AZE | RUS | ENG |

İstiqlal və istiqbal şəhidi

İstiqlal və istiqbal şəhidi
O, vətənin azadlığı uğrunda həm qələmi, həm də silahı ilə döyüşdü

Əvvəlki məqalələrimdən birində də qeyd etmişdim ki, romantik yazarların əksəriyyətinin taleyi çox acınacaqlı olmuşdur. O, cümlədən, cəmi 22 bahar yaşamış Səid Səlmasinin də. İran inqilabının ən fəal xadimlərindən olmuş, xalqın azadlığı, tərəqqisi, səadəti naminə canını qurban vermiş S.Səlmasi də bir çox məsləkdaşları kimi bir parça çörək yox, böyük ideyalar uğrunda şəhid olmuşdur.
 
"Düşmən onu görsün, deməsin ki, ehtiyacdan döyüşürəm”
 
S.Səlmasi haqqında tədqiqatlardan birində yazılır: "Azərbaycan şairi Səid Səlmasi düşmənlərlə döyüşə getməzdən qabaq barmağına anasının çox qiymətli brilyant üzüyünü taxır. Deyir ki, sağ qalsam, qaytararam, ölsəm, qoy düşmən onu görsün, deməsin ki, ehtiyacdan döyüşürəm, bilsin ki, vətən qeyrəti üstə ölümə getmişəm”. Məşrutə hərəkatının ən fəal döyüşçüsü olan Səid Səlmasi xalqının, vətəninin azadlığı, istiqlalı, xoşbəxtliyi uğrunda həm qələmi, həm də silahı ilə döyüşdü. Azərbaycan ədəbiyyatında və mətbuatında şair-publisist kimi tanınan füyuzatçı Səid Səlmasi yeni Azərbaycan ədəbiyyatında sonet yazan və çap etdirən ilk şairdir. O, şair ki, "Səid” təxəllüsünü götürməklə (ərəbcədən tərcümədə - xoşbəxt olmaq) xoşbəxt, bəxtiyar olacağına inanırdı. Əslində Səid Səlmasi amalları uğrunda mübarizə apararaq canını qurban verməklə, xoşbəxt oldu! Çünki o öz xoşbəxtliyi uğrunda deyil, xalqın, vətənin xoşbəxtliyi uğrunda mübarizə aparırdı. 20-ci yüzilliyin əvvəllərində fəaliyyətdə olan dövrü mətbuatımızdan "Səid Səlmasi” imzası ilə tanıdığımız şair-publisist Səid Səlmasi əslində kim idi? Ədəbiyyatşünas və mətbuatşünas alimlərin tədqiqatlarından belə aydın olur ki, onun əsl adı Ağabala, atasının adı isə Məşədi Xəlil olub. Tədqiqatlarda soyadı həm "Xəlilzadə”, həm də "Haqverdiyev” kimi yazılan Səid Səlmasi ən yaxın dostu mollanəsrəddinçi Əliqulu Qəmküsara yazdığı məktubda imzanı "Səid Xəlilzadə Səlmasi” kimi yekunlaşdırıb. Soyadı kimi təvəllüdü haqqında da bir-birini inkar edən fikirlər söylənilir. Amma burada da yenə Səid Səlmasinin yaxın dostu Ə.Qəmküsarın "Tərəqqi” qəzetinin 7 aprel 1909-cu il tarixli, 70-ci sayında dərc etdirdiyi "Şəhidi-mərhum Səid Səlmasinin tərcümeyi-halı” sərlövhəli məqaləsinə əsaslanaraq, onun 1887-ci ildə İranın Salmas şəhərində anadan olduğunu söyləyə bilərik.

Professor Cəfər Xəndanın " S.Səlmasi yoxsul bir kəndli ailəsində anadan olmuşdur” yazmasına baxmayaraq, əksər mənbələr bu faktı təkzib edir. Məsələn, görkəmli tədqiqatçılardan Məhəmməd Müin, Rza Həmraz Təbrizi, Məmmədəli Müsəddiq, Səməd Sərdarniya əsərlərində yazırdılar: "Səidin ata-babası Qafqazda ticarətlə məşğul olmuşlar. Ticarətləri xüsusilə, Bakıda neft mədənləri ilə bağlı idi. Onların Bakıda mülkləri var imiş. Neft sənayesi ilə əlaqədar sahibkar olmuşlar”.
       
Düşdüyü mühit onun dünyagörüşünə çox böyük təsir edir
 
S.Səlmasinin Bakıda böyük mal-mülk sahibi olmasını filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli "Səid Səlmasi” adlı monoqrafiyasında da təsdiqləyir. Görkəmli alim Kərbəlayi Vəli Mikayılovun "Azadiyi-qələm” məqaləsinə (bu məqalə 1911-ci ildə Bakıda nəşr olunan "Şəhabi-saqib” jurnalının 19 fevral 1911-ci il tarixli sayında çap edilib) istinad edərək yazır: "Məqalədən belə anlaşılır ki, Səid Səlmasi Bakıda ata-babadan qalmış mal-mülk üzərində vərəsəlik hüququnu bərpa etdikdən sonra əlində əhəmiyyətli miqdarda pul toplanmışdı. Bu vəsaitlə o, bir müddət sonra mətbəə avadanlıqları alaraq Güney Azərbaycana aparmışdı. Səidin Orucovların müəssisəsində orta hesabla bir il çalışdığını da nəzərə alsaq, ehtimal etmək mümkündür ki, Orucovlarla onun arasındakı belə səs-küylü hesab, bəlkə də, əmək haqqı müstəvisində ola bilməzdi. Ya Səid onlara borc vermiş, sonra ala bilməmiş, yaxud da bu hesab əmlak məsələləri ilə əlaqədar olmuşdur. Hər halda, həmin mübahisə ciddi xarakter daşımış, mühitdə geniş əks-səda doğurmuşdur”.

Deməli, Səid Səlmasi Bakıya yalnız təhsil almağa, işləməyə deyil həm də əlindən çıxan mülk-malını geri qaytarmağa gəlmişdir. Əliqulu Qəmküsar yazır ki, kiçik yaşlarında atasını itirən Səlmasinin əmisi Hacı Qənbər imanın-dinin pula satan mollaların əlilə bir neçə əlahiddə şahid tutaraq, babadan qalma təxtixabın və irsin ondan bir hissəsini o biçarəyə verməklə, ondan qəbz vüsul və tərki-dava almışdır: "Bu binəva həddi-buluğa çatar-çatmaz əmisinin onun haqqında elədiyi xəyanəti düşünüb Bakıda olan baba mülklərinə rus dövlətinin qanunu mövcibincə şəri varis və ürfi varis olduğunu sübuta yetirib, öz qəsb olunmuş hüququnu geri əldə etmişdir”.

Təbiətən çox zabitəli qadın olan Əzəmət xanım oğlu Səidin  təlim-tərbiyəsi ilə çox ciddi məşğul olmuşdur. İlk mədrəsə təhsili alan Səlmasi fitri qabiliyyəti və ciddi mütaliəsi sayəsində, Azərbaycan dilindən başqa, fars, türk, ərəb, sonralar fransız və rus dillərini də yaxşı öyrənmiş, ictimai elmlərə, xüsusən tarix və ədəbiyyata maraq göstərmişdi”.

Təxminən 1906-cı ilin sonları, 1907-ci ilin əvvəlləri Bakıya gələn Səid Səlmasinin burada Seyid Hüseyn, Əliqulu Qəmküsar, Məhəmməd Hadi, Əli Paşa Hüseynzadə ilə münasibətdə olması onu ədəbiyyata, mətbuata, şeirə meylləndirir. Düşdüyü bu mühit onun dünyagörüşünə çox böyük təsir edir. Onda vətənpərvərlik, azadlıq duyğuları baş qaldırır. İlk olaraq "Füyuzat” jurnalı ilə əməkdaşlıq etməyə başlayan S.Səlmasi vaxtının çoxunu Orucov qardaşlarının mətbəəsində kecirir. Daha çox tərəqqiyə meylli olan S.Səlmasi  Avropa və Asiyanın bir sıra ölkələrinə səyahətə çıxır. Macarıstanda, Fransada, dəfələrlə Türkiyədə olur.
 
S.Səlmasinin səyahətləri haqqında tədqiqatçı alim Məmmədəli Müsəddiq yazırdı: "Avropanın iqtisadi, elmi-texniki və mədəni inkişafını görmək, o qitədə yaşayan xalqların həyat tərzi ilə, xüsusilə xalqların azadlıq hərəkatı və mütərəqqi fikir inkişafı ilə tanış olmaq Səidin ictimai və siyasi məlumatını artırmış, onun dünyagörüşünün təkmilləşməsinə kömək etmişdir. Səid Parisdə olarkən Fransanın məktəblərini və Fransa maarif məsələlərini öyrənmişdir”.
 
Evini və mətbəəsini qarət etdilər
 
Odur ki, vətəninə qayıdan kimi ilk olaraq "Səidiyyə” adlı müasir tipli məktəb açmış və bütün xərcləri öz üzərinə götürmüşdür. Elə məktəblə yanaşı " Üsküdar” adlı yeni tipli kitabxananın da təşkilinə nail olmuşdur. Bütün varlığı ilə xalqının savadlanmasına, azad olmasını çalışan S.Səlmasi Avropadan qayıdarkən öz vəsaiti ilə müasir tipli mətbəə avadanlıqları da alıb gətirmiş, Təbrizdə Məcidiyyə xiyabanında "Ümidi-tərəqqi” adlı mətbəə təşkil etmişdir. Bu, İranda yığma üsulu ilə fəaliyyət göstərən ilk mətbəə idi. Avropada mətbuatın gücünü görən S.Səlmasi tezliklə Təbrizdə, Xoyda, Səlmasda, Urmiyada bir necə qəzetin nəşrə başlamasında yaxından iştirak edərək, "Şəfəq”, "Fəryad”, "Şurayi-İran” qəzetlərinin həm təşkilatçısı, həm də ən fəal yazarı olur. Görkəmli tədqiqatçı Qulam Məmmədlinin yazdığına görə, o, "Şurayi-İran” qəzetinin nəşri ilə mətbuat aləmində ad qazanmışdır. Azadlıq və tərəqqiyə qənim kəsilən bədxahlar ilk olaraq Səlmasinin evini və mətbəəsini qarət etdilər. Sonra məktəbi, kitabxananı dağıtdılar. Məşrutə hərəkatının ən fəal döyüşçüsü olan Səid Səlmasi 1909-cu ilin fevral ayının 24-də Səidabad müharibəsində şəhid olub.
 
Cəmi 22 bahar yaşamış bir tərəqqipərvər, vətənpərvər gənc özü dediyi kimi "bir parça çörək yox, xalqının istiqlalı və istiqbalı yolunda” uf demədən canını fəda etdi. Dahi Əli bəy Hüseynzadə demişkən: "Mənim hədəfi-eşqim Vətən idi. O məşuqə isə məni tari-cəfasına hədəf etdi”.
 
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9326
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1384
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7192
KWD 1 1 Küveyt dinarı 5.5886
TRY 1 1 Türkiyə lirəsi 0.3191