• çərşənbə axşamı, 23 aprel, 16:55
  • Baku Bakı 24°C

“İstirahət etmək istəyirəm!”

18.07.13 08:48 1678
“İstirahət etmək istəyirəm!”
“Mən Ali Məhkəməyə qədər gedib çıxdım. Jurnalistlərin Həmkarlar İttifaqı da mənə vəkil tutmaqda yardım elədi. Ancaq bütün məhkəmələr iddiamı rədd elədi. Özü də mənim iştirakım olmadan baxıldı işə. Müqavilədə isə yazılıb ki, işdən çıxarılma ilə bağlı 60 gün öncə xəbərdarlıq edilməli, onun 30 gününü işə gəlməlidir. 30 gün isə gəlməsə də əməkhaqqı odənilməlidir. Ancaq Azadlıq Radiosu bunları eləmədi”. Bu fikirlər iki il bundan əvvəl Azadlıq Radiosu tərəfindən işdən azad edilən, ancaq iddiaları bütün məhkəmə instansiyalarında rədd edilən jurnalist Aygün Muradxanlının sözləridir. Jurnalist öz əmək hüququnu sonadək müdafiə edəcəyini söyləsə də, onun bərpasına nail ola bilmədi.
Jurnalistlərin əmək hüquqlarının pozulması ilə bağlı məhkəmələrə olunan şikayətləri kütləvi saymaq olmasa da hər halda nümunələr yox deyil. Üstəlik jurnalistlərin əmək müqaviləsi problemi, istirahət hüquqlarının pozulması halları və s. bu kasıb təbəqənin onsuz da çətin həyatını daha da qəlizləşdirir.
Ekspertlər də vəziyyətin ürəkaçan olmadığını qeyd edirlər. Səslənən təkliflər isə hələlik problemdən çıxış yolu kimi qəbul edilmir.
Jurnalistin gələcəyi...
Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov jurnalistlərin əmək hüquqlarının normal səviyyədə tənzimlənmədiyi qənaətindədir. Belə ki, əksər jurnalistlərlə əmək müqaviləsi bağlanmır və bu, Əmək Məcəlləsinin 43-cü maddəsinə tam cavab vermir. Bu səbəbdən də jurnalistlərin sosial təminat məsələləri – icbari sığorta məsələləri, bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta məsələləri bir çox hallarda açıq qalır: «Dövlət KİV-ləri var. Məsələn, Azərbaycan Televiziyası, İctimai Televiziya, «Xalq qəzeti» və s.-də ümumi əmək qaydalarına əməl olunur, pozuntular yaranmır. Ancaq özəl kütləvi informasiya vasitələri, müxtəlif elektron mediada bu cür pozuntular meydana gəlir”. Jurnalistlərlə iş yerlərində əmək müqavilələrinin bağlanmamasını ümumi problem kimi dəyərləndirən liqa sədri bunun gələcəkdə jurnalistlərin ziyanına işləyəcəyini bildirir: “İkili mühasibatlıq məsələsi var. Jurnalistin aldığı faktiki maaşla bəzən rəsmi müqavilədə aldığı əməkhaqqı arasında olan fərq də onun ziyanına işləyir. Həm də o, az sığorta olunur və hər hansı peşə xəstəliyi yarananda az kompensasiya alır. O cümlədən, müvəqqəti əmək qabiliyyətini itirəndə, pensiya yığım məsələlərində ziyan çəkir. Tutaq ki, bir jurnalistin əmək müqaviləsində göstərilir ki, ona ayda 500 manat pul veriləcək. Bu o deməkdir ki, jurnalisti işə qəbul edən onu 110 manat dəyərində sığortalamalıdır ki, icbari sığortaya cəlb eləsin. Üstəlik, işçidən 3 faiz sosial sığorta məbləği, 14 faiz gəlir vergisi tutulmalıdır. Görürsünüzmü, nə boyda məbləğ getdi. İşçi faktiki olaraq 500-400-dən bir qədər az əmək haqqı alır. Bu vergilər tutulanda da əlində bir şey qalmır. Ancaq onu işə götürən həmin məbləği cibindən çıxardıb verəndə bu məsələlər həll olunur”.
S.Məmmədov hesab edir ki, oxşar pozuntular təkcə jurnalistikada yox, özəl sektorun əksər sahələrində bu cür tənzimlənir: “Ya da əmək müqaviləsində əmək haqqını çox kiçik göstərirlər və bütün ödənişlər də onun əsasında həyata keçirilir. Bu da jurnalistlərin əmək hüquqlarının pozulmasının bir başqa formasıdır. Əsas məqsəd sosial ödəmədən və vergilərdən yayınmaqdır. Digər tərəfdən, işçinin əmək müqaviləsi olanda onun dili daha uzun olur. Belə ki, onun tələbetmə haqqı yaranır, məhkəmə perspektivi daha yaxşı olur. Əmək müqaviləsi olan işçi ilə üzülüşmək daha çətin prosedurdur, nəinki işçini müqaviləsiz qəbul edib sonra da ona «Sabah gəlmə» deyəsən”. Ekspert qeyd edib ki, bu cür pozuntular gələcəkdə yaşa dolacaq jurnalistin pensiya təminatında problemlər yaradacaq: «Əgər vergi ödəmələri və sosial ödəmələr yoxdursa və nəticədə yığım getmirsə, demək jurnalist gələcəkdə əmək pensiyası ala bilməyəcək. Bilirsiniz ki, 2006-cı ildən kim nə yığırsa, onu da alacaq. Hər kəsin öz şəxsi hesabı var və yığım olmalıdır. Tutaq ki, 500 manat əmək haqqı alırsınızsa hər ay hesaba 110 manat pul yığılır. Təsəvvür edin ki, bu yığılır və müəyyən yaşa çatandan sonra məzuniyyətə görə və ya hər hansı bir qadına doğuşa, məzuniyyətə görə, yaxud da jurnalistlər müvəqqəti xəstəxanaya düşdükdə onlara Sosial Sığorta Fondundan vəsait ödənilir. Ancaq əmək müqaviləsi olmayan jurnalistlər bu problemlərlə qarşılaşırlar». Jurnalistlərin əmək hüquqlarının qorunması ilə məşğul olan hər hansı bir qurumun mövcudluğuna gəlincə, ekspert bildirib ki, bu sahədə də vəziyyət ürəkaçan deyil: «Jurnalistlərin bir qismi Jurnalistlərin Həmkarlar İttifaqlarının üzvüdür. Ancaq bu qurum demək olar ki, ancaq maarifləndirmə işləri aparır. Düzdür, jurnalistlərin əmək hüquqlarını qorumaq üçün dövlətin müdafiəsi var. Ancaq bundan nə qədər effektiv istifadə olunur – bu, başqa məsələdir. Ancaq müəssisənin daxilində, iş yerində jurnalistlər ən çox hüquqları pozulan işçilər kateqoriyasına aiddir. Məsələn, bu məsələdə jurnalistləri tikintidə çalışanlarla bir sıraya qoymaq olar. İnsanların da əmək müqavilələri, sosial müdafiələri yoxdur. Məsələn, dövlət KİV işçilərinə mənzil verir. Əslində bu, dövlətin borcu deyil ki, onları mənzillə təmin etsin. Həm də bu o demək deyil ki, jurnalistlərin sosial müdafiəsi təmin olunub. Bu, dövlətin jurnalistlərə hədiyyəsidir. Sosial paket hər bir jurnalistin çalışdığı iş yerində ona təqdim olunmalıdır».
Gündəlik, həftəlik və illik
“Hamı kimi jurnalistlərin də istirahət hüququ Əmək Məcəlləsi ilə tənzimlənir. Belə ki, istirahət hüququ 3 qisimdə təsnif olunur: gündəlik, həftəlik və illik. Gündəlik istirahət hüquqları bir iş gününün sona çatması ilə digər iş gününün başlanması arasında ən azı 12 saat vaxt keçməlidir. Həftəlik iş saatı 8 saat olanlarda 40 saatdan artıq işlətmək qeyri-qanunidir. İllik istirahət məsələsində isə ildə bir dəfə ən azı işçinin 20 gün müddətində istirahət etməsi tövsiyə olunur”- deyən Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli media sahəsində bu cəhətdən ciddi problemlərin mövcud olduğunu bildirib. Belə ki, jurnalistlərin həm gündəlik, həm də illik istirahət hüquqlarının pozulmasında ciddi problemlər yaşanır. “Jurnalist əməyi elədir ki, məsələni ciddi şəkildə proqnozlaşdırmaq olmur. Ola bilər ki, iş saatının bitməsinə yaxın hər hansı bir hadisə baş verir. Jurnalisti hadisə ilə bağlı araşdırma və ya reportaj hazırlamaq üçün hadisə yerinə ezam edə bilərlər. Bu baxımdan jurnalistlərin gündəlik istirahət hüququ da pozulur”. JuHİ sədri hesab edir ki, jurnalist əməyində işəmuzd hesablanma olmalıdır. “Çox təəssüf ki, bizdə həm günəmuzd, həm də işəmuzd hesablanma aparılır. Əslində redaksiyaları qınamalı da deyil. Yəni işin qaynarlığından asılı olaraq redaksiyada iş dəyişə bilər. Ancaq bunun üçün xüsusi ştatlar olmalıdır ki, ekspromt vəziyyətlərdən çıxmaq olsun. Redaksiyalarda xüsusi müxbirlər olmalıdır ki, bu cür vəziyyətlərdə redaksiyanın yükünü daşıya bilsinlər. Ancaq bizdə bu məsələdə də ciddi problemlər var. Beynəlxalq təcrübədə olduğu kimi, iş yerində əvəzetmə üsulu olmalıdır. Yəni bir sahədən bir neçə jurnalist yazmalıdır. O mənada ki, bir jurnalist istirahət edəndə onu əvəz edənlər olmalıdır”. M.Ələsgərlinin sözlərinə görə, redaksiyaların maddi imkanlarının jurnalistləri əvəz edənlərin işə götürülməsinə imkan verməməsi təəssüf doğurur. Elə illik məzuniyyət məsələsi də çox vaxt bu baxımdan pozulur: “Bir jurnalistin iş yerini bir aylıq tərk etməsi bəzən bir redaksiyanın fəaliyyətinin iflic olmasına gətirir. Bu baxımdan jurnalistləri illik istirahətə də buraxmırlar”.
JuHİ sədri jurnalistlərin əmək hüquqlarının pozulmasında onların çalışdığı redaksiyalarla əmək müqavilələrinin olmamasının əsas rol oynadığını bildirir. Belə ki, jurnalistlərin istirahət hüququ ilə bağlı məsələlər əmək müqavilələrində əks olunmalıdır: «Redaksiyalarda əmək müqavilələrinin tətbiq olunmasında ciddi problemlər var. Bizdə müqavilələr bağlanmır, ya da simvolik xarakter daşıyır. Çıxış yolu kimi beynəlxalq praktikada da var ki, redaksiyalar müəyyən bir müddət üçün kollektiv şəkildə istirahətə yollanırlar. Əgər jurnalistlərin istirahətə bir-bir göndərilməsi imkanı yoxdursa, onda kollektiv məzuniyyət məsələsi olmalıdır ki, jurnalistlər də bu məzuniyyətdən faydalansınlar». Jurnalistlərin istirahət hüququnun daha çox özəl müəssisələrdə pozulmasına münasibət bildirən JuHİ sədri qeyd edib ki, əslində qanunvericilikdə özəl və dövlət müəssisəsi arasında hər hansı fərq yoxdur. Yəni Əmək Məcəlləsi birmənalı şəkildə bütün müəssisələrə tətbiq olunur: “Amma praktikada özəli çox vaxt özününkü və ya özbaşınalıq kimi başa düşürlər. Amma əslində bu, qaydasızlıqdır. Çünki qanun hər yerdə qanundur». M.Ələsgərli hesab edir ki, problemdən çıxış yolu əmək müqavilələrinin bağlanmasından və redaksiyalarda həmkarlar təşkilatlarının yaranmasından keçir: «Bu elə məsələdir ki, buna daimi nəzarət olmalıdır. Nəzarət prinsipi pozulanda təbii ki, ortaya ciddi problemlər çıxır. Ona görə biz hesab edirik ki, redaksiyalarda həmkarlar təşkilatlarının yaranması vacib məsələdir. Bu yolda addım atmaq üçün həmkarlarımıza dəstək verməyə hazırıq».
M.Ələsgərli hesab edir ki, artıq KİV-in inkişafı sahəsində dövlət səviyyəsində atılan addımlar, KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması, büdcələrin artırılması, bundan sonra redaksiyalarda normal iş rejiminin qurulması üçün şəraitin yaranmasına təminat verir. Qanunvericiliyin tələbinə əsasən, redaksiyalar bu mühiti tətbiq etməlidirlər: “Jurnalistlərin həm gündəlik, həm həftəlik, həm də illik istirahət hüquqları təmin olunmalıdır”.
Əlbəttə, kağız üzərində bütün qaydalar var. Amma onlara əməl olunması ilə bağlı ümidləri hansı gələcəyə bağlamaq haqqında proqnozlar isə təəssüf ki, yox...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər