• şənbə, 20 Aprel, 07:20
  • Baku Bakı 14°C

“İstəyirəm ki, durum gedim cəbhə xəttinə”

17.07.20 09:45 1541
“İstəyirəm ki, durum gedim cəbhə xəttinə”
Mədəniyyət xadimləri "dövlətimizin bütövlüyü naminə birləşməliyik” deyirlər
Cəbhə xəttində yaşananlar, generalımızın, zabit və əsgərlərimizin şəhid olması hər kəsi səfərbər edib. Gündəmi zəbt edən mövzu ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilir, vətəndaş mövqeyi sərgilənir. Sənət adamları da məsələ ilə bağlı fikirlərini "Kaspi” ilə bölüşdülər. Onlar , şəhidlərimizin and yerimiz, qürur mənbəyimiz olduğunu vurğuladılar.
"Göz yaşlarıma hakim ola bilmirdim ”
Xalq artisti Gülyanaq Məmmədova ölkədə yaranan vəziyyətdən narahatlığını bildirdi: "Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Vətən uğrunda dünyasını dəyişən generalımıza, polkovnikimizə, əsgərlərimizə görə çox məyusuq. Cəbhədə baş verən xəbərləri efirdən dinləyir, özümə hakim ola, saytlarda yazılan xəbərləri oxuyub evdə otura bilmirəm. Hərdən saytlarda, sosial şəbəkələrdə yayılan dezinformasiya tipli xəbərləri oxuyanda əsəbiləşirəm. Ona görə də, bacardığım qədər dövlət televiziyasına baxır, onların verdiyi xəbərlərə daha çox inanıram. Sosial şəbəkələrdə yanlış məlumatlar daha çox olur. Dəstək mitinqində baş verən o təxribatçı hadisə məni çox sarsıtdı. İnsanlar vətən deyib, torpaq üçün bir araya toplaşıb. Bu, çox gözəl haldır, ancaq onları başqa istiqamətə yönəltmək, Milli Məclisə doğru yürümək heç yaxşı olmadı. Axı biz bu deyilik. Yəqin ki, təxribat törədənlər tapılıb cəzalandırılacaq. Ölkədə baş verən hər bir hadisə bir vətəndaş olaraq hamımızı narahat edir. Bir yandan pandemiya, digər yandan bu hadisələrin yaşanması vətənini, torpağını sevənlərə, təbii ki, təsirsiz ötüşməz. Mən bu aralar hərtərəfli stress keçirdim. Tovuzda baş verənləri öyrənəndə çəkilişdə idim. O an göz yaşlarıma hakim ola bilmirdim. Çünki canından keçən oğullar da bir ananın övladı, bir ailənin başçısı, bir bacının qardaşıdır. İndi bu hadisələrdən sonra biz ifaçılarda oxumağa həvəs qalmayıb. Düzdür, həvəsdən düşməmək lazımdır. Ancaq insanları da qınamıram. 30 ildir ki, vətən, torpaq deyib, dözürlər, səbirləri tükənib. Bu gün ali baş komandanımızın əmrinə tabe olmalıyıq. Səbirlə, düşünərək addım atmaq zamanıdır. Yoxsa vətən, torpaq deyib, insanları təxribata çəkmək xəyanətdir. Divardan nə istəyirsən, kreslonu aşırmaqla nə demək olar? Bu düşüncəsizlik deyilmi? Şəhidlərin xatirəsini əziz tutub onların ziyarətinə getdiyin halda, bu nə düşüncəsizlikdir? Siz insanlarımızın mərdliyinə baxın ki, belə bir xəstəliklə mübarizə apardığımız halda, bir araya toplaşıblar. Bir olduqlarını, vətən üçün ayağa qalxdıqlarını göstəriblər. Xalqımız bir daha göstərdi ki, torpaqlarımızın azad olmasını istəyir”.
Bir müddətdir stress yaşadığını deyən Xalq artisti koronavirusdan dünyasını dəyişən vətəndaşlarımız üçün də üzüldüyünü bildirdi: "O qədər həssas biri olmuşam ki, toxunsanız ağlayaram. Pandemiyanın bu qədər yayılması, qohumlarımızın, tanışlarımızın, doğmalarımızın bu virusa yoluxması, tanıdığımız insanların dünyasını dəyişməsi insana təsirsiz ötüşmür. Xalq artistimiz Nəzakət Teymurovanın koronavirusa yoluxduğunu eşidəndə çox məyus oldum. Ağır stress yaşadım, belə xəbərlər eşidəndə əsirəm. Allah xalqımızı, dövlətimizi qorusun”.
"5 gündür özümə yer tapa bilmirəm”
Xalq artisti Faiq Sücəddinov da son günlər çox həyəcan keçirdiyini vurğuladı: " Gözüm xəbərlərdədir. Hər gün ürək ağrısı ilə cəbhə xəttində baş verən xəbərləri izləyirəm. Bu, müharibədir, müharibədə şəhidin olması qaçılmazdır. Erməni əzəldən bizim, türk dünyasının düşməni olub. Təbii ki, onların belini qırmaq lazımdır ki, bir də bizim torpaqlarımıza soxulmasınlar, bu kimi hadisələr təkrarlanmasın. Tovuzda atışma olub, şəhidlərimiz var. Ancaq bu nə ilk, nə də son deyil. Tovuza qədər də ermənilər bizim cəbhəyanı ərazilərimizdə yaşayan dinc əhaliyə ziyan vurur, onlara silah tuşlayırdılar. Bu gün Tovuzu hədəf seçiblər”.
F.Sücəddinov şəhidlərimizin bizim and yerimiz olduğunu vurğuladı: "Şəhidlərimizə Allah rəhmət etsin. Yaralılara Allahdan şəfa diləyirəm. Başımız uca olsun. Şəhidlərimizin ailələrinə başsağlığımı bildirirəm. 5 gündür özümə yer tapa bilmirəm. İstəyirəm ki, durum gedim cəbhə xəttinə. Tək mən deyil, hamımız bu vəziyyətdəyik. Müharibə bizi birləşdirir. Hamımız azərbaycanlıyıq. Bilirik ki, nə olur necə olur? Dünən Rusiyanın Azərbaycandakı səfiri Polada Bülbüloğlu çıxışında gözəl bir söz dedi: "Təsəvvür edin ki, evini qonşuna 3 ay yaşaması üçün verirsən ki, gəl yaşa. 3 aydan sonra gəlib sənə deyir ki, bura mənim evimdir. Ermənilər də belə çirkin istəyə qapılıblar. Qarabağda müharibə gedir, Tovuzda yaşananlar orda baş versəydi, başa düşərdim ki, müharibə bölgəsidir”. Onun sözünü kəsməyə çalışsalar da, o, fikrini tamamladı. Ruslara izah etdi ki, bizim yolumuz haqq yoludur. Biz öz torpaqlarımızı qoruyuruq”.
"29 ildir ki, valideynlərimin qəbrini ziyarət edə bilmirəm”
Əməkdar artist Azad Şükürov cəbhə xəttində ordumuzun göstərdiyi şücaətdən danışdı. O, paytaxtda baş verən yürüşdə bəzi insanların təxribat törətmələrini də pislədi: "Bu, nanəciblikdir, arxadan zərbə deməkdir. Müharibəyə gəldikdə isə biz erməni ilə barışmamışıq. O müharibə bu və ya başqa şəkildə istənilən zaman onsuz da gerçəkləşəcək. Biz daim döyüşə hazır olmalıyıq. Ölkə başçımız da bunu deyir. Ordu ilə bağlı həyata keçirilən işləri açıb deməli deyil ki... Tovuzda baş verən hadisələr bir müddətdə davam edəcək. Düşmən bizi yoxlayır, dişinə vurur ki, öyrənsin, bizdə vəziyyət nə yerdədir. Ordumuzun bu hadisələrdə bu cür hərəkəti ölkə başçımızın bu cür təmkinlə cavab verməyi xırda bir şey deyil. Onlar, təbii ki, bizim gücümüzü gördükdən sonra özlərini yığışdıracaqlar. Dünya görəcək ki, vəziyyət necədir. Ermənistanın mütəffiqi olan dövlətlər belə bu məsəldə ona tərəf durmadı. Belə günlərdə bir yerə yığışmalı, çəkici bir yerə vurmalıyıq. Ölkə başçının ətrafında cəmləşməliyik. 29 ildir ki, valideynlərimin qəbrini ziyarət edə bilmirəm. Neynirəm rahatlığı, gözəl imarətləri? Olsun, hamı istəyir ki, rahatlığı yerində olsun. Amma mən atamın, anamın qəbrini ziyarət edə bilmirəmsə, hansı mənəviyyatdan söhbət gedir? İnsanlar mənəvi əziyyət çəkirlər. Evlərindən, yurdlarından, nəsillərindən uzaq düşürlər. Heç vaxt bunu unutmaq, arxa plana qoymaq olmaz. Azərbaycanın belə bir məqamında ölkənin qanunverici binasının şüşələrini sındırmaq olar? Bu, düşmənçilik, vicdansızlıq, biqeyrətlikdir. Mən cəbhədə şəhid verirəm, erməni ilə üz-üzə gəlmişəm, sən mənə arxadan zərbə vurursan? Mən orda düşmən bombasına cavab verirəm, sən Milli Məclisin şüşəsini sındırırsan, polislərimizin avtomobilini dağıdırsan? Bu düzgün hərəkət deyil. Arxadan vurulan zərbədir. Bu insanlar kəskin surətdə cəzalandırılmalıdır ki, hər kəsə görk olsun. İnsanlar öz həmrəyliklərini bildirdiyi halda, onları təxribata çəkirsən. Nədir səni yandıran? Niyə cəbhədəki qələbələrimiz sizi göynədir?”.
A.Şükürov vətən üçün dünyasını dəyişən oğullarımızın, birmənalı olaraq bizim doğmalarımız olduğunu vurğuladı: "Heç kim deyə bilməz ki, onlar mənim şəhidim deyil. Biz bu cür məkrli düşmənlə üz-üzə qalmışıq. İndi hamımız birləşməli və bir bayraq altında hərəkət etməliyik. Dünyanın gözü hazırda bizdədir. Bir olsaq, düşmənin cavabını layiqincə verərik. Daha təxribata uymaq zamanı deyil. O təxribatçı hərəkətləri qınayıram. Lazım gələrsə, səfərbərlik idarəsinin xətti ilə səfərbər olmalı, düşmənə qarşı bir olmalıyıq. Ölkə başçısı da bilməlidir ki, bütün xalq onun arxasında dayanıb, o da ürəklə hərəkət etməlidir . Bizim dövlətimiz də, millətimiz də, elə ordumuz da 90-cı illərdəki deyil”.
"Elə çətin, ağrılı bir vəziyyətdir ki...”
Əməkdar artist Dilarə Əliyeva "torpaq, uğurunda ölən varsa, vətəndir” deyərək yaşananlara münasibət bildirdi: "Bizim əsgərlərimiz şəhidlik zirvəsinə yüksəlib, böyük bir amal uğrunda canlarından keçiblər. Onların sinələrini sipər etməsi hər nə qədər qürurverici olsa da, ölümləri bağrımızı dəlir. Biz şəhidlərimizlə fəxr edirik. Elə çətin, ağrılı bir vəziyyətdir ki, onu heç bir sözə sığışdıra bilmirəm. Söz özü acizdir bu yaşananların qarşısında. Onların hər birinin ağrı-acısını öz ağrı-acımız kimi qəbul edirik. Hər zaman igidlərimizin ailələrinin yanındayıq. Onlara arxa-dayağıq. Keçirdiyim hissləri, duyğuları cümləyə sığışdırmaq mənə çox çətindir”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər