngləri ilə işıqlandırılması qərarına görə Roma şəhərinin
meriyasına və bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Diplomat
bugünkü tədbirin və çətin epidemioloji vəziyyətdə Azərbaycanın İtaliya xalqı ilə
yaxınlığı və həmrəyliyini nümayiş etdirmək üçün Heydər Əliyev Mərkəzinin binası
üzərində İtaliya bayrağının videoproyeksiyası da daxil olmaqla həyata keçirilən
təşəbbüslərin iki dost xalq arasında olan səmimi münasibətləri təcəssüm
etdirdiyini deyib.