• cümə, 29 Mart, 16:06
  • Baku Bakı 14°C

İsveçrədə “Müqəddəs inək” sənədli filmi nümayiş olunub

30.03.17 16:39 1006
İsveçrədə “Müqəddəs inək” sənədli filmi nümayiş olunub
Ərazisinə görə İsveçrənin üçüncü böyük şəhəri sayılan Bazel, ölkənin şimal-qərbində yerləşir. Zəngin tarixi keçmişi olan bu şəhər neçə yüzilliklər boyu istər İsveçrənin, istərsə də, Avropanın mühüm mədəniyyət ocağı hesab olunmuş və bu günə qədər də öz dəyərini itirməmişdir.
Əhalisinin sayı, təqribən, 175 min olan Bazel, müxtəlif xalqların birlik və həmrəylik göstərdiyi şəhər kimi də tanınır. Belə ki, burada, demək olar ki, hər il bir-birindən maraqlı tədbirlər, festivallar keçirilir ki, bunların da əsas iştirakçılari, heç şübhəsiz, fərqli mədəniyyətə, dünyagörüşünə malik müxtəlif xalqlardır.
"Cinema Querfeld İnterkulturelles Kino" festivalı belə tədbirlərdən biridir. Ayrı-ayri xalqların nümayəndələrinin dostluq və mədəniyyət mübadiləsi ilə həyata keçirilən bu festival artıq on ikinci ildir ki, düşüncə tərzi, həyata baxışı müxtəlif olan insanları bir araya gətirir. Belə ki, İsveçrədə yaşayan çoxsaylı xalqların nümayəndələri hər il Bazeldə könüllü şəkildə birləşərək, kino festivalı təşkil edirlər ki, bu festivalda hər bir xalq öz mədəniyyətini təmsil etmiş olur. Festival çərçivəsində nümayiş etdirilən filmlərin hər biri öz ana dilində (almanca subtitrlərlə) tamaşaçılara təqdim olunur.
Şəhərin qonaqları və yerli sakinlər 3 gün ərzində filmləri böyük həvəslə izləyirlər. Bütün festival boyu Bazeldə sanki bayram ab-havası yaşanır...
Mədəniyyət və incəsənət sahəsində öz nadir sənət əsərləri ilə adını dünya mədəniyyəti tarixinə əbədi həkk etmiş Azərbaycan xalqının vətənpərvər nümayəndələri də bu festivalda öz qabiliyyətlərini layiqincə göstərə bildilər . Bu işdə, İsveçrədə yaşayan həmvətənlərimiz tərəfindən yaradılan "Azərbaycanın Dostları" birliyinin sədri Arzu Əliyevanın zəhməti böyükdür! Belə ki, hər il Arzu xanım tərəfindən Azərbaycan filmlərindən ibarət siyahı festivalın münsiflər heyətinə təqdim olunur. Bu il təqdim olunan siyahıdan Azərbaycanın tanınmış və çox istedadlı rejissoru İmam Həsənovun "Müqəddəs inək" sənədli filmi seçilmiş və münsiflər heyəti tərəfindən məhz bu filmin müəllifi Bazel kino festivalına dəvət almışdır.
24-26 mart tarixində keçirilən festivalda böyük marağa səbəb olan film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, rejissorun özünəməxsus tərzi, istər münsiflər heyəti tərəfindən, istərsə də, filmi maraqla seyr edən tamaşaçılar tərəfindən yüksək dəyərləndirilmişdir. Sonda rejissorla film haqqında çox şaxəli disskusiyalar aparılmışdır.
İmam Həsənovun "Müqəddəs İnək" sənədli filmi müasir Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. İllər keçəcək, bu film, məhz, mükəmməl sənət əsəri kimi, nəsildən-nəslə ötürüləcək və heç şübhəsiz ki, nadir sənət əsəri kimi, Azərbaycan mədəniyyət tarixinə əbədi həkk olunacaq.




banner

Oxşar Xəbərlər