• cümə, 19 Aprel, 10:04
  • Baku Bakı 13°C

İt leşi şousundan qazanmaq istəyənlər

18.03.15 08:17 907
İt leşi şousundan qazanmaq istəyənlər
Bir neçə gündür ki, xarici dairələr tərəfindən ölkəmizə edilən təzyiqlərin məcrası bir qədər dəyişib. Belə ki, indiyə qədər ölkədə “insan haqlarının durumu”ndan danışanlar indi də heyvan haqları məsələsini qabardırlar və bu barədə mənfi iddialarda bulunurlar. Söhbət isə naməlum, harada çəkildiyi bilinməyən bir videodan gedir. Onsuz da ciddi şəkildə ölkəmizə qarşı “qara piar”a start vermiş xarici təşkilatlar və onların ölkəmizdəki “səlahiyyətli səfirləri” bu “fakt”dan da yararlanmağa çalışır, ölkənin nüfuzunu aşağı salmağa cəhd edirlər. Təbii ki, belə cəhdlər həmişə olduğu kimi, bu dəfə də ölkə ictimaiyyətinin narazılığına səbəb olub. Ölkə prezidentinin köməkçisi Əli Həsənov da durumu əleyhimizə aparılan əks-təbliğat kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib və videonun ölkəmizdə çəkilib-çəkilmədiyinin bəlli olmadığını deyib: “Hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar”
Mövzu haqda fikirlərini “Kaspi”yə açıqlayan millət vəkili Sahib Alıyev də məsələnin kökündə sırf Azərbaycanın imicinə ləkə gətirmək, ölkənin nüfuzunu aşağı salmaq, beynəlxalq ictimaiyyətin nəzərində haqqımızda mənfi təəssürat yaratmaq kimi məkrli niyyətlərin olduğunu dedi: “Ölkəmizə qarşı həmişə bu cür “qara piar” kampaniyası aparılıb. Demək olar ki, belə hallara öyrəşmişik. Özünüz də bilirsiniz ki, bu kimi faktlarla birinci dəfə deyil ki rastlaşırıq. Hamı bilir ki, “qara piar” təşkili kimlər tərəfindən həyata keçirilir və kampaniyanın təşkilində kimlər maraqlıdır. Xatırladım ki, Avroviziya yarışması vaxtı da “təşkilatçılar” olduqca aktiv idilər. Amma nə edə bildilər ki? Gedişata təsir göstərməyə müvəffəq oldularmı? Xeyr. Yarışma necə lazım idisə, elə də keçirildi. Həmin müddətdə müxalifət qəzetlərinin birində gedən cümləni olduğu kimi diqqətə çatdırmaq istəyirəm. Açıq-aşkar yazmışdılar ki, “yarışma qabağı Azərbaycanı gözdən salmaq üçün əlimizdən nə gəlirdisə, hamısını etdik”. Düşünürəm ki, bu cümlə onların bütün məqsəd və məramlarını ortaya qoyur”.
Millət vəkilinin fikrincə, indi də həmin proseslər gedir və həmin “qara piar” davam etdirilir: “Həmin “təşkilatçılar” niyyətlərinə çatmaq üçün hər vasitəyə əl atırlar. İndi də yayılan hansısa videodan yararlanmağa çalışırlar. Belə çıxır ki, it leşinə möhtac qalıblar. Nə yazıq ki, hətta heyvan ölüsünü belə mövzu kimi seçib yazaraq nə isə əldə etməyə cəhd edirlər. Onlara dəfələrlə deyildi ki, video haqda ətraflı məlumat yoxdur. Bəlli deyil ki, itlər harada və kim tərəfindən öldürülüb. Videonun yayılmasından neçə gün keçsə də, hələ də dediyim suallara cavab tapılmayıb”.
S.Alıyev onu da qeyd etdi ki, bu kimi məsələlərə, ölkəmizin gözdən salınması üçün edilən cəhdlərə təbii yanaşmaq lazımdır: “Azərbaycanı gözü götürməyən qüvvələrin olduğu çoxdan təsdiqini tapıb. Onlar təkcə ölkəmizi deyil, ümumilikdə islam dünyasını qəbul edə bilmirlər. Qarayaxma kampaniyalarının əsas məqsədi bu toplumları sarsıtmaqdır. Təəssüf ki, əks-təbliğat kampaniyasının içində “azərbaycanlılar” da var. Bizi gözü götürməyən, dünyaya islamafob nöqteyi-nəzərindən baxanlara işləyənlər, onların tapşırıqlarını burada icra edənlər ləyaqətini, milli mənliyini satmış adamlardır. Ona görə də daha heç nəyə təəccüblənmirəm və buna ehtiyac olmadığını düşünürəm. Sadəcə, bir məsəli xatırlatmaq istəyirəm – karvan yolunu gedir. Avroviziya yarışması zamanı da, ondan sonra təşkil olunan mötəbər tədbirlər vaxtı da onlara göstərdik ki, karvan keçir, siz deməklə deyil. Həmin vaxtı fikirlərimizə məhəl qoymayanlar yenə də nəyəsə ümid edirlər. Sizi əmin edirəm ki, bu dəfə də karvan keçəcək, ölkəmiz uğurlarını qazanacaq. İndiyə qədər olduğu kimi, bundan sonra da ölkəmizdə baş tutacaq bütün yarışmaları yüksək səviyyədə keçirəcəyik. Azərbaycan Avropa Oyunlarını ilk keçirən ölkə kimi tarixə düşür. Bundan sonra təşkilatçı olacaq ölkələr bizdən örnək götürəcəklər. Onların bu işi necə bacaracaqları isə hələ sual altındadır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər