• cümə axşamı, 25 aprel, 15:59
  • Baku Bakı 23°C

İT mütəxəssisləri ünsiyyət qurmaqda çətinlik çəkir? - Diskussiya

30.09.16 12:56 5029
İT mütəxəssisləri ünsiyyət qurmaqda çətinlik çəkir? - Diskussiya
Texnologiyaların inkişafı leksikonumuza "virtuallaşan insan” sözünü gətirdi. Çünki texnologiyaların inkişafı, xüsusilə də sosial şəbəkələr canlı ünsiyyəti böyük ölçüdə virtual çərçivəyə salıb.
Əgər texnologiyalar sahəsində çalışmayan insan dövrün tələbi ilə "robotlaşırsa”, bəs bütün işi texnologiyadan ibarət olan sahənin mütəxəssislərində vəziyyət necədir? Həqiqətənmi, İT mütəxəssisləri digər insanlarla müqayisədə ünsiyyət qurmaqda çətinlik çəkirlər?
Bu sualın cavabını Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində gələcəyin informasiya texnologiyaları (İT) mütəxəssisləri ilə müzakirə etdik.
Gənclər əvvəlcə nə üçün bu sahəni seçdiklərindən danışdılar.

Turxan Bədəlov:
- İnformasiya texnologiyaları elə bir sahədir ki, burada məntiqi olmayan insan yer tapa bilmir. Uğur qazanmaq, yaxşı proqramçı olmaq üçün yeni bilikləri əldə etməyə hazır olmaq lazımdır. Hazır olmasan, bura gəlməyinə ehtiyac yoxdur. İT sahəsi bacarıqlı insanların məkanı olduğu üçün bu sahəni seçdim.

Mirnamiq Abdullayev:
- Proqramlaşdırma sahəsində işləyən gənclər digər insanlardan fərqlənir. Bizim sahənin mütəxəssisləri tez düşünüb, sürətli qərar verirlər. İT sahəsi ilə məşğul olan tələbələrin güclü məntiqi olur. Düzdür, bütün sahələrdə məntiq rol oynayır. Amma İT-nin sütünu məntiqdir. İT səni bir addım öndə olmağa məcbur edir. Bu da həmin şəxslərin uğur qazanmasının gizli açarıdır. Gələcəkdə bu sahəni davam etdirmək istəyənlər daha çox çalışmalı və alqoritmik təfəkkürünü gücləndirməlidir. Bizi bir addım önə apardığı üçün bu sahəni seçmişəm.

Bu sahədə qadınlar niyə azdır?

İlahə Məmmədova:

- Bu fakültədə oxuyan tələbənin məntiqlə riyaziyyatı güclü olmalıdır. Düzdür, bu sahədə qadınlar azlıq təşkil edir. Çünki istər qadınlar, istərsə də kişilər fikirləşir ki, qadınların bu sahədə bacarıqları kifayət qədər deyil, həmçinin burada iş rejimi elədir ki, bəzən gecə də işləməli olursan. Bu isə qadınların ailə həyatında problemə çevrilir. Xüsusilə kişilər düşünür ki, qadından proqramçı ola bilməz. Amma mən bu fikirlə razı deyiləm. Məntiqi və biliyi kifayət qədərdirsə, qadınlar bu sahədə kişilərdən də üstün ola bilər. Qadın hər bir işi bacara bildiyi kimi İT sahəsində də uğur qazana bilər.

Mirnamiq İlahə ilə razılaşmır. Deyir ki, İT sahəsində kişilər qadınlardan daha ağıllıdır.

Mirnamiq:

- Azərbaycanda xanımların İT sahəsində azlıq təşkil etməsi ideologiya ilə bağlıdır. Bir çoxları fikirləşir ki, ümumiyyətlə, qadın işləməməlidir. Ailələrin 80-90 faizində qadının işləməsinə icazə vermirlər. Xarici ölkələrə baxsaq, görərik ki, kifayət qədər qadın proqramçılar var. Lakin qadın və kişi proqramçılar arasındakı əsas fərq alqoritmik düşüncə ilə bağlıdır. Kişilər qadınlardan daha çevik və ağıllı düşünür. Bu səbəbdən ölkəmizdə sözügedən sahədə qadınlarla müqayisədə kişi mütəxəssislər daha çoxdur. Lakin elə bölmələr var ki, orada qadınlar kişilərə nisbətən üstünlük təşkil edirlər. Məsələn, dizaynerlik. Çünki qadınlarda zövq daha çoxdur. Bu sahədə onların bacarığı kişilərdən üstündür. Amma ümumi götürdükdə, proqramçılıq kişi işidir. Sözügedən sahədə kişilər daha uğurlu və güclü olurlar.

Nuranə Rəhimova:
- Bildiyiniz kimi, bizim ixtisasımız təkcə proqramlaşdırma yönümündə deyil. Bir çoxlarımızın marağı riyaziyyat sahəsinədir. Çoxları iddia edirlər ki, qadın proqramçı ola bilməz. Ona görə də bu ixtisasda təhsil alan bir çox qızlar və onların ailələri riyaziyyata meyilli olur. Onlar fikirləşir ki, riyaziyyatı mükəmməl öyrənməklə riyaziyyat üzrə daha tez uğur qazanmaq mümkündür. Fikirləşirəm ki, qadınların universiteti bitirdikdən sonra İT ilə maraqlanmamalarının səbəbi budur. Bir çox valideyn fikirləşir ki, proqramlaşdırma qız sənəti deyil. Bu ixtisası bitirən qızlar yaxşı riyaziyyat muellimi ola bilər.


Gözəl Zülfüqarova:
- Mən yoldaşlarımın fikri ilə razı deyiləm. Əgər insanın əzmi varsa, o, istənilən sahədə uğur qazana bilər. Sadəcə, ailədə qadının üzərinə düşən məsuliyyət kişilərə nisbətən daha çoxdur. Qadınların bu sahədə kişilərdən geridə qalmasının əsas səbəblərindən biri də budur. Düşünürəm ki, bu, zehni biliklərlə bağlı olan məsələ deyil. Bir çox sahələrdə qadınlar kişilərdən nəinki zəif, hətta güclü ola bilərlər.

Gələk ünsiyyət məsələsinə... İT sahəsinin mütəxəssisləri ünsiyyət qurmaqda çətinlik çəkmirlər ki?

Turxan:


- Bir çoxları düşünür ki, proqramçıların ünsiyyət qurmaq bacarığı yoxdur. Əslində bu, stereotipdir. Bir mütəxəssis komandada işləyirsə, istər-istəməz digərləri ilə ünsiyyət saxlayır. Əslində ünsiyyət problemi bir proqramçıya daha çox ziyan vurur. Ünsiyyət qura bilməmək bacarığı, məncə, sənətə aid edilməməlidir. O, şəxsin özündən asılıdır.Yaxşı bir proqramçı mütləq ünsiyyət qurmağı bacarmalıdır.

Nuranə:

- Bu gün başqa sahə ilə məşğul olan insanlar virtual ünsiyyətə üstünlük verirlər və onların sosiallaşmasında problem yaranır, nəinki kompyuter sahəsi ilə məşğul olanlar. Nəzərə alsaq ki, proqramçı sırf bu işlə məşğuldur və onun işi yalnız texnologiyadan asılıdır, həmin insanın çox danışmaması müəyyən qədər qəbulediləndir. Burada həm də xarakter böyük rol oynayır.

Mirnamiq:
- Bu sahənin insanlarının dili yox, beyni daha çox işləyir. Ona görə də müəyyən mərhələdən sonra insanın dil qabiliyyəti bir qədər aşağı düşür. Həmçinin onların mütaliə etməyə də imkanları olmur. Bu da ünsiyyətin qurulmasında problem yaradır. Bu sahədə beyni dilindən daha çox çalışanlar uğur qazana bilir. Yəni çox danışıb az iş görməkdənsə, az danışıb çox iş görmək yaxşıdır.

İlahə:
- İT mütəxəssisi olan bir çox tanışlarım və fakültə yoldaşlarımın ünsiyyət qabiliyyətinin aşağı olduğunun şahidi olmuşam. Amma onlar bu sahədə kifayət qədər uğur qazanıblar. Bir çoxları hətta məşhur şirkətlərdə çalışır. Onların izah etmək qabiliyyəti də aşağı səviyyədə olur. Bir şeyi mükəmməl səviyyədə bildiklərinə baxmayaraq, digərinə izah edə bilmirlər. Bunun kökündə isə məhz ünsiyyət bacarığının olmaması durur. Ümumiyyətlə, müasir dövrdə danışıq, ünsiyyət problemləri bir çox gənclərdə var. İnsanlar real ünsiyyətdən daha çox virtuala üstünlük verirlər. Hətta ad günü təbrikini belə mobil telefonla, yaxud kompyuterlə göndəririk. Ünsiyyət getdikcə yox olmağa doğru gedir. Amma əgər bir mütəxəssis öz işini görməyi bacarırsa, onun dil qabiliyyətinin olmaması mənfi cəhət kimi qəbul olunmamalıdır. Elə şairlər var ki, şeir yaza bilir, amma onu oxuya bilmir. Elələri də var ki, intonasiya ilə şeiri oxumaq qabiliyyəti yaxşı olsa da, şeir yaza bilmir. Bizdə də bir növ elədir. Əgər kod yazırıqsa, onu dillə nümayiş etdirmək yersizdir.

Xəlil Şahbazov:

-Bir proqramçı yaxşı kod yaza bilirsə, onun ünsiyyət bacarığının olmaması üstünlük deyil. Tutaq ki, hansısa bir proqram yazmısan, amma bunun satışı zamanı reklama ehtiyac olur. Əgər sən öz proqramını alıcıya yaxşı təqdim edə bilmirsənsə, səndən daha pis olanlar öz məhsulunu daha tez sata bilər. Çünki burada ünsiyyət çox vacibdir. Yaxşı nitq qabiliyyəti insana hər yerdə lazımdır.

Nurlan Sofiyev:
- Mənə elə gəlir ki, ünsiyyət qurmaq bacarığı aşağı olan insanlar əvvəldən seçilir. Çünki yaşıdları həyətdə oynayanda bu sahəyə meyli olanlar günün böyük əksəriyyətini kompyuterlə keçirirlər. Ona görə də onlar öz dostları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. 5-6 il kompyuter qarşısında vaxt keçirən insan üçün kompyuter dostlarından daha doğmadır. Ona görə də onlar gələcəkdə də məhz bu sahəyə meyllənirlər.

Turxan:
-Əgər mən frilanser olaraq fəaliyyət göstərirəmsə, öz məhsulumu şirkətlərə təqdim edərkən ünsiyyətə ehtiyacım olur. Komanda şəklində görülən iş zamanı da ünsiyyətə ehtiyac var. Çünki hərə öz işini komandanın digər üzvləri ilə paylaşmalıdır. Bu, vaxt qazanmaqda kömək etmiş olur. Ünsiyyət olmadığı zaman, sadəcə, deyilən işi görürsən. Amma ünsiyyətcil bir proqramçı müzakirə edərək digər problemləri də tez həll etmiş olur. Bu da bir növ bacarıqdır. Əgər bir insan işini bilməyən insanlarla işləyirsə, bu zaman ünsiyyətə daha çox ehtiyac olur. Çünki bəzən sən onlara məsləhət verməli olursan.

Nuranə:
- Natiqlik özü də bir sənətdir. Əgər bir işdə peşəkar olmaq istəyirsənsə, ünsiyyət çox vacibdir. Ünsiyyət bacarığı olmadıqda nə qədər peşəkar olmağından asılı olmayaraq, işində problem yaranır. Problemi aradan qaldırmaq üçün məhz danışıq vacibdir. Yaxşı olardı ki, peşəkar olmaq istəyənlər bunun da üzərində ayrıca çalışsınlar.

Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ




banner

Oxşar Xəbərlər